Ailə mübahisələrinin məhkəmədənkənar xərcləri – DÖVLƏT BÜDCƏSİNDƏN ÖDƏNİLƏCƏK

Nazirlər Kabineti “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nı təsdiq edib.

Etikxeber.az xəbər verir ki, bu Qayda ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilən haqqın və digər mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qaydasını müəyyən edir.

“Mediasiya haqqında” qanuna uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin mediasiya xərcləri dövlət büdcəsində bu məqsədlər üçün Mediasiya Şurasına nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.

Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəf fiziki şəxs olduqda mediasiya xərcləri dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir, hüquqi şəxs olduqda isə həmin şəxslərin üzərinə qoyulur.

Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərcləri həmin şəxslərlə ilkin mediasiya sessiyası həyata keçirən və ya mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamış mediatorun və ya mediasiya təşkilatının təqdim etdiyi müvafiq təsdiqedici sənədlər əsasında Mediasiya Şurası tərəfindən həmin mediatora və ya mediasiya təşkilatına nağdsız qaydada ödənilir.

Mediator və ya mediasiya təşkilatı mediasiya xərclərini dövlət büdcəsi vəsaitləri hesabına almaq üçün aşağıdakı sənədləri Mediasiya Şurasına təqdim edir:

– mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin bu barədə ərizəsinin surəti;

– mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin həmin xərcləri ödəmək üçün vəsaitinin olmamasını təsdiqləyən sənədin surəti;

– “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışın və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin surəti;

– çəkilmiş xərclər barədə hesabat.

Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin həmin xərcləri ödəmək üçün vəsaitinin olmamasını təsdiqləyən sənəd fiziki şəxsin müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərclərinin ödənilməsi üçün mediator və ya mediasiya təşkilatına ödənilən vəsaitin məbləği “Mediasiya haqqında” qanuna uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş məbləğindən artıq olmamalıdır.

Mediasiya Şurası sənədlərə Şuraya daxil olduğu tarixdən 10 iş günü müddətində baxır. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə mediatora və ya mediasiya təşkilatına 5 iş günü müddətində yazılı bildiriş göndərilir. Çatışmazlıqlar mediator və ya mediasiya təşkilatı tərəfindən bildirişin alındığı tarixdən 5 iş günü müddətində aradan qaldırılmalıdır. Mediasiya xərclərinin  ödənilməsindən imtina etmək üçün əsaslar olmadıqda, mediasiya xərcləri Mediasiya Şurası tərəfindən müvafiq mediatora və ya mediasiya təşkilatına ödənilir.

Mediasiya xərclərinin ödənilməsindən aşağıdakı hallarda imtina edilir və bu barədə mediatora və ya mediasiya təşkilatına imtinanın səbəbləri göstərilməklə, 5 iş günü müddətində yazılı məlumat verilir:

– tələb olunan sənədlər tam olmadıqda;

– təqdim edilmiş sənədlərdə təhrif olunmuş məlumatlar olduqda.

Mediasiya xərclərinin ödənilməsinə ayrılan vəsait bu Qaydada nəzərdə tutulmayan digər məqsədlər üçün istifadə edilə bilməz. Mediasiya xərclərinin ödənilməsinə ayrılan vəsaitin il ərzində istifadə edilməyən hissəsi ilin sonunda dövlət büdcəsinə geri qaytarılır. Mediasiya Şurası hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, bu Qaydaya uyğun olaraq rüb ərzində faktiki mediasiya xərcləri ödənilən fiziki şəxslərin sayı (adı, soyadı və ünvanı göstərilməklə) və ödənilmiş vəsaitlərin məbləği barədə məlumatları Maliyyə Nazirliyinə təqdim edir.

Qeyd edək ki, “Mediasiya haqqında” qanuna əsasən mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı prosesdir.

Mediasiya aşağıdakılar üzrə tətbiq edilir:

– mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla);

– ailə münasibətlərindən irəli gələn mübahisələr;

– əmək münasibətlərindən irəli gələn mübahisələr;

– inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.

Etikxeber.az

Read Previous

Qazaxıstanda ikinci dəfə – ZƏLZƏLƏ BAŞ VERDİ

Read Next

“Ancaq qızıl medal üçün mübarizə aparacağam…” – RAFAEL AĞAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir