Açıq məkanda reklam yerləşdirilməsi və ödəniş qaydaları dəyişdirilir

Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim olunmasına görə fiziki və hüquqi şəxslər cəzalandırılacaqlar.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin (MM)  noyabrın 17-də keçirilən plenar iclasında məlumat verilib.

Bildirilib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir. Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinə 461.1-1-ci maddə əlavə edilir. Əlavəyə əsasən, vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim olunmasına görə fiziki şəxslər 50 manat məbləğində, hüquqi şəxslər 100 manat məbləğində cərimə ediləcəklər. Bundan başqa, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Poçt haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” qanunlara təklif edilən dəyişikliklərə görə, Həyatın yığım sığortası və annuitet sığortası üzrə fəaliyyət göstərən sığortaçı, Mərkəzi depozitar, investisiya şirkətləri, Milli poçt operatoru, investisiya fondları, banklar, bank olmayan kredit təşkilatları da beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.

Layihələr səsə qoyularaq qəbul edilib.

“Avtomobil yolları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb.

Bu barədə isə iclasın gündəliyindəki növbəti məsələnin müzakirəsi zamanı   parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

O, deyib ki, qanun layihəsinin 19-1-ci maddəsinin birinci hissəsində “yerli və respublika əhəmiyyətli avtomobil yollarında” sözlərinin “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallarda” sözləri ilə əvəz edilməsi təklif olunur. Başqa sözlə, hazırda qüvvədə olan qanuna görə avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, yol təsərrüfatının inkişaf etdirilməsi, investisiyaların cəlb olunması, müasir standartlara cavab verən avtomobil yollarının tikilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizliyin təmin olunması məqsədi ilə yerli və respublika əhəmiyyətli avtomobil yollarında, həmçinin ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarında ödənişli avtomobil yolları yaradıla bilər. Qanuna dəyişikliklər təsdiq olunsa, hazırda qüvvədə olan qanuna görə avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, yol təsərrüfatının inkişaf etdirilməsi, investisiyaların cəlb olunması, müasir standartlara cavab verən avtomobil yollarının tikilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizliyin təmin olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallarda, həmçinin ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarında ödənişli avtomobil yolları yaradıla bilər.

Qeyd edək ki, “Avtomobil yolları haqqında” qanuna dəyişikliklər edilməsi barədə layihə ödənişli avtomobil yolları yaradıla bilən yolların dairəsini (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallar, ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yolları) dəqiqləşdirmək, habelə ödənişli yolların yaradılması ilə bağlı zəruri məsələləri tənzimləmək məqsədi ilə hazırlanıb. Ödənişli avtomobil yollarının yaradılması ilə bağlı digər hüquqi və təşkilati məsələlər (avtomagistraldan ödənişli yol kimi istifadə qaydası, hər bir nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləği, avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi barədə məlumatın forması, bu istifadənin dayandırılması və xitam verilməsi qaydası və halları) qanun qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Azərbaycanda açıq məkanda reklam yerləşdirilməsi və ödəniş qaydaları dəyişdirilir.

Bu barədə də Z. Səmədzadə məlumat verib. O, bunu “Reklam haqqında” qanuna dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib. Qanunun 26.2-2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə almaq üçün reklam yayıcısı reklam yerləşdiriləcək reklam daşıyıcısının sahibi və ya reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır; reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın istifadəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq məbləği həmin quruma ödəməlidir. Bundan başqa, qanuna aşağıdakı məzmunda 26.2-3-cü bənd əlavə edilir: “Reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir”.Həmçinin 26.8-ci maddəyə təklif olunan dəyişikliyə əsasən, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi çəkisi 2 kvadrat metrdən artıq olmayan lövhələr (yazılar) reklam daşıyıcıları və reklam hesab edilmir.Qanuna aşağıdakı məzmunda 35.3-cü bənd də əlavə olunur: “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı, həmin məbləğin müəyyən edilməsi qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısı ilə bağlanan bu qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş icazə müqaviləsində müəyyən edilir”.

Adıçəkilən qanun layihəsi də səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Qənirə Paşayevadan təklif…

Read Next

“Zakir Qaralov hesabat versin…” – QÜDRƏT HƏSƏNQULİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir