“Ağsaçlı oğlan…”, 69 +1 və ya 4 il öncə yazılan yazı – FOTOLAR

Bu gün Azərbaycan ictimai-siyasi həyatında özünəməxsus yeri və rolu olan tanınmış siyasətçi, millət vəkili, siyasi elmlər doktoru, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, 4 övlad atası, gözəl ailə başçısı Hadi Rəcəblinin növbəti doğum günüdür. Onun bu gün- 25 oktyabr tarixində 69 yaşı tamam olur və 7-ci onilliyinə qədəm qoyur.

Odur ki, bu əlamətdar gün münasibətilə Hadi müəllimi ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi, elmi və siyasi həyatında növbəti  uğurlar arzulayır və onun 65 illik yubliyeyində, yəni, 4 il öncə yazdığım-Modern.az saytında işıq üzü görən yazımı Etikxeber.az-da  dəyişiklik etmədən təkrar verməyi məqsədəuyğun sayırıq. Həmin yazını olduğu kimi, təqdim edirik:

-Hadi müəllimi, yalançıların sözü olmasın, tanıyanı hardasa 30 ilə yaxın olar. Onu hələ orta məktəb yaşlarımdan, yəni, keçmiş SSRİ dövründən, 1985-86-cı illərdən, Şəki rayon Partiya Komitəsinin birinci katibi işləyən vaxtlardan tanıyıram. Daha dəqiq desəm, onu həmin vaxtlar qiyabi şəkildə – mətbuatdakı və televiziyadakı ara-sıra çıxışlarından tanıyırdım. Hadi müəllimi daha çox da 1988-ci ildə Qarabağ hadisələri ilə eyni vaxtda baş qaldıran xalq- azadlıq hərəkatı fonunda Şəki rayonunda gedən aramsız mitinqlər zamanı azsaylı keçmiş birinci katiblərdən biri olaraq həmin hərəkata dəstək verdiyi, hətta, yerli mitinqçilərə qoşularaq onlarla birgə keçmiş SSRİ rəhbərliyinin Qarabağ məsələsində birmənalı anti-Azərbaycan mövqeyinə etiraz etdiyi vaxtlardan tanıyırdım. Ancaq onunla ilk şəxsi tanışlığım artıq Azərbaycanın müstəqilliyinin ilk illərinə-konkret desəm, 1996-cı ildə müstəqil Azərbaycanın ilk çağırış Milli Məclisinin üzvü və Sosial siyasət komitəsinin (daimi komissiya) sədri olduğu dövrə təsadüf edir. Hadi müəllimlə ilk görüşüm, birbaşa təmasım həmin ilin oktyabrında- onun parlamentin köhnə korpusundakı otağında olmuşdu və müsahibəmiz də çox çəkməmişdi, cəmi 10-15 dəqiqə çəkmişdi. Bu yerdə səmimi şəkildə etiraf edim ki, həmin vaxt, elə qiyabi şəkildə tanıdığım ilk dövrlərdə də, Hadi müəllim mənə bir qədər rəsmiyyətçi, bir qədər eqoist, özündənrazı insan təsir bağışlamışdı. Və eyni zamanda, bir çox iqtidar rəsmisi, məmuru, siyasətçi-parlamentarisi kimi, o da, belə demək mümkünsə, məni qane etməmişdi.

Hətta, yaxşı yadımdadır, ikinci çağırış parlamentin dövründə rəhbərlik etdiyi komitənin iclasından sərt repotaj hazırlamış və burada bir növ Hadi müəllimi əsas tənqidi hədəfi olaraq seçmişdim. Bəlkə də onun yerinə digərləri olsaydı, o zaman buna görə məni məhkəməyə verər, yaxud, ən azı əlindəki imkanlardan- səlahiyyətlərdən sui-istifadə edərək, akkreditasiyamı ləğv etdirə bilərdi-necə ki, zamanında müxtəlif həmkarlarıma qarşı bəzi “əli çox yerlərə çatan” millət vəkilləri və komitə sədrləri, hətta, parlament rəhbərliyinə daxil olan şəxslər bundan “yararlanmışdılar”. Ancaq gözlədiyimin əksinə olaraq, həmin yazı-reportajdan cəmi bir neçə gün sonra məni Hadi müəllimin birbaşa təşkilatçılığı və iştirakı ilə keçirilən başqa bir tədbirə dəvət etdilər və özü də Hadi müəllimin özünün təşəbbüsü ilə. Eyni zamanda, əgər məlum reportaya qədər məni təkəm-seyrək Sosial siyasət komitəsinin iclaslarına və tədbirlərinə çağırırdılarsa, ancaq həmin yazıdan sonra məni demək olar ki, bu komitənin bütün tədbirlərinə çağırmağa başladılar. Hətta, elə olurdu ki, adım siyahıya salınmayanda da, Hadi müəllim. mənim adıma buraxılış vərəqəsi qoydururdu və deyim ki, necə yazılmasından asılı olmayaraq, hər bir yazıma da hörmətlə, səbirlə yanaşır, əsl peşəkarcasına və təmkinlə reaksiya verirdi…

Və beləliklə, həmin vaxtdan-2003-cü ilin ortalarından başlayaraq, Hadi müəllimlə aramızda çox səmimi, qarşılıqlı hörmət – ehtirama söykənən, hətta, dostluq münasibətlərinə dayanan münasibətlər yaranıb və bu münasibətlər bu gün də davam edir. Ümumiyyətlə, neçə illik müşahidələrimə əsaslanaraq onu da qeyd etmək istərdim ki, Hadi müəllim azsaylı millət vəkillərindən və komitə sədrlərindən (bu sıraya Eldar müəllimi, Arif müəllimi, Nizami müəllimi və Rəbiyyət xanımı da daxil etmək olar (axırınçı iki şəxs artıq komitə sədri deyil-K.H) biridir ki, onu günün, ayın, fəslin istənilən vaxtında iş yerində-kabinetində görmək, tapmaq olar. Yəni, onun gah hansısa qanun layihəsi üzərində ciddi-cəhdlə çalışdığını, gah qəbuluna gələn insanları qəbul edərək dinlədiyini, onların dərd-sərlərinə – özünün səlahiyyətlərinə bəzən aid olmasa da – komək olmağa çalışdığını , ünvanına daxil olan ərizə və şikayətləri bir-bir səbirlə, diqqətlə oxuyub, araşdırıb, həlli üçün müvafiq orqanlara göndərdiyini, yaxud, onlarla telefon əlaqəsi yaratdığını, gah da sanki cavanlıq eşqilə yorulmadan, öz yaxasını kənara çəkmədən müxalif, müstəqil və ya iqtidaryönlü media mənsublarının əsaslı-əsassız, haqlı-haqsız, mətləbə aid olan və olmyan suallarını çavablandırdığını görmək mümkündür. Əgər bir sutka 24 saatdırsa, heç bir bəzək-düzəyə, şişirtməyə yol vermədən deyirəm, onu sutkanın bütün saatını iş başında görmək olar, hətta, deyərdim ki, 24 saat da ona azlıq edir.

Özü də burada daha çox maraqlı və təqdir edilməli məqam odur ki, bu qədər gərgin iş rejiminə , yaşının nisbətən çox olmasına ( heç belə götürəndə ona çox yaş vermək də olmaz) baxmayaraq, onu hər zaman təmkinli, gülərüz, mehriban, zarafatından qalmayan bir insan kimi görmək mümkündür. Şəxsən onu yaxından tanıdığım və aramızda müəyyən qədər yaş fərqinin olmasına – qeyd edim ki, hələ uşaq vaxtlarımdan öz həmyaşıdlarımla yox, daha çox yaşlı, ahıl, ağsaqqal, müdrik insanlarla oturub-durmağı məqsədəıuyğun saymışam – baxmayaraq, dostluq etdiyim bu illər ərzində bir dəfə olsun belə, Hadi müəllimin işdən, problemlərdən, əsaslı – əsassız səkildə ondan kömək umanlardan, imdad diləyənlərdən, ümid yeri bilənlərdən şikayətləndiyini, onların qarasınca gilieyləndiyi görməmiş və eşitməmişəm. Hansı ki, indiki dövrümuzdə və reallığımızda bu çox nadir hallardan və məqamlardan sayıla bilər – istər məmur, istər deputat və ya komitə sədri olsun, bir çoxları onlara üz tutanlarını nəinki axıracan dinləyir, bunu heç özlərinə yaraşdırmaq istəmirlər, hətta, “etdiklərini” – Nuh əyyamında – ucadan söyləməkdən, minnət yağdırmaqdan belə çəkinmirlər. Amma şəxsən mən özüm bir dəfə olsun belə, Hadi müəllimdə bu hallara rast gəlməmişəm, əksinə, o, həmişə ona üz tutanlara, pənah gətirənlərə yaxşılq etməkdən, onların işinə yarımaqdan – öz imkanları çərçivəsində – ləzzət alır, bunu özünə sanki bir peşə hesab edir…

Hadi müəllim həm də üzərinə düşən və onun çiyninə qoyulan istənilən vəzifənin öhdəsindən uğurla gəlməyi bacaran tək-tük insanlardan, kadrlardandır. Mənim Şəkidən-Orta Zəyziddən, Vərəzətdən olan xeyli dost-tanışım var, onların da dediklərindən bir daha məlum olur ki, Hadi müəllim hər zaman yerində olan kadrlardan biri olub. Onların dediyinə görə, Hadi müəllim bu rayona sovetlər dövründə rəhbərlik edən katiblər arasında sözün əsl və müsbət mənasında istisnalardan olub. Hətta, bir dəfə Şəkidən olan dostumun müdrik və ağsaqqal atası söhbət zamanı dedi ki, Şəkiyə çoxları gəlib-gedib, ancaq bir Sadıx Murtuzayev və bir də Hadi Rəcəbli kimi bu rayona gün ağlayanı olmayıb. O, həm də dedi ki, deputatlıq və komitə sədrliyi Hadi müəllim üçün balaca vəzifədir, ondan gözəl nazir olar- həmin nazirliyin adını belə çəkdi, sadəcə, Hadi müəllimə “problem” yaratmaması üçün indi onu qeyd etmirəm…

Qeyd etdiyim kimi, Hadi müəllim istənilən vəzifənin, işin öhdəsindən uğurla gəlməyi bacarır və məhz elə bunun nəticəsidir ki, 4 çağırışdır (artıq 5 çağırışdır-K.H) dalbadal öz doğma bölgəsindən parlamentə üzv seçilir, təbii ki, sədaqətlə qulluq etdiyi hakim partiyanın dəstəyi və seçiçilərinin səsverməsi ilə. O, həm də hakim partiya üzvü olan azsaylı parlamentarilərdəndir ki, dəyişməz olaraq 4 çağırışdır parlamentin Sosial siyasət komitəsinə rəhbərlik edfir. Özü də uğurla. Onun rəhbərlki etdiyi komitənin bütün içlasları hər zaman medianın üzünə açıqdır və yeganə parlament komitələrindəndir ki, ötən illər ərzində təkcə hazır qanun layihələrini müzakirə etməklə kifayətlənməyib, həmçinin, özlərinin təşəbbüsü ilə onlarla qanun layihəsini hazırlayıb əsaslandırılmış şəkildə müzakirələrə çıxarıb və qəbuluna nail olub. Bildiyim qədəri də komitənin “mətbəx”ində hazırda müzakirə mövzusu olan və ya qatı açılmayan xeyli qanun layihələri var. Bunlar da təbii ki, komitə sədri kimi birbaşa Hadi müəllimin hesabına yazılmalıdır…

Hadi müəllim, bu illər ərzində özünü həm də ictimai-siyasi həyatda tam yetkin, peşəkar siyasətçi, bitkin şəxsiyyət, üzvü olduğu partiyanın və komandanın siyasətinə, kursuna bağlı olan sadiq təmsilçilərindən biri kimi təsdiqləyə bilib. Hadi müəllim, bir ayağı burda, bir ayağı orada olanlardan olmayıb, hər zaman birsifətli, birmövqeli olub, bir çoxları kimi “nala-mıxa” vurmayıb, bir sözlə, özü olub, Hadi Rəcəbli olub…

Bunları qeyd etməkdə məqsədim heç də Hadi müəllimə tərif yağdırmaq deyil, onun buna ehtıyacı da yoxdur. Sadəcə, bu gün həmişəcavan Hadi müəllimin nə az-nə çox, düz 65 yaşı olur, bu günün onun doğum günü, yubiley ad günüdür. Bu gün özü də tək onun özünün və ailəsinin, ailə üzvlərinin deyil, onlarla, yüzlərlə Hadi müəllimi sevən insanların, ona hörmət-izzət göstərənlərin həyatında əlamətdar bir gündür. Çünki Hadi müəllim bu 65 illik həyat yolunu şərəfli şəkildə keçib, addımlayıb, necə deyərlər, o bu günlərə keşməkeşli həyat yollarından keçib gəlib və bu gün də cavanlıq eşqilə bu şərəfli ömür yolunu davam etdirməkdədir. Hadi müəllim həm də gözəl ailə başçısı, gözəl həyat yoldaşı, gözəl ata, gözəl valideyn, gözəl babadır, gözəl dostdur. Hər zaman da ailəsi, dostları, tanış-bilişləri Hadi müəllimə görə qürur duya, fəxr edə bilərlər. Çünki Hadi müəllim buna layiqdir, bunu haqq edir. Odur ki, əlamətdar-yubiley doğum günündə Hadi müəllimi səmimi qəlbdən təbrik edir, şəxsi, siyasi,elmi həyatında növbəti uğurlar, zirvələr, ən əsası ona bundan sonra da hələ bir 65 illik ömür arzulayıram. Yubiley doğum gününüz mübarək olsun, əziz Hadi müəllim!

hadi-1hadi-2

hadi-3

hadi-5hadi-4

hadi-6

hadi-7

hadi-8

hadi-9

K.H

Etikxeber.az

Read Previous

Prezidentlər qeyri-rəsmi: nahar süfrəsi arxasında – FOTOLAR

Read Next

Komitə sədri AŞPA-nın həmməruzəçisi kimi Serbiyaya gedəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir