Ailənin tək övladı, ali təhsilli hərbçi, nəşi 112 gündən sonra dəfn edilən və 3-cü dərəcəli “Rəşadət” ordenli-ŞƏHİD HƏSƏNAĞA ABDULLAZADƏNİN BU GÜN ANIM GÜNÜDÜR…

Bu gün Lənkəranın ( həm də Bakının) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin tək övladı Həsənağa Şakir oğlu Abdullazadənin Əbədiyyətə uğurlanmasından bir il ötür.

Düz bir il öncə-bu gün, 14 yanvar tarixində nəşi İkinci Şəhidlər Xiyabanında dəfn edilib, torpağa tapşırılıb.

Bu gün Onun Anım Günüdür.

Etikxeber.az xəbər verir ki, Həsənağa Şakir oğlu Abdullazadə 1993-cü ilin mart ayının 9-da Lənkəran şəhərində sadə bir ailədə dünyaya gəlib.

O, ailənin tək və yeganə övladı olub…

1999-cu ildə Rövşən Bədəlov adına 9 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2007-ci ildə həmin orta məktəbin 8-ci sinfini yüksək qiymətlərlə bitirib…

Tək övlad olmasına baxmayaraq, həmin il öz istəyi ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin 1-ci kursuna daxil olub və 2010-cu ildə həmin məktəbi fərqlənmə ilə bitirib…

2010-cu ilin avqust ayında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və hələ tələbəykən 2013-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi (1918-2013) “Yubiley medalı” ilə təltif olunub…

2014-cü ilin iyul ayında həmin məktəbi bitirib, Leytinant rütbəsi alıb…

2014-cü ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin zabit təkmilləşdirmə kursuna daxil olub və 2015-ci ildə kursu fərqlənmə ilə bitirib…

Öz arzusu ilə Gədəbəyin ən ucqar zonası olan “Qoca Dağ”a, xidmətinə yollanıb və N saylı hərbi hissənin motoatıcı taqım komandiri vəzifəsinə göndərilib…

2015-2016-cı illərdə Gədəbəydəki N hərbi hissənin ön xəttində taqım komandiri vəzifəsində çalışıb, bir il sonra- 2017-ci ildə isə bölük komandiri vəzifəsinə təyin olunub…

Elə həmin-2017-ci ildə Baş leytinant hərbi rütbəsi verilib və bir il sonra daha bir medalla- 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley medalı” ilə təltif olunub….

Həsənağa bir çox sertifikat və Fəxri Fərmanlara layiq görülüb…

2018-ci ilin oktyabr ayında Göygöl rayonunda yerləşən N saylı hərbi hissəyə bölük komandiri vəzifəsinə göndərilib…

Həsənağa Baş leytinant olmasına baxmayaraq, tarixi İkinci Vətən Müharibəsindən bir neçə ay əvvəl Müdafiə Nazirliyinin əmri ilə Göygöl rayonundakı N saylı hərbi hissədə taborun “Qərargah rəisi” vəzifəsinə təyin olunub…

İkinci Vətən Müharibəsi başlayan ilk gündən də döyüşlərdə olub…

 Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib…

Yalnız 112 gündən sonra Həsənağanın nəşini əldə etmək və ailəsinə təhvil vermək mümkün olub…

Nəşi İkinci Şəhidlər Xiyabanda dəfn edilib…

Şəhidliyindən sonra  “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

O, həm də ailəli olub…

 2019-cu ilin avqust ayının 17-də ailə həyatı qurub…

Ancaq övladı olmayıb.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin İkinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Məzarının ziyarətindən sonra isə Suraxanı rayonundakı “Elçin” şadlıq sarayında Anım mərasimi keçiriləcək, adına ehsan süfrəsi açılacaq.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək, çıxışlar ediləcək.

Eyni zamanda, Şəhidin və Şəhidlərin ruhuna dualar oxunacaq.

Allah Şəhidimizin məkanını cənnətlik, məzarını behiştlik etsin!

Nur içində yatsın!

Böyük Yaradan tək, yeganə övladlarını valideynlərinə səbr, dözüm versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hava şəraiti ilə əlaqədar Bakının bəzi avtomagistrallarında-SÜRƏT HƏDDİ ENDİRİLDİ…

Read Next

“Azərbaycanın müstəqilliyinə yenidən qovuşduğunu ilk tanıyan Türkiyə ortaq və qarşılıqlı siyasətimizin təməli və mayası olub”-MƏLAHƏT İBRAHİMQIZI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir