Ailənin üç övladından biri, evin tək, subay və ali təhsilli oğlu, nəşi 21 gün sonra Əbədiyyətə uğurlanan-22 YAŞINDA ŞƏHİDLİK MƏQAMINA UCALAN RƏŞAD QİYAS OĞLU ZEYNALLI… – FOTOLAR

Daha bir İgidimiz, daha bir Qəhrəmanımız…

Daha bir Vətən sevdalımız, daha bir Vətən fədaimiz…

Daha bir Qəhrəmanlıq dastanı yazan övladımız…

Daha bir Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidimiz…

İkinci Qarabağ Savaşı Şəhidi Rəşad Qiyas oğlu Zeynallı…

Əslən İmişli rayonundan olan Rəşad Zeynallı 1998-ci ilin 21 aprel tarixində Bakı şəhərinin Nəsimi rayonunda dünyaya gəlib…

Ailənin üç övladından, evin tək oğlu, iki bacının tək qardaşı olub…

Uşaqlığından da tərbiyəsi, istiqanlılığı, vətənpərvərliyi ilə seçilib…

Böyükdən-kiçiyə hər kəsin sayğısını, hörmət-izzəni qazanıb…

Rəşadın özündən böyük Mirzeynal adlı qardaşı da olub…

Amma Mirzeynal Zeynalbəyli 1997-ci ildə, cəmi 4 yaşında dünyasını dəyişib…

Və Zeynalovlar (Zeynallılar) ailəsi ilk övlad acısını yaşayıb…

Rəşad 2004-2008-ci illərdə İ. Əfəndiyev adına Elitar Gimnaziyada, 2008-2015-ci illərdə isə P. Nəzərov adına 60 nömrəli tam orta məкtəbdə təhsil alıb…

Orta məktəbi müvəffəqiyyətlə başa vuran Rəşad ali məktəbə daxil olub, 2015-2019-ci illərdə Azərbaycan Texniki Universitetində (AzTU) “Cihazqayırma mühəndisliyi” ixtisası üzrə ali təhsil alıb…

Ali təhsilini başa vurduqdan sonra-2019-cu ilin payızında Vətənin keşiyinə, həqiqi hərbi xidmətə yollanıb…

Əsgərliyinin başa çatmasına sayılı günlər qalmış isə İkinci Vətən Müharibəsinin başlanması ilə döyüşlərə atılıb…

Cəbrayıl Füzuli istiqamətində döyüşlərdə iştirak edib…

Şərəfli döyüş yolu 11 gün çəkib, oktyabr ayının 8-də Cəbrayıl rayonunda qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

İllər öncə övlad itkisi yaşayan Zeynalovlar (Zeynallılar) ailəsinin acısının daha bir acı, dərdinin daha bir dərd gəlib…

Yenə övlad itkisi, yenə oğul itkisi…

Yenə bala dərdi, yenə oğul dərdi…

Oktyabrın 8-də Şəhid olsa da, ancaq Şəhidimizin nəşi 21 gündən sonra, 29 oktyabr tarixində İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” “Qubadlının azad olunmasına görə” ordeni ilə təltif olunub…

Ailəsi həm də övladlarının-tək oğullarının ali ordenlərimizdən biri ilə təltif olunmasını istəyir və həmin günü səbrsizliklə gözləyirlər…

22 yaşında Şəhidlik məqamına ucalan Şəhidimiz həm də subay olub…

Şəhidimizə həsr olunmuş “Rəşadətli ömür” filmi çəkilib…

Və bu yerdə qeyd edim ki, bu gün səhər saatlarında, Bakı şəhərinin Xətai rayonunda yerləşən 263 saylı tam orta məktəbdə, “Azərbaycan Bayrağı” ordenli, polkovnik-leytenant, İkinci Vətən Müharibəsi Şəhidi Rəşad Quliyevə həsr olunmuş filmin təqdimatında Şəhidimizin atası Qiyas kişi ilə tanış oldum…

Onunla qısaca da olsa, söhbətləşdim, dərdləşdim…

Şəhidimizin atasına, ailəsinə Allahdan səbr və dözüm dilədim…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Məqamı Ucalardan-uca, dərgahı mübarək olsun, Nur üzlü Şəhidimizin!

Nur içində uyusun, cəmi 22 yaşında Vətəni yolunda canını fəda edən Rəşad Zeynallının!

Xatirəsi daim qəlbimizdə yaşayacaq!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

12 il əvvəl prorektoru öldürməkdə şübhəli bilinən şəxs həbs olundu-BİRGƏ MƏLUMAT YAYILDI

Read Next

İkinci Vətən Müharibəsi Şəhidləri: Ağdamlı Məhəmmədəli Məhəmmədəlizadə və Bərdəli Elməddin Yusifov-BU GÜN HƏR İKİ ŞƏHİDİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir