“Rəşid döyüş yoldaşlarına deyib ki, 20 saatdan sonra Şəhid olacağam və…”-12 İLDİR KİRAYƏDƏ YAŞAYAN, ÖVLADLARINA HƏM ANALIQ, HƏM DƏ ATALIQ EDƏN ŞƏHİD ANASI TƏNZİLƏ HƏMİDOVA – ŞƏHİD AİLƏSİNİN CANI KİRAYƏDƏN QURTULACAQMI? – FOTOLAR

Bu gün, 9 iyun tarixində, cəmi saatlar öncə daha bir Şəhidimizin yaşadığı evə, ailəsinə baş çəkdim…

Daha bir Nur üzlümüzün, Vətən sevdalımızın ailəsini ziyarət etdim…

Vallah, ev də deyəndə ki…Əgər ona ev demək mümkündürsə…

Həm olduqca darısqal, şəraitsiz, həm də ki, kirayə…

Bəli, İkinci Vətən Müharibəsi İgidimiz, əslən Siyəzənli olan Rəşid Pərviz oğlu Həmidov hərbi xidmətinəcən, Şəhidliyinəcən bu evdə, kirayədə yaşayıb…

Tək bacısı ilə onlara-iki övladına həm analıq, həm atalıq edən, həm də onlar üçün minbir əzablara, zülmlərə qatlaşan anası ilə…

Buna, bu evə kimi, Bakıda-Nizami metrosu yaxınlığında, Yasamalda, elə Nərimanov rayonunda, məşhur “Montin” qəsəbəsində də yaşamadıqları kirayə ev qalmayıb…

2009-cu ildə məcburiyyət qarşısında Siyəzəndəki evlərini tərk edib, Bakıya pənah gətirən gündən o evdən-bu evə, o kirayədən-bu kirayəyə köçüblər…

Rəşid də, ondan 5 yaş kiçik olan bacısı Yeganə də təhsillərini demək olar ki, elə Bakıda alıblar…

Rəşid həm də Peşə liseyini bitirib, çox erkən yaşlarından, uşaqlığından işləməyə başlayıb, evi dolandırmaqda anasına kömək etməyə çalışıb…

Və…2019-cu ilin iyulunda, 20 yaşında həqiqi hərbi xidmətə yolanan Rəşid əvvəlcə Goranboy istiqamətindəki hərbi hissələrdən birində, sonra isə Tərtərdə hərbi xidmətini davam etdirib…

Sonuncu dəfə yaşadığı evdə-Nərimanov rayonu, “Montin” qəsəbəsi, Aşıq Qərib küçəsində yerləşən evdə əsgərliyinin 6 ayının tamamında, 10 günlük məzuniyyət günlərində, 2020-ci ilin yanvarında olub…

Anası ilə sonuncu görüşü isə 2020-ci ilin fevralında, xidmət etdiyi hərbi hissədə baş tutub…

Sonra koronavirus pandemiyası səbəbindən Rəşid anası və bacısı ilə görüşə bilməyib, onlarla ancaq telefon əlaqəsi yaradıb, arada da kömək üçün anasına pul göndərib…

İkinci Vətən Müharibəsi başlayan gündən də döyüşlərdə olub…

Döyüşüb, vuruşub, digər Vətən sevdalıları kimi, igidliklər, qəhrəmanlıqlar göstərib…

Və Murov istiqamətində ağır döyüşlərdən birində, oktyabrın 6-sından 7-sinə keçən gecə qəhrəmancasına həlak olub, Şəhidlik Məqamına yükəslib evin-ailənin tək oğlu…

Anası Tənzilə xanıma isə Rəşidin Şəhidliyi xəbəri işdə olarkən, 7-si günü səhər 11 radələrində verilib…

Şəhid anasının dediklərindən:

“Rəşid yaşı az olsa da, həyatda çox çətinliklər, çox zülmlər gördü…2009-cu ildə həyat yoldaşımdan ayrıldıqdan, Bakıya köçdükdən sonra mənə kömək etmək üçün uşaq yaşlarından işləməyə başladı…Çox qoçaq uşaq idi…Hər yerdə də özünə hörmət qazanırdı, qazanmışdı…2019-cu ildə hərbi xidmətə yollandı…6 ayının tamamında Bakıya, yaşadığımız bu evə gəldi…Və söhbətlərdən birində nədənsə “Mən-Şəhid olacağam”-dedi…Hansı ki, o vaxt müharibə söhbəti yox idi…Sanki Şəhidliyi ürəyinə damıbmış…Hətta Şəhid olmazdan əvvəl döyüş yoldaşlarına deyib ki, 20 saatdan sonra Şəhid olacağam…Döyüş yoldaşlarından biri soruşub ki, haradan bilirsən, niyə belə deyirsən…Cavab verib ki, ürəyimə damıb…Və bunun üstündən cəmi 13 saat keçəndən sonra ağır yaralanıb və 15 saatının tamamında da gözlərini yumub, 21 yaşında Şəhid olub balam (Gözləri dolur və araya bir anlıq sükut çökür)…Mənə də Şəhidliyi xəbəri işdə olarkən, oktyabrın 7-sində, səhər təxminən saat 11-də verildi…Sanki dünyam qaraldı, başıma uçdu…Qeydiyyatı Siyəzənə olduğu üçün Bakıda dəfninə icazə verilmədi, elə 7-sində də Siyəzəndə torpağa tapşırıldı…Hər həftə də qızımla gedib, məzarını ziyarət edib gəlirik…O, mənim tək Oğlum deyildi, həm də arxam, dayağım idi…O gedən gündən, son 8 ayda arxasız, dayaqsız qalmışam…Mənim üçün çox çətindir, çox…”.

Şəhid anası həmçinin, Aşıq Qərib küçəsindəki evdə 6 ildir yaşadıqlarını deyib və xatırladıb ki, ümumiyyətlə, Bakıya köçəndən, 2009-cu ildən bu yana bir çox ünvanlarda kirayədə yaşayıblar:

“Bu evdə də 6 ildir yaşayırıq…Rəşidi də elə bu evdən əsgərliyə yola saldım…6 aydan sonra məzuniyyətə buraxılanda da bu evdə, 10 gün bizimlə qaldı…Vallah, Rəşiddən sonra dünya gözümə görünmür…Dünya malında gözüm yoxdur…Bilirəm ki, gəlməyəcək, amma hələ də onun gələcəyini, yolunu gözləyirəm qızımla, bacısı ilə (Gözləri dolur)…Özüm üçün heç nə istəmirəm, özüm üçün yaşamıram…Sadəcə, Şəhidimin ruhunu incitməmək, eləcə də, 17 yaşlı qızım, Yeganəm üçün yaşayıram…İstəyirəm ki, heç olmasa, sağikən onun üçün bir ev qurum, mənzillə, evlə təmin olunum…Canımız, qızımın canı kirayədən qurtarsın…Hazırda da heç bir yerdə işləmirəm…Cəmi 250 manat müavinət alıram Şəhidimə görə…Onun da 150 manatını kirayəyə verirəm…Ona görə istəyirəm ki, evlə, mənzillə təmin olunum…Qızım da heç olmasa, bir gün görsün bu həyatda…Çox utancaq uşaqdır, qardaşından sonra da lap özünə qapanıb…Çünki Rəşid həm də onun arxa-dayağı idi…İnanmaq istəyirəm ki, vəziyyətimiz nəzərə alınacaq və evlə, mənzillə təmin olunacağıq”.

Şəhidimizin anası və bacısı ilə bir qədər də söhbətləşdikdən sonra onlardan çox üzüntülü, fikirli…halda ayrılıram…

Üstündən bir neçə saat keçir, amma hələ də o “ev”, Şəhid anasının əzablı, dərdli siması, Şəhid bacısının kədərli, nisgilli baxışları gözlərimin önündən getmir…

Sözlə ifadə ediləcək deyil…

Və…inanmaq və əmin olmaq istərdim ki, nəhayət, Şəhid ailəsinin-Şəhid anasının və Şəhid bacısının ağırdan ağır olan durumu nəzərə alınacaq və onların mənzil, ev problemi növbədənkənar şəkildə həll ediləcək…

Bununla həm Şəhidimizin ruhu sevindiriləcək, həmçinin, Şəhid anası ilə Şəhid bacısının az da olsa, üzü güldürələcək, sevindiriləcək…

İnanmaq istərdim, inanmaq istəyirəm!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

09.06.2021, Bakı, Nərimanov rayonu, “Montin” qəsəbəsi, Aşıq Qərib küçəsi

Etikxeber.az

Read Previous

Prezident Meliorasiya və Su Təsərrüfatı ASC-yə 910 min manat ayırdı-SƏRƏNCAM

Read Next

Evin tək oğlu..3 övlad atası…32 yaşında Şəhid olan Nofəl Nuriyevin torpağa tapşırılmasından-8 AY KEÇİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir