Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Xaçmaz rayonunun sonuncu İkinci Vətən Müharibəsi Şəhidi Səbuhi Babək oğlu Hüseynlinin Anım Günüdür.
Səbuhi Hüseynlinin torpağa tapşırılmasından iki il keçir.
İki il öncə-bu gün, 16 aprel tarixində Səbuhi Hüseynli doğulub boya-başa çatdığı Maqsudkənd kəndinin qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Etikxeber.az xəbər verir ki, Səbuhi Hüseynli 1997-ci ilin may ayının 2-də Xaçmaz rayonunun Maqsudkənd kəndində sadə bir ailədə anadan olub.
Ailədə iki övlad-bir bacı, bir qardaş olublar.
Balaca vaxtlarından hər ikisi də anaları Samirə xanım tərəfindən baba (ana babasının) ocağında təkbaşına, minbir çətinliklərlə böyüdülüblər.
Səbuhi 2003-2009-cu illərdə Xaçmaz rayon Maqsudkənd kənd Ömər Ayatov adına tam orta məktəbdə təhsil alıb.
2009-2014-cü illərdə Xudat şəhər 4 saylı Texniki Fənnlər Təmayüllü Məktəb-Liseydə təhsilini davam etdirib.
2015-2016-cı illərdə hərbi xidmətdə olub, Aprel döyüşlərində iştirak edib.
Hərbi xidmətdən sonra evinə, ailəsinə dönüb.
Ailə həyatı qurub, 2019-cu ilin iyun ayın 27-də bir övladı-Babəki dünyaya gəlib.
İki övlad anası olan bacısı isə hazırda ailə vəziyyəti ilə əlaqədar Şəkidə yaşayır.
Səbuhi sonra yenidən həyatını hərb, Ordu ilə bağlayıb, MAXE kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsində də hərbçi-MAXE kimi iştirak edib.
Füzuli, Cəbrayıl və Xocavənd-Şuşa istiqamətlərində döyüşüb.
Oktyabr ayının 27-də isə Xocavənd-Qırmızı Bazar istiqamətində qanlı döyüşlərdən birində ağır şəkildə yaralanıb, 6 ay komada qalıb.
Ancaq həkimlərin bütün cəhdlərinə, səylərinə baxmayaraq, Onun həyatını xilas etmək mümkün olmayıb.
2021-ci ilin aprelin 15-də Şəhadətə, Şəhidliyə qovuşub.
Nəşi 16 aprel tarixində doğulduğu Maqsudkənd kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra dörd medalla- “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin ailəsi, Şəhidin anası isə Səbuhi Hüseynlinin həm də “Füzulinin azad olunmasına görə” medalı və ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
Bununla bağlı müvafiq qurumlara dəfələrlə müraciətlər etsə də, hələlik müsbət cavab ala bilməyib.
Dayısı Rəşadın oğluna Onun-Səbuhi Hüseynlinin adı verilib.
Eyni zamanda qeyd edək ki, Şəhidin anası Samirə xanım hələ də evsizdir, hələ də mənzillə təmin olunmayıb və Bakı şəhərində yataqxanada yaşayır.
11:00
***
Bu gün səhər saatlarında Şəhidin Maqsudkənd qəbiristanlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub.
Məzarı başında qısa çıxışlar edilib, Şəhidin ailəsinə-anası Samirə xanıma, bir övlad anası olan həyat yoldaşı Lamiyə xanıma və bacısı Səidə xanıma Allahdan səbr və dözüm arzulanıb.
Məzarını ziyarətdən sonra baba (ana babasının) ocağında Şəhidin adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar oxunub.
Məkanı cənnətlik, ruhu şad olsun!
Nur içində yatsın!
12:40
***
FOTOLAR:
























Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





