94 min ailənin şəraitinin yaxşılaşdırılmasına ehtiyac var-ƏLİ HƏSƏNOV

“Dünyada qlobal maliyyə böhranının getdikcə dərinləşməsi ilə müşayiət olunan son 13 ildə həyata keçirdiyiniz siyasi, iqtisadi idarəçilik modeli nəticəsində ölkəmizdə bütün sahələrdə uğurlar və yeniliklər əldə edilmiş, yaratdığınız təkmil Azərbaycan modeli dünyanın əksər ölkələri üçün nümunədir. Həmişə olduğu kimi, Azərbaycan xalqı, xüsusən məcburi köçkünlər sonuncu ümumxalq səsverməsində Prezidentlə xalq arasında dəyişməz, monolit olan birliyi bir daha dünyaya nümayiş etdirdilər. Ölkənin əsas sərvəti olan Azərbaycan xalqının inkişafına hesablanmış siyasətinizdən qaçqın və məcburi köçkünlər də faydalanırlar”.

Etikxeber.az xəbər verir ki, bunu baş nazirin müavini Əli Həsənov ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında deyib.

Onun sözlərinə görə, ölkə əhalisinin ən həssas və zərif hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə mərhum Heydər Əliyevin yanaşmasının davamı olaraq həyata keçirilən hərtərəfli dövlət siyasəti, müvafiq dövlət proqramlarının qəbulu və onların icrası nəticəsində 6,2 milyard manatdan çox vəsait sərf olunub. Ondan 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

O, deyib ki, Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub.

Şəhər və rayonlar tərəfindən bu məqsədlə ayrılmış yararsız ərazilər salınmış qəsəbələr hesabına tam abadlaşdırılıb, texniki infrastruktur yenilənib və bu ərazilər yaraşıqlı yerlərə çevrilib.

Yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 Olimpiya İdman Kompleksi tikilib. Görülən bütün bu işlərin və sərf olunan vəsaitin 90 faizi Sizin 13 illik Prezidentlik fəaliyyətiniz dövründə icra edilib.

Ə. Həsənov müqayisə üçün bildirib ki, məcburi köçkünlər üçün tikilən və Komitənin balansında olan 3,2 milyon kvadratmetr mənzil fondu Mingəçevir şəhərinin mənzil fondundan 2 dəfə çoxdur.

Baş nazirin müavini qeyd edib ki, dünyada maliyyə problemlərinin hökm sürdüyü bir zamanda Dünya Bankı ilə 78,5 milyon ABŞ dolları dəyərində, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, gəlir imkanlarının dəstəklənməsi komponentlərini özündə əks etdirən yeni Saziş imzalanıb:

“Bu ilin proqramına uyğun olaraq, Füzuli rayonunda 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb. Prezidentlik fəaliyyətiniz dövründə ölkəmizdəki çadır düşərgələri, dəmir yolu yük vaqonlarından ibarət qəsəbələr 2007-ci ildə ləğv olundu. Bu il isə ölkə üzrə mövcud olan 16 fin tipli qəsəbənin sonuncusunun ləğvi başa çatdırılacaq.

2016-cı il aprelin əvvəlində erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarında mülki əhali yaşayan məntəqələri atəşə tutması nəticəsində məcburi köçkünlərin zərər çəkmiş 260 evinin bərpası və şəxsi əmlaklarına dəyən ziyana görə dövlət büdcəsinin ehtiyat fondundan birinci mərhələdə 2,5 milyon manat vəsait ayrılıb. Tərtər rayonu üzrə 105 ailə, Ağdam rayonu üzrə 15 ailə olmaqla, cəmi 120 ailəyə maddi yardım ödənilib, ayrılan vəsait hesabına 182 evdə təmir-bərpa işləri başa çatdırılıb. İkinci mərhələyə qalan 78 ev cəbhə xəttinin 3-4 kilometrliyində olduğuna görə əksər hissəsi dağıdılıb və evlərin həmin ərazidə və ya başqa yerdə yenidən tikilməsi üçün 2,6 milyon manat əlavə vəsait tələb olunur.

Komitə tərəfindən məcburi köçkünlərə sosial müavinət və kommunal xidmət xərclərinə görə ödənişlərin təkmilləşdirilməsi, vahid elektron hökumət portalının yaradılması nəticəsində son 5 ildə, statusları saxlanılmaqla, bəzi məcburi köçkünlərə imtiyazların tətbiqi dayandırılıb. 2010-cu il ilə müqayisədə aylıq yemək xərci müavinəti alan məcburi köçkünlərin sayı 34 min nəfərədək azaldılıb.

Məcburi köçkünlərə ayrılan vəsaitin ödənişində yeni qaydaların və sosial ədalət prinsipinin tətbiq edilməsi məqsədilə təkliflər zərfi hazırlanaraq Baş nazirə təqdim edilib. Yaxın günlərdə məsələnin Baş nazirin yanında aidiyyəti nazirlik və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə müzakirəsi nəzərdə tutulur.

Yeni qaydalar 2017-ci il yanvar ayının əvvəlindən tətbiq ediləcək. Bunun üçün hüquqi sənəd – Nazirlər Kabinetinin qərarı qəbul ediləcək. Yemək xərci müavinəti ilə bağlı yeni qaydalar isə hazırlanaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib.

Kommunal xidmət xərclərinin məcburi köçkünlər tərəfindən ödənişini təmin etmək məqsədilə həmin vəsait yemək xərci üçün müavinətlə bağlı plastik karta əlavə edilməklə, nağd şəkildə məcburi köçkünlərin özlərinə veriləcək və bunun icrasına 2017-ci ilin yanvarında başlanılacaq.

Məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinətlərin istifadəsində yeni təkmilləşdirilmiş mexanizmin tətbiqi nəticəsində əldə olunan vəsaitin, sosial ədalət prinsipi təmin edilməklə, imkanı nisbətən zəif olan və ağır şəraitdə yaşayan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilməsi üçün, razılığınız olduğu təqdirdə, müvafiq tədbirlər görüləcək.

Bütün xərclər vahid plastik kartla ödəniləcəyi halda, aidiyyəti xidmət təşkilatları məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları yataqxana, pansionat, tikintisi yarımçıq qalmış binalar və s. obyektlərdə qısa müddətdə fərdi sayğaclaşma işlərini təmin etməlidirlər. Bu isə 94 min abonent deməkdir.

Son 13 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi, 200 min nəfəri isə müvəqqəti işlə təmin edilib. Bu da 2003-cü illə müqayisədə 2 dəfə çoxdur. Nəticədə məcburi köçkünlər arasında yoxsulluq həddi 74 faizdən 12 faizədək azalıb.

Məcburi köçkünlərin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı məqsədi ilə 11 min nəfər məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min nəfər məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib, 3600 yeni iş yeri yaradılıb.

Yeni salınmış bəzi qəsəbələrdə əkin və örüş sahələri ilə təmin olunmuş məcburi köçkünlər arasında müvafiq maarifləndirmə işləri aparılır ki, onlar dövlət təminatından, ələbaxımlıqdan uzaqlaşaraq özünütəminata keçsinlər”.

Ə. Həsənov sonra deyib ki, görülən işlərlə bərabər, respublika üzrə 94 min ailə və ya 375 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Bunlardan 172 min nəfəri Bakı şəhərində, 49 min nəfəri Sumqayıt şəhərində, 18 min nəfəri yerli sakinlərə məxsus mənzillərdə, 136 min nəfəri isə digər şəhər və rayonlarda müvəqqəti məskunlaşıb:

“Təkcə Bakı şəhərində istismar müddətini başa vurduğundan tam yararsız, qəza vəziyyətinə düşmüş 115 obyektdə 9 min ailə və ya 45 min nəfər məcburi köçkün müvəqqəti yaşayır. Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin obyektlərdə aparılmış müayinə və tərtib olunmuş arayışlarda təxirəsalınmaz tədbirlərin görülməsinin və orada yaşayan məcburi köçkünlərin köçürülməsinin zəruriliyi bildirilmişdir.

Məcburi köçkünlərin yerli sakinlərə məxsus mənzillərdə uzun illər müvəqqəti yaşaması nəticəsində son illərdə ev sahiblərinin yerli məhkəmələrə, hətta Avropa Məhkəməsinə müraciətləri artıb. Ədliyyə Nazirliyi ilə birlikdə bu məsələ üzrə müəyyən tədbirlər görülsə də, problem açıq olaraq qalır.

Möhtərəm Prezident, bu gün 550 milyon əhalisi olan Avropa 1 milyon miqrantın idarəçiliyində çıxılmaz vəziyyətə düşüb. Hər gün minlərlə miqranta qarşı qeyri-insani davranışın, onların hüquqlarının kobud şəkildə pozulmasının şahidi oluruq.

1990-cı illərin əvvəllərində ölkəmizin iqtisadi vəziyyətinin ağır olduğu, dövlət büdcəsində heç bir maliyyə imkanının olmadığı bir zamanda 7 milyon yerli əhali 1 milyon qaçqın və məcburi köçkünü qəbul etdi, 25 il ərzində dövlət qurumları və yerli əhali ilə onlar arasında heç bir xoşagəlməz hal baş vermədi.

Bunun əsas səbəbi bu problemin xalqımızın ümummilli lideri Heydər Əliyev və Sizin tərəfinizdən ölkənin bir nömrəli prioritet problem olmasının bəyan edilməsi, problemin vahid mərkəzdən əlaqələndirilməsi, müntəzəm olaraq diqqət mərkəzində saxlanması, bütün yerli və beynəlxalq tədbirlərdə bu haqda ictimaiyyətin müntəzəm məlumatlandırılması, beynəlxalq qanunvericiliyə uyğun milli hüquqi bazanın yaradılması, soydaşlarımızın sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması ilə sıx bağlıdır.

Heydər Əliyevin və şəxsən Sizin mütəmadi olaraq bu insanlara davamlı şəkildə göstərdiyiniz qayğı və diqqətinizin nəticəsi olaraq onlar arasında ictimai-siyasi sabitlik qorunub saxlanılıb və dəyişməz olaraq qalacaqdır.

Bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin dəfələrlə qeyd etdiyi kimi, BMT-nin Qaçqınların İşi üzrə sabiq ali komissarı və artıq BMT-nin baş katibi seçilmiş Antonio Quterreş ölkəmizə səfərləri və İcraiyyə Komitəsinin sessiyalarındakı çıxışları zamanı Azərbaycan Prezidentinin bu sahədə gördüyü işlərin və dövlətimizin təcrübəsinin dünyanın bir çox ölkələri üçün nümunə olduğunu dəfələrlə vurğulayıb.

Ermənistan tərəfinin problemə qeyri-konstruktiv yanaşması üzündən Ermənistan-Azərbaycan münaqişəsinin həllində tarixi haqsızlıqlar davam edir.

Lakin Heydər Əliyevin və Sizin bu sahədə gördüyünüz işlər öz bəhrəsini verir. Ermənistanın daxilində istər hərbi sahədə, istərsə də cəmiyyətdə parçalanma baş verir. Erməni xalqı, dünya erməniləri, beynəlxalq erməni diasporu arasında Sarkisyan rejiminə nifrət şiddətlənib. Bişkek görüşündə onun əsassız və mənasız çıxışına Sizin tutarlı və obyektiv cavabınızdan sonra ona olan nifrət daha da artıb.

Heç bir şübhə yoxdur ki, davamlı səyləriniz nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək, işğaldan azad olunacaq ərazilərdə həyat tamamilə yenidən qurulacaq, soydaşlarımız öz ata-baba yurdlarına qayıdaraq yenidən doğma torpaqlarında yaşayacaqlar”.

Etikxeber.az

.

Read Previous

“Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsi keçiriləcək

Read Next

5 milyon 373 min nəfər səhiyyə müəssisələrində tam müayinə olunub – Səhiyyə naziri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir