“Açığı hələ də böyük əksəriyyətinizin əmək haqqına, iş şəraitinizə digər peşə sahiblərinin çoxu davam gətirə bilməz…”-MİLLƏT VƏKİLİ BİR ZAMANLAR ÖZÜNÜN DƏ JURNALİSTİKA İLƏ MƏŞĞUL OLDUĞUNU XATIRLATDI

Tovuz hadisələri bir daha göstərdi ki, dar gündə ölkədə iki peşə sahibi düşmənlə bilavasitə mübarizəyə atıldı, hərbçilər və JURNALİSTLƏR!

Milli Məclis binasına basqın təxribatı zamanı xainlərlə iki təbəqə üz-üzə qaldı, polislər və JURNALİSTLƏR!

COVİD-19 bəlası ilə mübarizədə 3 peşədən olan insanlar gözəgörünməz düşmənə qarşı ön sırada mövqe tutdu – həkimlər, polislər və JURNALİSTLƏR!

Mən yalnız son 1 aya nəzər yetirdim, daha əvvələ qayıtsaq bu siyahını xeyli uzatmaq olar.

Bütün taleyüklü məsələlərdə JURNALİSTin adı mütləq var.

Əziz jurnalistlər, görünən odur ki, Siz bu cəmiyyətin qan damarı, dövlətin təməl dirəklərindən biri, dördüncü hakimiyyət, ictimai nəzarətçi, vətəndaş cəmiyyəti yolunda arbitrsiz.

Əlbəttə, beş barmağın beşi də bir deyil, aranızda şantajçısı da, korrupsioneri də, satılanı da, yaltağı da, qorxağı da, xaini də var, xaricdən maliyyələşib öz dövlətinə qarşı çirkin mübarizəni müstəqil jurnalistika hesab edəni də.

Bu sadalananlar mediamızın üzünün kiçicik bir cizgisi ola bilər, lakin əsla Azərbaycan jurnalistikasının bütöv siması deyil.

Bu ölkədə media mənsublarının əksəriyyəti BÖYÜK AZƏRBAYCANLIDIR! Ölkəmizdə media yolunu şərəfli edən də məhz budur.

Dəyərli dostlar, Mən də jurnalistika yolu keçmişəm, uzun illər bu sahə ilə peşəkar formada məşğul olmuşam, bu gün də jurnalistika ilə çox bağlıyam.

Ölkə mediasında kapitandan stajora qədər xeyli dostum, tanışım, keçmiş iş yoldaşlarım, keçmiş əməkdaşlarım və keçmiş rəhbərlərim var. Bu ölkədə jurnalist kimdir, jurnalist olmağın, jurnalist kimi yaşamağın, jurnalist maaşını qəpik-qəpik növbəti aya çatdırmağın çətinliyini 20 il öncədən yaxşı anlayıram.

Açığı hələ də böyük əksəriyyətinizin əmək haqqına, iş şəraitinizə digər peşə sahiblərinin çoxu davam gətirə bilməz. Bütün bunların fonunda, inanın, Sizin böyük əksəriyyətiniz həqiqətən qəhrəmanlarsız.

Qardaşlar və bacılar, Əlbəttə, bütün bu çətinliklər danılmaz faktdır, lakin digər bir faktor da var ki, Azərbaycanda mediaya dövlət qayğısı, dövlət dəstəyi var. Lakin ən önəmlisi odur ki, bu dəstəyin olması sizin müstəqilliyinizə, sözünüzün kəsərinə xələl gətirmir.

Etiraf edək, azad sözün boğulmasından danışanlar azad söz yazmağı bacarmayanlar, yaxud azad söz yazmağı istəməyənlərdir.

Azərbaycan nümunəsində güclü dövlət güclü media deməkdir.

Siz də gücünüzü, birliyinizi, həmrəyliyinizi bu dövlətdən əsirgəməyin! Biz birlikdə güclüyük!Günün mübarək Azərbaycan JURNALİSTİ!

145 yaşın uğurlu gəlsin Milli mətbuatım!

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Ermənistanın sərhəddə törətdiyi son təxribat zamanı biz bir daha bunun şahidi olduq…”-MİLLƏT VƏKİLİ MEDİA ƏHLİNİ TƏBRİK ETDİ

Read Next

Mehriban Əliyeva 22 iyul- Milli Mətbuat Günü münasibəti ilə-PAYLAŞIM ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir