Ailənin tək və subay övladı, ali təhsilli, 3 medallı-ŞƏHİD RÜFƏT ZÖHRAB OĞLU MUSTAFAYEV… VƏ YA TƏK ÖVLADLARINI ŞƏHİD VERMİŞ İKİ YARALI, DƏRDLİ ANA-AFƏT ANA VƏ LƏTAFƏT ANA… – FOTOLAR

Hazırda Sumqayıt şəhərində, İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rüfət Zöhrab oğlu Mustafayevgildəyik…

Bakının Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin tək övladı Yusif Ramiq oğlu Budaqovun tək-tənha yaşayan anası Lətafət xanım və yaxını Təranə xanımla birlikdə Şəhidimizin övladsız qalan ailəsini, valideynlərini ziyarət etməyə gəlmişik…

Qeyd edim ki, Yusif kimi Rüfət də evin-ailənin tək övladı olub…

Əslən Qubadlılı olan Rüfət 1996-cı ilin martın 12-də, Sumqayıt şəhərində sadə bir ailədə dünyaya gəlib…

Orta məktəbi bitirdikdən sonra, 2013-cü ildə Azərbaycan Texniki Universitetinə (ATU) daxil olub və 2017-ci ildə ali təhsilini başa vurub…

Ali təhsilini başa vurduqdan sonra bir müddət işləyib, çalışıb, 2019-cu ilin oktyabrında isə Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb…

Goranboy istiqamətində yerləşən hərbi hissələrdən birində hərbi xidmətə başlayıb…

İkinci Vətən Müharibəsinin ilk günündən də Tərtər-Ağdərə istiqamətində döyüşlərdə iştirak edib Azərbaycan Ordusunun Əsgəri kimi…

Sonuncu dəfə anası ilə oktyabrın 8-də, atası ilə oktyabrın 9-da danışıb…

Və bir gün sonra, döyüşlərin 14-cü günündə, Əsgərliyinin bir ilinin tamamında, oktyabr ayının 10-da Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi 3 gün sonra, oktyabrın 13-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib, Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”“Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Şəhidin ailəsi isə övladlarının Haqqı olan ordenlə təltif olunmalarını istəyirlər…

Bununla bağlı müraciətlərinə də hələlik müsbət cavab verilməyib…

Ancaq Şəhidin valideynləri övladlarının Azərbaycanın aili ordenlərindən biri ilə təltif olunacağı günü səbrsizliklə və ümidlə gözləyirlər…

Rüfət həm də subay olub…

Həyatı, ömrü kimi arzuları, xəyalları da yarım, yarımçıq qalıb…

***

Şəhidimizin valideynləri-anası Afət xanım və atası Zöhrab kişi ilə Sumqayıt şəhər Şəhidlər Xiyabanında görüşdük…

Onlarla birlikdə övladlarının, Rüfət məzarını ziyarət etdik…

Məzarı, ruhu qarşısında baş əydik…

Sonra Şəhidimizin evinə, ocağına gəldik, evini, ocağını, muzeyini ziyarət etdik…

Şəhidimizin Yaralı, Dərdli və Dik duruşlu valideynlərinə başsağlığı verdik, onlara Allahdan səbr və dözüm arzuladıq…

“Cəmi Şəhidlərimizin, Rüfətlərimizin məkanları cənnətlik olsun!”-dedik…

***

Və tək övlad(lar)ını itirmiş, Şəhid vermiş iki ana, iki Şəhid anası…

Afət ana və Lətafət ana…

Nə deyəsən, nə yazasan…

Nə təsəlli verəsən…

Sözlər də, kəlmələr də acizdir, boğaz(lar)da düyümlənib qalır…

Sözün bitdiyi yerdir…

Allah bir daha səbrlərini versin!

Böyük Yaradan bir daha balalarının məkanlarını cənnətlik, məqamlarını Uca etsin!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə…”-PREZİDENT – FOTO – (MÜSAHİBƏ)

Read Next

Ali təhsilli, peşəkar hərbçi, bir övlad atası, Aprel döyüşlərinin iştirakçısı, bir neçə medal və “Qarabağ” ordenli Həmidağa Hüseynzadə: BU GÜN ŞƏHİDİN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜDÜR, 32 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir