Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Qəhrəman Goranboyun Qəhrəman Qızılhacılı kəndinin İgidlərindən, Qəhrəmanlarından, İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elşən Rövşən oğlu Kərimovun yubiley doğum günüdür.
Bu gün Nur üzlü Şəhidimizin 20 yaşı tamam olur…
Bu, həm də Elşənin Cənnətdəki-Cənnətindəki ilk doğum günüdür…
İlk dəfədir ki, doğum günü onsuz qeyd olunacaq, qeyd olunur…
Qeyd edim ki, sadə bir ailənin övladı olan Elşən 2001-ci ilin 26 iyun tarixində, AZərbaycan xalqı üçün çox əlamətdar, çox tarixi bir gündə, Milli Ordu-Silahlı Qüvvələr günündə anadan olub…
Şəhidimiz ailənin tək oğlan övladı, 7 bacının tək qardaşı olub həm də…
Həmişə tərbiyəsi, yüksək mədəniyyəti, böyük-kiçik yeri bilməyi, sadəliyi ilə seçilib, fərqlənib…Kimsənin qəlbinə toxunmayıb, kimsəni incitməyib…Hər kəsin hörmətini, rəğbətini qazanıb…
Elşən orta məktəbi bitirdikdən bir müddət sonra hərbi xidmətə yollanıb…
İkinci Vətən Müharibəsi başlanan gündən də Əsgər kimi döyüşlərdə olub…
Füzuli istiqamətində döyüşlərdə vuruşub, igidliklər göstərib və ağır, qanlı döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə ucalıb…
Nəşi 2020-ci ilin oktyabr ayının 16-sında doğulub boya-başa çatdığı Qızılhacılı qəsəbəsinin qəbiristanlığında, Şəhidlər Xiyabanında dəfn olunub…
Elşən ölümündən sonra İgidliyinə, Qəhrəmanlığına görə, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…
İki gün öncə, 24 iyun tarixində isə Ali Baş Komandanın növbəti Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” medalına layiq görülüb…
Haqqıdır, Haqq etdiyini də qanı, canı bahasına, Vətən yolunda canını fəda etməklə qazanıb, əldə edib…
Cənnətdəki-Cənnətindəki ilk doğum günün mübarək olsun, Şəhidim!
Nur içində yat, məkanın cənnətlik, məzarın behiştlik olsun!
Allah ailənə, anana, atana, 7 bacına səbr versin!
Daim qəlbimizdəsən, daim mənən, ruhən bizimləsən!
Ruhun qarşısında baş əyirəm, Nur üzlü, 19 yaşında Şəhid olan Elşənim!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az