Əslən Şuşalı olan, özü isə Mingəçevirdə dünyaya gələn, boya-başa çatan İkinci Vətən Müharibəsi Şəhidi Əzəmi Əli oğlu Hüseynovun mövlududur.
Əzəmi Hüseynovun bu gün 31 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günüdür.
Etikxeber.az xəbər verir ki, Əzəmi Hüseynov 1992-ci ilin avqust ayının 29-da Mingəçevir şəhərində anadan olub.
Ailədə 4 uşaq-3 bacı, 1 qardaş olublar.
Ali təhsilə yiyələnib, peşəkar hərbçi olub.
5 il öncə ailə qursa da, övladı olmayıb.
İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub.
Və 2020-ci ilin oktyabrın 8-də Suqovuşan istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib.
Nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidliyindən sonra 3 medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Hazırda Mingəçevirdə adını daşıyan küçə var.
***
Cənnətdəki üçüncü doğum günü ilə bağlı ailə üzvləri və yaxınları tərəfindən məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.
Sonra anası Sayad Hüseynovanın yaşadığı mənzildə adına ehsan süfəsi açılıb.
Bir daha ruhuna dualar edilib, bir daha anasına, yaxınlarına Allahdan səbr arzulanıb, bir daha Cənnətdəki üçüncü doğum günü təbrik olunub.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az