“ABŞ-ın Azərbaycan ilə iqtisadi münasibətlərinin, enerji layihələrinin önə çəkilərək yüksək səviyyədə qiymətləndirilməsi çox vacib bir məsələdir ki…”-MM-İN KOMİTƏ SƏDRİ

Prezident Donald Tramp Prezident İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə ünvanladığı təbrik məktubunda Birləşmiş Ştatların Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəklədiyini, iki ölkənin beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq etdiyini vurğulayıb.

Etikxeber.az-ın xəbərinə görə, ABŞ Prezidentinin məktubunu şərh edən Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Azərbaycan-Amerika münasibətlərinin həmişə yüksək səviyyədə olduğunu bildirib.

S. Seyidov sonra deyib:

“Bildiyiniz kimi, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri Amerika Birləşmiş Ştatlarıdır. Bu səbəbdən də Donald Trampın 28 May – Respublika Günü münasibətilə Azərbaycan Prezidentini ilk təbrik edən dövlət başçılarından olması heç də təsadüfi deyil. Məktubda yer alan üç əsas fikri xüsusi qeyd etmək istərdim. Birincisi, ABŞ-ın Azərbaycanın suverenliyini və müstəqilliyini tanıyaraq güclü şəkildə dəstəkləməsi fikridir. Bu, bir daha dünyanın aparıcı ölkəsi olan ABŞ tərəfindən Azərbaycanın ərazi bütövlüyünə, onun beynəlxalq qanun tərəfindən tanınmış sərhədlərinə göstərilən yüksək səviyyəli bir hörmətdir. Bu, Dağlıq Qarabağ bölgəsinin və 7 ətraf rayonunun erməni işğalı altında olan, 1 milyona yaxın qaçqın və məcburi köçkününün olduğu Azərbaycan üçün çox vacib məqamdır.

İkincisi, Amerika Birləşmiş Ştatlarının Azərbaycan ilə iqtisadi münasibətlərinin, enerji layihələrinin xüsusilə önə çəkilərək yüksək səviyyədə qiymətləndirilməsi çox vacib bir məsələdir. Bu sahələrdə Azərbaycan ilə 30 ildən çox əməkdaşlıq edən ABŞ-ın ölkəmizin Avropa və dünya üçün enerji sahəsində gördüyü işləri yüksək səviyyədə qiymətləndirməsi özü-özlüyündə böyük əhəmiyyət kəsb edir. Burada xüsusilə bir məqama da diqqət yetirmək lazımdır ki, bu müddət ərzində həmin layihələrdən istifadə edərək, Azərbaycan xalqının rifahı naminə görülən bütün işlər Amerika tərəfindən həm təsdiqlənir, həm də bəyənilir. Azərbaycan Respublikasının apardığı daxili və xarici siyasət dünyanın ən böyük ölkəsi tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır. Azərbaycanın bu çətin pandemiya dövründə insanlara yardım istiqamətində gördüyü işlər də qeyd olunmuşdur”.

S. Seyidov daha sonra qeyd edib:

“Nəhayət, üçüncü məsələ, ABŞ Minsk qrupunun həmsədridir və həmsədr kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində maraqlıdır. Məktubda bu danışıqların məhz Minsk qrupu formatında aparılması, bu istiqamətdə səylərin göstərilməsi bizim üçün çox əhəmiyyətli və vacibdir. Ümumiyyətlə, qeyd etməliyəm ki, son zamanlar Azərbaycanın milli maraqlarını əks etdirən məsələlər, yəni, ərazi bütövlüyünün dəstəklənməsi, danışıqların mövcud formatda aparılması, beynəlxalq qanunun regionumuzda bərpası dünyanın aparıcı gücləri tərəfindən öz təsdiqini tapır. Bir neçə gün əvvəl Avropa İttifaqının qərarı, bu günlərdə ABŞ prezidentinin məktubu buna əyani sübutdur” (AZƏRTAC).

Etikxeber.az

Read Previous

Daha 101 yoluxma-DAHA BİR ÖLÜM…

Read Next

“Seçicilərlə müntəzəm əlaqə saxlamalı, onların qayğı və problemlərini öyrənməli, dairənin ərazisində deputata bir növ bələdçilik etməyi bacarmalısınız”-SPİKER – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir