Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tərtər rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rəşad Hafiz oğlu Mirzəlinin doğum günüdür.
Rəşad Mirzəlinin bu gün 29 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Rəşad Mirzəli 1995-ci ilin 26 may tarixində Tərtər rayonunun Hacıqərvənd kəndində dünyaya gəlib…
Ailənin iki oğlan övladından biri və evin sonbeşiyi olub…
2001-2012-ci illərdə orta məktəbdə oxuyub…
Orta məktəbi bitirdikdən sonra-2013-cü ildə həqiqi hərbi xidmətə yollanıb və hərbi xidmət zamanı Azərbaycan Ordusunun sülhməramlı qüvvələrinin sırasında 6 ay qulluq edib…
Sonra isə digər Əsgər yoldaşları ilə birlikdə könüllü olaraq xidmətini Əfqanıstanda davam etdirib.
Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təşəkkürnamə ilə təltif olunub, həmçinin, Prezident ona gümüş saat hədiyyə edib…
Hərbi qulluq müddətini başa vurduqdan sonra Azərbaycana qayıdan Rəşad Mirzəli Azərbaycan Silahlı Qüvvələrinin sırasında müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) başlayıb…
Müqaviləsi başa çatdıqdan sonra Mingəçevir Turizm Kollecinə daxil olub və təhsilini davam etdirərkən sənədlərini Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Gizir Hazırlığı Kursuna təqdim edib…
Kursu bitirdikdən sonra isə Goranboyda yerləşən “N” saylı hərbi hissədə Gizir kimi fəaliyyətə başlayıb və nümunəvi, intizamlı olduğu üçün onu tağım komandirinin müavini təyin ediblər…
İkinci Vətən Müharibəsinin ilk günlərindən də döyüş meydanına atılıb…
Rəşad və onun döyüş yoldaşları Murov yüksəkliyi, Tərtərin Talış kəndi istiqamətində uğurlu hərbi əməliyyatlar keçirib…
Sonrakı istiqamət Tərtər rayonunun Suqovuşan kəndi olub və Rəşad Mirzəli oktyabrın 1-də, 25 yaşında Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb…
Ailəsi-atası ilə də sonuncu dəfə Şəhidliyindən bir gün öncə, sentyabrın 30-da danışıb…
Nəşi bir gün sonra, oktyabrın 2-də Hacıqərvənd kənd qəbiristanlığında torpağa tapşırılıb….
Şəhidliyindən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib…
Rəşad həm də subay olub.
O, eyni zamanda, Hacıqərvəndin yeganə İkinci Vətən Müharibəsi Şəhididir.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 29 yaşı mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az