Ailənin 6 övladından biri, XTQ-çı, 4 medallı-ŞƏHİD ZAHİD AZAD OĞLU ZAİRLİ… – FOTOLAR

Zahid Azad oğlu Zairli…

Yardımlının, Azərbaycanın İkinci Vətən Müharibəsi iştirakçılarından, İgidlərimizdən, Qəhrəmanlıq Dastanı yazan Vətən sevdalılarımızdan biri…

Daha bir Qəhrəmanımız, daha bir İgidimiz, bir Nur üzlü Şəhidimiz…

Zahid 10 may 2000-ci il tarixində Yardımlı rayonunun Dəlləkli kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya göz açıb…

Ailədə 6 uşaq – 3 bacı, 3 qardaş olublar…

Zahid isə evin, ailənin son beşiyi olub…

O, 2006-cı ildə Dəlləkli kənd ümumi orta məktəbində birinci sinfə gedir və 2015-ci ildə 9 illik təhsilin başa vurduqdan sonra AZMİU-nun nəzdindəki İnşaat Kollecinə daxil olur…

Kolleci bitirdikdən sonra, yəni, 2019-cu ilin 23 iyul tarixində həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanır…

Zahidin uşaqlıqdan arzusu həmişə Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) snayperçi olmaq olub və bu arzusu da reallaşır, arzusuna çatır…

Belə ki, hərbi xidmətdə olarkən XTQ-nın baş snayperçisi seçilir…

Ümumiyyətlə, hərbi xidmətdə olduğu dövrdə komandirləri, əsgər yoldaşları arasında böyük hörmətə sahib olur…

Və İkinci Qarabağ Savaşı başlayan gündən də bir XTQ-çı kimi ən ön sırada döyüşlərə qatılır…

Döyüş yolu da uzun və şərəfli olur…

Murovdan Suqovuşana, Suqovuşandan Cəbrayıl və Füzuliyə, Hadrutacan döyüş yolu keçir…

Murov yüksəkliyinin, Suqovuşanın, Hadrutun, Cəbrayıl və Füzuli rayonlarının azad olunmasinda böyük qəhrəmanlıqlar göstərir…

Komandirlərinin dediyinə görə, Zahid həm döyüşür, həm də döyüş meydanında yaralı olan hərbçi və Şəhidlərimizi oradan çıxarır…

Və İkinci Vətən Müharibəsinin 11-ci günündə, oktyabr ayının 7-də Cəbrayıl rayonununda gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak olur, Şəhidlik məqamına ucalır…

Və nəşi bir gün sonra, 8 oktyabr tarixində doğulduğu, boya-başa çatdığı Dəlləkli kənd qəbiristanlığında dəfn edilir, Əbədiyyətə uğurlanır…

Ölümündən, Şəhidliyindən sonra isə 4 medalla – “Vətən uğrunda”, “Cəsur döyüşçü” “Kəlbəcərin azad olunmasına görə” Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunur…

Haqqıdır, Haqq etdiyini də qanı, canı bahasına qazanır.

Məqamı Uca, məkanı cənnətlik olsun!

Nur içində yatsın, Nur üzlü Şəhidimiz!

Allah ailəsinə, əzizlərinə səbr versin!

Ruhu qarşısında baş əyirik, baş əyirəm!

Xatirəsi daim qəlblərdə, qəlbimizdədir!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

44 gün və 27 il-MUSA URUD YAZDI

Read Next

Sabah hava durumu necə-OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir