8 medallı keçmiş Xüsusi Təyinatlı, əlillik, Qazilik Haqqı tapdalanan Pərvin Hüseynov yendən ölkə rəhbərliyinə müraciət etdi: “ƏLİLLİK VƏ ORDEN HAQQIMIN TANINMASINA KÖMƏKLİK GÖSTƏRMƏYİNİZİ İSTƏYİRƏM”

Əslən Bərdə rayonunun Muğanlı kəndindən olan və hazırda Bakı şəhərinin Binəqədi rayonunda yaşayan keçmiş Xüsusi Təyinatlı Pərvin Möhübbət oğlu Hüseynov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respubıikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehariban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, Baş nazir Əli Əsədova, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruca və millət vəkili Fatma Yıldırıma müraciət ünvanlayıb.

Etikxeber.az-a daxil olan müraciətdə deyilir:

“Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Yazıb Sizlərə bildirmək istəyirəm ki, mən-Pərvin Möhübbət oğlu Hüseynov 1995-ci ilin iyun ayının 15-də Bərdə rayonunun Muğanlı kəndində anadan olmuşam. Ailənin dörd oğlan və iki hərbçi övladından biriyəm. Bu yerdə qeyd edim ki, bu, son bir neçə ay ərzində Sizlərə ünvanladığım üçüncü müracətimdir. Çox təəssüflər olsun ki, əvvəlki müraciətlərim demək olar cavabsız qalıb, müraciətlərimdə qaldırdığım məsələlərdən, problemlərdən heç biri həllini tapmayıb. Sadəcə, bəzi qurumlar tərəfindən başdansovdu, sayğısız cavablar verilməklə kifayətlənilib. Ona görə yenidən-üçüncü dəfə müraciət etmək qərarına gəldim və inanmaq istəyirəm ki, bu dəfə müraciətim birbaşa ünvanına-Sizlərə çatdırılacaq və qaldırdığım məsələlər öz həllini tapacaq.

Bir daha və təkrar olaraq qeyd etmək istəyirəm ki, 2013-cü ilin 4 iyul tarixində həqiqi hərbi xidmətə yollanmışam. Əvvəlcə Bakı şəhərinin Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə qulluq etmişəm, sonra isə Beyləqan istiqamətində yerləşən “N” saylı hərbi hissədə Əsgərliyimi davam etdirmişəm. Əsgərliyimin bir ilinin tamamında-2014-cü ilin yayında Xüsusi Təyinatlı Qüvvələrin kursuna daxil olmuşam və 6 aylıq kursu bitirdikdən sonra, 2014-cü ilin sonlarından Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində fəaliyyətə-xidmətə başlamışam.

Xüsusi Təyitanlı Qüvvələrin “N” saylı hərbi hissəsində Kiçik gizir kimi xidmətə başladıqdan az sonra, yəni, 2016-cı ilin tarixi uğurlu Aprel döyüşlərinə kimi iki dəfə döyüş tapşırığında iştirak etmişəm. Aprel döyüşlərində Vətənin keşiyində dayanmışam, döyüşlərdə iştirak etmişəm. Həmçinin, ABŞ Xüsusi Təyinatlıları ilə bir yerdə 6 həftəlik kurs keçmişəm. 44 günlük İkinci Vətən Müharibəsində isə Xüsusi Təyinatlı Qüvvələrin Giziri kimi iştirak etmişəm. Füzulidən Şuşayacan döyüşlərdə olmuşam. Şuşada qanlı döyüşlər zamanı yaralanmışam. Yaralanmağıma baxmayaraq, döyüşü davam etdirmişəm, müharibə bitənə, tarixi Qələbə və Zəfərimizə kimi döyüşlərdə olmuşam.

İkinci Vətən Müharibəsindən az sonra isə Kəlbəcər rayonunun təhvil-təslimində iştirak etmişəm. Müharibə zamanı yaralanmağıma rəğmən Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyətimi davam etdirmişəm. 2022-ci ildə qardaş və dost Türkiyədə iki dəfə-Türkiyə Özəl Kuvvetleri ilə dörd həftəlik bir kursda, iki aylıq isə bir kursda olmuşam, sularda əməliyyat kursunu keçmişəm. Bununla yanaşı, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, “Qisas” əməliyyatında iştirak etmişəm, yaralanmışam, qapalı (ağır) kəllə-beyin travması almışam.

Yaralanmağıma baxmayaraq, yenə Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyətimi davam etdirmişəm. Eyni zamanda, səhhətimin pisləşməsi ilə bağlı 2023-cü ilin yanvarından əvvəlcə Hərbi hospitalda, sonra isə müxtəlif xəstəxanalarda müalicə almışam, müayinələrdən keçmişəm. 2023-cü ilin sentyabr ayının 14-dən isə Ordudan təxris olunmuşam. Ordudan təxris olunduqdan sonra da Bakı şəhərində müalicə və müayinələrimi davam etdirmişəm. Hələ də səhhətimdə problemlər davam etməkdədir.

Ancaq çox təəssüflər olsun ki, bugünlərdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən heç bir əsası olmadan əlillik Haqqım tanınmayıb, əlilik Haqqından məhrum edilmişəm. Günlərlə, həftələrlə, aylarla, az qala 2 ilə yaxın müddətdə aldığım ağır müalicə və müayinələr bilə-bilə görməzdən gəlinib, çox ədalətsiz, çox insafsız şəkildə mənə əlillik dərəcəsinin verilməsindən imtina olunub.

Vallah, bu qədər də olmaz, insan həyatına, ömrünün 10 ilini hərb sənətinə, Xüsusi Təyinatlı Qüvvələrə, Vətənin keşiyinə həsr etmiş, ölümlərdən dönmüş bir Vətən sevdalısına bu qədər də sayğısız, ədalətsiz, vicdansız münasibət göstərilməz. Vallah, yorulmuşam, bezmişəm…İyrənmişəm hər şeydən…

Çox hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız!

Dəyərlimiz və əzizimiz Mehriban xanım!

Sizlərə müraciət etməklə, bir daha üzləşdiyim problemləri nəzərinizə çatdırmaq istəyirəm. İlk öncə əlillik Haqqımın tanınmasında mənə dəstək və köməklik göstərməyinizi, səlahiyyətləriniz daxilində müvafiq qurum və səlahiyyət sahiblərinə göstəriş və tapşırıqlar verməyinizi hər ikinizdən xahiş edirəm. Eyni zamanda, əlillik Haqqımın tanınmamasında və tapdalanmasında əli, günahı olanların cəzalandırılması üçün ölkənin hüquq-mühafizə orqanlarına göstəriş və tapşırıqlar verməyinizi Sizlərdən rica edirəm.

Bu yerdə xatırladım ki, iki övlad, iki qız atasıyam. Nə özüm işləyirəm, nə də həyat yoldaşım işləyir. Heç biririmiz işləmirik. Yaxınların dəstəyi olmasa, yaşayışımız ağırdan da ağır, betərdən də betər olar. Ötən müddətdə də Allahın bir qulu belə bizimlə maraqlanmayıb. Sanki bizlər olmamışıq, bizlər yoxuq. Bunlar azmış kimi qanuni əlillik Haqqının tanınmaması da ailəmin, iki körpə qızım Haqqının tanınmaması, tapdalanması deməkdir. Bunu nə Yer, nə də Göy götürər. Ona görə Sizlərdən bir daha qanuni əlillik Haqqının tanınması məsələsində mənə dəstək olmağınızı, köməklik göstərməyinizi istəyir və rica edirəm.

Bununla yanaşı, banklara borcum var. Qeyd etdiyim kimi, səhhətimlə bağlı heç bir yerdə işləmirəm və keçdiyim yola uyğun, səhhətimə cavab verəcək işlə də təmin olunmamışam. Belə olanda, banklara olan borcumu necə ödəyim? Odur ki, banklara olan borcumun da bağışlanmasını, bağlanmasını, bu yöndə Mərkəzi Bank başda olmaqla, aidiyyatı qurumlara göstəriş və tapşırıqlar verməyinizi Sizlərdən xahiş və rica edirəm.

Həmçinin, dəfələrlə tanınmayan, tapdalanan ORDEN HAQQIMIN da tanınmasını istəyirəm. Dəfələrlə adım ordenə təqdim olunsa da, kimlərinsə şəxsi maraqları və oyunbazlığı üzündən Orden Haqqım tanınmayıb. Ancaq hesab edirəm ki, Orden də mənim Haqqımdır. Ordeni də tam və tam şəkildə Haqq edirəm. Odur ki, Orden Haqqımın da tanınmasına səlahiyyətləriniz daxilində köməklik göstərməyinizi Sizlərdən xahiş və rica edirəm.

Öncədən də Sizlərə minnətdarlığımı bildirirəm! Allah Sizləri qorusun!”

Etikxeber.az

Read Previous

“Ötən müddətdə bizimlə maraqlanan, kirayədə qaldığımız evin qapısını döyən olmayıb…”-AİLƏNİN DÖRD ÖVLADINDAN BİRİ, SUBAY, ƏSLƏN GƏNCƏLİ, CƏMİ 18 YAŞLI ANTİTERROR ŞƏHİDİ RAMAL ƏLƏKBƏROVUN ANASI LALƏ ƏLƏKBƏROVA… – FOTOLAR

Read Next

Türkiyədə bələdiyyə seçkiləri: CXP ÖNDƏ GEDİR – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir