“Bu gün Ağdam şəhəri, eyni zamanda, Azərbaycanın Füzuli şəhəri “urbicide”nin bariz bir nümunələridir …”-HİKMƏT HACIYEV – DİPLOMATLAR BU DƏFƏ AĞDAM VƏ TƏRTƏRDƏ, “QARABAĞ” 27 İLDƏN SONRA AĞDAMDA SİMVOLİK FUTBOL OYNADI – FOTOLAR – YENİLƏNİB – (3)

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, diplomatik korpusun nümayəndələrini, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərini Tərtərə və yenicə işğaldan azad olunmuş Ağdama aparırıq.

Etikxeber.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Biz Tərtərdə Ermənistan tərəfindən edilən ağır bombardmanın nəticələrini görəcəyik. Ağdam dağıdılaraq “ruhlar şəhəri”nə və “şəhərə qarşı terror”un (urbicide) nümunəsinə çevrilib. “Qarabağ” futbol klubu da bizimlədir” – deyə, Prezidentin köməkçisi vurğulayıb.

10:15

***

Diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Tərtərdə səfərdədir.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov diplomatik korpusun nümayəndələrini məlumatlandırıb.

O, bildirib ki, ermənilər Tərtər rayonuna 16 mindən çox top və raket mərmisi atıb.

İcra başçısı qeyd edib ki, top və raket mərmiləri 4 000-dən çox evə düşüb, evlərin əksəriyyəti tamamilə dağılıb.

12:20

***

“Oktyabrın 29-da Ermənistan ordusu tərəfindən Tərtərə atılan “Smerç” raketi fərdi evdən götürülərək yerli muzeyə təhvil verilib”.

Bunu da Hikmət Hacıyev “Twitter”də bildirib.

“Tərtər rayonu Şıxarx qəsəbəsi. 44 günlük müharibədə Ermənistan məcburi köçkünlər üçün tikilmiş bu yaşayış məntəqəsini intensiv şəkildə fərq qoymadan atəşə məruz qoyub. Diplomatik korpusun nümayəndələri Ermənistanın amansız raket və artilleriya hücumlarının nəticələrinin şahidi oldular” – deyə, Prezidentin köməkçisi qeyd edib.

13:30

***

Diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri işğaldan azad olunmuş Ağdamda səfərdədir.

APA-nın yaydığı xəbərə görə, Hikmət Hacıyev bildirib ki, səfərin təşkilində məqsəd Ağdamda Ermənistan törədilmiş vəhşiliyi, vandalizmi beynəlxalq təşkilatların diqqətinə çatdırmaqdır.

“Bu səfərdə diplomatik korpusun nümayəndələri, Ağdamın “Qarabağ” futbol klubunun üzvləri iştirak edir. Qeyd edim ki, “Qarabağ” uzun illər məcburi köçkün klubu kimi fəaliyyət göstərib”, – deyə o vurğulayıb.

Prezidentin köməkçisi deyib ki, səfər zamanı həmçinin fransalı fotoqrafın sərgisinə baxış keçirilib:

“Fransalı fotoqraf 1992-ci ildə Xocalı soyqırımı zamanı burda olub, həmin illərdə o, Ağdam məscidinin qarşısında öz yaxınlarını axtaran insanların şəklini çəkib. Müqayisəli şəkildə biz o şəkilləri diplomatik korpusun diqqətinə çatdıracağıq. Futbol klubu həmçinin simvolik futbol oynayacaq”.

H. Hacıyev qeyd edib ki, uzun illər ermənilərin törətdiyi bu vəhşiliyi dünya ictimaiyyətinə çatdırmaq mümkün olmayıb:

“Artıq bu torpaqlar Azərbaycanın nəzarətindədir, onlar hər şeyi real olaraq öz gözləri ilə görürlər. Burada izah verməyə ehtiyac yoxdur. Çünki ermənilərin ağdamlılara qarşı törətdiyi etnik təmizləmə göz qabağındadır. Ağdamlılara qarşı törədilmiş etnik təmizləmə əgər beynəlxalq hüquqa əsasən genosid adlandırılırsa, şəhərə qarşı törədilmiş vəhşilik isə “urbicide” adlandırıla bilər. Bu, 1963-cü ildən bəri beynəlxalq münasibətlərdə şəhərlərə qarşı vəhşiliyi xarakterizə edən bir termindir. Bu gün Ağdam şəhəri, eyni zamanda Azərbaycanın Füzuli şəhəri “urbicide”nin bariz bir nümunələridir”. 

***

Qeyd edək ki, Ağdamın “Qarabağ” futbol klubu 27 ildən sonra doğma meydanda simvolik futbol matçı oynayıb.

Etikxeber.az

Read Previous

Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırıldı- İSTİSUDAN VİDEOGÖRÜNTÜLƏR YAYILDI – FOTO-VİDEO – YENİLƏNİB

Read Next

Füzulidə 4 mülki şəxs minaya düşərək həlak oldu-BAŞ PROKURORLUQ MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir