Akademik coxmənzilli binaların istismarına icazənin sadələşdirilməsindən danışdı…

Ölkədə iqtisadiyyatın bütün sahələri kimi, tikinti sektoru, mənzil tikintisi də inkişaf edir, genişlənir. Xüsusilə də, paytaxt Bakı şəhərində ötən əsrin 90-cı illərinin sonları, 2000-ci illərin əvvəllərindən başlayaraq qədimliklə müasirliyi birləşdirən memarlıq üslubuna uyğun yaşayış və digər təyinatlı binalar tikilir. Ümumilikdə, Azərbaycanda təxminən 20 ilə yaxındır ki, böyük tikinti bumu yaşanır.

Düzdür, bu sektorda da müəyyən məqamlarda (2015-ci ildə yaşanan iki devalvasiyanın nəticəsi olaraq) bir qədər geriləmə yaşanıb, amma son 2 ildə yenidən bu sahədə ciddi canlama müşahidə olunur. Bununla yanaşı, regionlarda aparılan tikinti-quruculuq işlərini də ümumi inkişafın mühüm tərkib hissəsi kimi səciyyələndirmək olar. Təbii ki, bu sektorun inkişaf etdirilməsində məqsəd insanların sosial rifahının daha da yaxşılaşdırılmasıdır. Bu günlərdə ölkə Prezidenti İlham Əliyevin bu istiqamətdə imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman da on minlərlə ailənin sevincinə səbəb olub.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata geniş açıqlamasında iqtisadçı-alim, millət vəkili Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, bu Fərman həmin sahədə illərdir həllini gözləyən problemə son qoyacaq, artıq sənədsiz və qeydiyyatsız bina qalmayacaq. Z.Səmədzadə bildirib ki, mənzil sahibləri bundan sonra heç vaxt belə problemlərlə qarşılaşmayacaqlar. Millət vəkilinin dediyinə görə, ümumilikdə, Fərman 400-dək yaşayış kompleksinə şamil olunacaq, 50 minədək mənzili əhatə edəcək: “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi ilə bağlı Fərmanla müəyyən edilmiş qaydalar ciddi araşdırmaların və mövcud vəziyyətin ətraflı təhlili nəticəsində ortaya çıxan konseptual yanaşmanın nəticəsidir. Elə məlum Fərmanda da qeyd edildiyi kimi, əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan, Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilir.

SENET-ILHAM

800px-Ziyad_Səmədzadə

 

Sözsüz ki, bu mühüm sənəd sayəsində yuxarıda da qeyd edildiyi kimi, on minlərlə insanın, vətəndaşımızın problemi öz həllini tapacaq. Ümumiyyətlə, bu Fərman ölkədə həyata keçirilən uğurlu sosial siyasətin bariz nümunəsidir. Dövlət başçısının imzaladığı Fərmanda digər mühüm məqamlar da öz əksini tapıb. Sənəddə qeyd edilir ki, bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərin hüquq və maraqları nəzərə alınmadan aparılıb ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib. Odur ki, ölkə prezidentinin böyük humanizm göstərərək həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzaladığı yeni Fərman insan, vətəndaş amilinə verilən böyük dəyərdir”.

Z.Səmədzadə sonra bildirib ki, 2019- cu il yanvarın 1-dək inşa edilmiş bütün çoxmənzilli binalarla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən rəyin hazırlanması və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilməsi nəzərdə tutulur:

“Müsbət rəy alan binalar komitə tərəfindən istismara buraxılacaq və həmin mənzillərdə yaşayan vətəndaşlar çıxarışla təmin olunacaq. Fövqəladə Hallar Nazirliyi rəyi iki ay ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edəcək. Komitə isə binaların yeddi gün ərzində istismara verilməsi ilə bağlı qərar qəbul edəcək. Göründüyü kimi, olduqca qısa zamandır. Yeni Fərman imkan verəcək ki, vətəndaşlar çoxmənzilli binalarda kommunal xidmətlərlə tam təmin olunsunlar. Eyni zamanda, əlavə edim ki, bu gün xeyli sayda bina var ki, onlarla bağlı rəy olmadığı üçün qazla təmin edilməyib. Yeni Fərman bu kimi problemlərin də aradan qaldırılmasına imkan verəcək. Bu proses bir ay müddətində həyata keçiriləcək. Bütövlükdə, imzalanmış yeni Fərman sözügedən sahədə mövcud olan çatışmazlıqlara nöqtə qoyur və qoyacaq. Bilirsiniz, hər bir insan üçün öz evində rahat və problemsiz yaşamaq mühüm sosial-psixoloji əhəmiyyət daşıyır. Bu, olduqca həssas məsələdir. Odur ki, ölkəmizdə güzəştli mənzil sisteminin tətbiqi, İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi qaydalarının müəyyənləşdirilməsi, ipoteka şərtlərinin asanlaşdırılması, əhalinin ən müxtəlif təbəqələrinin mənzillərlə təmin edilməsi istiqamətində həyata keçirilən çoxsaylı layihələr Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının həssaslıqla qəbul etdikləri bütün məsələlərə xüsusi diqqət və qayğısının göstəricisidir. Hər kəs də bunu məhz bu cür dəyərləndirir”.

Etikxeber.az

Read Previous

Aybəniz Haşımova və yetirmələri hər kəsi kövrəltdi, duyğulandırdı – FOTOLAR

Read Next

Şamaxı, İsmayıllı və Ağsu rayonlarına 11 milyon manat ayrıldı – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir