“Hər gün yuxuma girir, danışmır, sadəcə, gülür…”-Şəhid anası Əsməgül xanım – Ailənin iki övladından biri, MAXE, 23 yaşında Şəhid olan-ŞAHMAR SEYİDOVUN XATİRƏ LÖVHƏSİNİN AÇILIŞI OLDU, MƏRASİM KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (4)

Bu gün, 1 sentyabr tarixində Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Şahmar  Fikrət oğlu Seyidovun vaxtilə yaşadığı binada (hazırda ailəsinin yaşadığı həyət evindən bir az kənarda) xatirə lövhəsinin açılışı olacaq.

Etikxeber.az xəbər verir ki, açılış mərasimi saat 17:00-da başlayacaq və təxminən bir saat çəkəcək.

Açılış mərasimində Şəhidin anası və tək qardaşı, yaxınları, qonşular, şəhər sakinləri, Mingəçevirdən və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, din xadimləri, məktəblilər və digərləri iştirak edəcəklər.

Mərasimdə öncə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad ediləcək, Dövlət himni səsləndiriləcək.

Sonra xatirə lövhəsi üzərindən örpək götürüləcək və açılış ediləcək.

Daha sonra çıxışlar ediləcək.

Sonda Şəhidin adına ehsan süfrəsi veriləcək.

15:00

***

Əsməgül xanım: “Kaş yuxu olmayaydı, kaş balam qayıdaydı və bir daha məni, qardaşını-İlkini tək qoyub getməyəydi…”

Ziyarət və mərasimdən öncə isə vaxt tapıb Şəhidimizin anası Əsməgül xanımla görüşürəm.

Əsməgül xanım oğlu ilə Fəxr etdiyini bildirərək, onu hec cür unuda bilmədiyini, hər gün yuxusuna girdiyini bildirib.

“Tez-tez, demək olar ki, hər gecə yuxuma girir…Sağlığında danışmaqla arası yoxuydu…Yuxuda da mənimlə danışmır…Eləcə gülür…Bircə onu deyir ki, ana, neynirsən ey danışmağımı…, yorulmuşam…Səhərə yaxın isə durub gedir… Ayılıram ki, yuxu imiş (Gözləri dolur, səsi yitrəyir)…Kaş yuxu olmayaydı, kaş balam qayıdaydı və bir daha məni, qardaşını-İlkini tək qoyub getməyəydi…Amma neyləmək olar…Həyatdır…Bala dərdi çox ağır dərd olsa da, dözürəm, dözməliyəm, Şəhidimin, balamın ruhunu, xatirəsini yaşatmalıyam…”-deyə, o, bildirir.

Əsməgül xanım onu da deyir ki, tez-tez övladına ehsan süfrəsi açır, bununla özünü ovutmaya çalışır:

“Hər dəfə ehsan süfrəsində yığışırıq, dərdləşirik, az da olsa, yüngülləşirik… Allah cəmi Şəhidlərimizin, içində də mənim balamın məkanını cənnətlik etsin. Hamısı Vətən üçün doğuldu, Vətən yolunda da Şəhid getdi…Şəhid olmaq da hər oğulun işi, nəsibi deyil…”-deyə, Şəhid anası kövrək halda sözlərinə əlavə edir.

Bir daha Əsməgül xanıma, Əsməgül anaya və Şəhidimizin iki uşaq atası olan tək qardaşı İlkinə başsağlığı verir, onlara Allahdan səbr diləyirəm!

16:10

***

Şəhid Şahmar Seyidovun xatirə lövhəsinin açılış mərasimi başlayıb.

Açılış mərasimində Şəhidin ailə üzvləri, Mingəçevir, Ağdam, Goranboy və digər bölgələrdən olan Şəhid ailələri, şəhər sakinləri, din xadimləri və digərləri iştirak edirlər.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra Dövlət himni oxunub və səsləndirilib.

Açılış mərasimi davam edir.

17:10

***

Açılış mərasimində Şəhidin əmisi Arir müəllim, Arif Seyidov çıxış edib.

Bildirib ki, məhz Şəhid oğulların sayəsində Azərbaycan torpaqları, Qarabağ düşmən işğaldan qurtuldu, alnımızdakı ləkəni onlar öz qanları ilə yuyub apardılar, bizlərə Qürur, Qələbə, Zəfər yaşatdılar.

“Şəhid anaları-başınız dik tutun. Əgər övladlarınız Şəhid olana qədər sizləri 5-10 nəfər tanıyırdısa, indi bütün Azərbaycan xalqı, 10 milyonluq Azərbaycan tanıyır“-deyə, Arif Seyidov sonra bildirib.

Çıxışdan sonra Şəhid qardaşlar-Musa və Tural Həsənovların anası Nəhayət xanım, Əli və İslam Əhmədovların anası Sevinc xanım ilə birlikdə Şəhid Şahmar Seyidovun anası Əsməgül xanım xatirə lövhəsinin üzərindən ağ örpəyi götürüb və açılışı ediblər.

Bu zaman kövrək, duyğulu anlar yaşanıb, Şəhid anaları, mərasim iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.

Daha sonra söz Şəhid analarına, Şəhidin döyüş, hərbçi yoldaşlarına verilib.

Şəhidlər anası Nəhayət xanım “Şəhidlər, övladlarımız ölməyiblər, onlar bizimlə yaşayırlar”-deyib və Şəhid anaları adından Şahmar Seyidovun anası Əsməgül xanıma hədiyyə təqdim edib.

Mərasimdə digər Şəhid anaları, Şəhidin döyüş və hərbçi yoldaşları, din xadimləri, məktəblilər də çıxış ediblər.

18:18

Açılışdan sonra Şəhidin adına ehsan süfrəsi verilib.

Bir daha Şəhid Şahmar Seyidov və cəmi Şəhidlərin ruhlarına dualar edilib.

18:24

***

***

Qeyd edək ki, Şahmar Seyidov 1997-ci ilin fevralın 21-ində Mingəçevir şəhərində sadə bir ailədə dünyaya gəlib.

Bir neçə il öncə atasını itirib.

Subay olub.

İkinci Vətən Müharibəsi başlayana kimi, bir müddət orduda xidmət edib, MAXE olub və cəmi 5 ay.

Döyüş yolu da uzun olub, Talış, Suqovuşandan başlayıb Daşaltıyacan davam edib.

2020-ci ilin oktyabrın 12-siində Daşaltı uğrunda ağır döyüşlərdə qəhrəmancasına Şəhid olub, Şəhidlik məqamına ucalıb və Mingəçevirdə-Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Nur içində yatsın, məkanı cənnətlik olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 3845 yeni yoluxma-DAHA 41 ÖLÜM…

Read Next

Evin tək oğlu…4 bacının tək qardaşı…XTQ döyüşçüsü-kəşfiyyatçı Şəhid Əli Məmmədovun Cənnətdəki ilk ad günü – BU GÜN 23 YAŞI TAMAM OLDU – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir