Akademik yazdı: “ÜRƏK YÜKÜ”

Hər sevginin bir tarixçəsi olur.

Mənim də unudulmaz Qabilin şeirinə və şəxsiyyətinə istəklərimin bir başlanma tarixi var, amma yəqin ki, nə qədər varam bu məhəbbət daha ürəyimdən gedən deyil.

1970-ci illərin ortaları idi, tələbə idim və o çağın ziyalıları, gəncləri arasında çox sevilən “Qobustan” sənət toplusunda ilk yazılarım dərc edilirdi. Toplu ildə 4 dəfə çıxsa da, hər gün olmasa belə günaşırı redaksiyaya baş çəkirdim. Aramızda nəzərəçarpacaq yaş fərqi olsa da, “Qobustan”çılarla mehriban münasibətlərimiz yaranmışdı və əsas da Tofiq Abdinlə dostluq edirdik.

Tofiq sadəcə istedadlı deyil, parlaq, yenilikçi bir jurnalist və publisist idi. O illərdə Azərbaycan mətbuatında yüksək peşəkarlığı, orijinallığı ilə seçilən jurnalistlər, publisistlər yetərincə idi. Onların arasında fərqlənmək, ən üstünlərdən sayılmaq sadə iş deyildi. Tofiqinsə hər yazısı əks-səda oyadırdı və onun qeyri-adiliyini hər kəs etiraf edirdi. Lakin jurnalistliyindən, publisistliyindən öncə Tofiq yaxşı şair idi.

Jurnalistliyində, publisistliyində qəliblərə sığmadığı kimi poeziyasında da çərçivələri sındıran, yıpranmış obrazlardan qaçan, yeni üfüqlər uman, incə zövq sahibi idi. Ortada olan, hətta XX əsrin klassikləri sayılan bir sıra şairləri belə bəyənmirdi, onların ayrı-ayrı şeirlərindən parçaları, misraları oxuyaraq rişxənd də edirdi. Rəsul Rzanı sevirdi, Nazim Hikmətin vurğunu idi.

Sabiq Papanin küçəsi tərəfdə, “Naxalsroy” deyilən – gecəqondular məhəlləsində Tofiqin kiçik mənzili vardı. Küçədən aşağıda, nisbətən çökəkdə yerləşdiyindən bu xırdaca mənzil yarımzirzəmi kimiydi. Amma o illərin müxtəlif rayonlardan olan əksər yaradıcı cavanları evsizlikdən əziyyət çəkdiyindən , kirayələrdə güzəran keçirdiyindən Tofiq bu mənzilinin olmasına görə həmişə Allaha şükür edər, ona bu evi almış trartorçu atası, ayrıca poema həsr etdiyi Məhərrəm kişini minnətdarlıqla anardı.

Həmin o xırdaca mənzil bir klub kimi idi və onillər sonra Azərbaycanın tanınmış qələm sahiblərinə, elm adamlarına çevriləcək neçə gənc orada az qala hər axşam fikir bölüşər, ayrı-ayrı ədəbi hadisələr, əsərlər barədə müzakirələr açar, mübahisələr edərdilər. Hər şairi, hər şeiri bəyənməyən Tofiq yazılarından birinə nərdtaxta arxasında əyləşmiş iki ixtiyarı təsvir edən misraları epiqraf kimi vermişdi və müəllifi göstərilməsə də, bu sətirlərin başqa şairə aid olduğu parçanın dırnaq arasına alınmasından bilinirdi:

–Xəzandır, Mirələm! 
– Görürəm! 
Yenə yaz gələcək, çöl-bayır güləcək. 
–Biz necə? 
– Biz çətin.
– Yetişib növbətim, növbətin. 
– Yüz şeş at, yüz beş at,
Burda gəl baş aldat
Hədərdir, mirələm! 
– Bilirəm.

O yazı Üzeyir bəy haqqında idi, dahi bəstəkarla əbədi ayrılığın baş verdiyi 1948-ci ilin qüssəli noyabr günlərinə aparırdı oxucunu. Zahirən iqtibas gətirilmiş bu şeir parçasının nə Üzeyir bəyə, nə o günlərə, nə o hadisəyə aidiyyəti vardı. Amma bu xəsis sətirlərin yaratdığı ürək sıyıran xiffət, o misralardan boylanan labüd sonun qaçılmazlığının oyatdığı naçarlıq duyğusu yazını oxumağa başlayacaq insanı həzin notlara kökləyirdi.Soruşmuşdum ki, bu kimin şeiridir?

raf-rafa

Sualıma təəccüblənmişdi ki, niyə Qabili tanımıram və niyə oxuyan kimi bu sətirlərin məhz Qabilinki olduğunu bilməmişəm. Tofiq gedib rəfdən Qabilin əl boyda bir kitabını götürdü (zatən o vaxt şeir kitabları elə kiçik ölçüdə buraxılırdı) və 2-3 saat boyunca ona xas coşqunluqla Qabilin bir-birindən gözəl şeirlərini ucadan oxumağa başladı. Oxuyurdu, mənim artıq bu şeirlərin sehrində olmağımdan məmnunluqla bəzi parçaları, ayrı-ayrı misraları qayıdaraq ikinci, üçüncü dəfə oxuyurdu.

“Tramvay parka gedir”, “Küləkli havalarda, yağışlı havalarda”, “Təki gedən yerim olaydı”, “Məhəbbət deyil”…

Beləcə, unudulmaz Tofiq Abdinin bələdçiliyi ilə o gecə mən Qabili bir şair olaraq kəşf etdim və sevdim. Bir neçə gün sonra o şeirlərin bir çoxunu artıq əzbər bilirdim və sərrast, cilalı, məna dolu misralar məndə elə yüksək təəssürat yaratmışdı ki, elə həmin günlərdə Kitab pasajından çaxaraq “Nərgiz” kafesinə (indiki Fəvvarələr meydanının yerində) doğru irəliləyən şair Qabili Tofiq mənə gendən göstərəndə bunun o olduğuna inanmamışdım, “oxşamır” demişdim.

– Necə yəni oxşamır, Qabili tanımıram, özüdür, imkan olanda tanış eləyərəm sizi.

– Yox, o mənada demirəm, şeirlərini oxuyandan sonra mən Qabili tamam ayrı cür təsəvvür edirdim.

Şeirlərindəki kimi görünüşündən də müasirlik, şəhərlilik yağan, gözəl, ucaboy, yəni təxminən qəhrəman kimi. Bu isə şəhər adamından çox rayonluya bənzəyir, şairdən çox adi adam təsəvvürü oyadır.

Gülüşdük. 

İllər ötdükcə, Qabili bir şair və insan olaraq daha yaxın tanıyıb daha çox sevdikcə buna şahid oldum ki, o, şeirlərinə üzdən nə qədər az oxşasa da, içərisi ilə, zəngin daxili dünyası ilə, mənəvi yüksəkliyiylə elə şeirləriylə tam bənzərdir. Qoşa alma kimi bənzər!

…Qabil haqda yazıya nöqtə qoya bilmirəm və Qabil o şəxsiyyət və o yaradıcıdır ki, onun özündən və sözündən bəhs edəndə həmişə nöqtə deyil, üç nöqtə qoymaq zəruriyyəti yaranır. Yəni mətləbin mütləq davamı var…

Ömür yolu göz önündən keçər hey,
Baxıb-baxıb dolan gözdü üç nöqtə.
Xatirələr bulağından hey içər, 
Gözü yolda qalan gözdü üç nöqtə.

Elə bu da Qabilin şeiridir. Toxunmadığı, könlündən, düşüncəsindən keçirərək şeirləşdirmədiyi mətləb varmı heç?! Qabilin bir ömür boyu yazıb-yaratdıqları oğlu Mahirin hazırladığı və şairin vəfatından sonra işıq üzü görmüş 7 cildə sığsa da, mənə elə gəlir ki, o, bir yazıçının bəhs edə biləcəyi nə qədər həyat həqiqəti, nə qədər sevinc və acı varsa onların hamısından yazmağa macal tapıb.

Yoxlamaq istəyirsinizsə, açın Qabilin cildlərini, özünüz oxuyun…

O sətirlərin gözləri yol çəkir, o gözü yol çəkən köhnəlməz şeirlər sizi gözləyir və həmişə gözləyəcək.
Və bu görüşlərdən sonra hökmən və həmişə yükünüz artacaq.

Ürək yükünüz, duyğu yükünüz, düşüncə yükünüz…

Rafael HÜSEYNOV,

Millət vəkili, Akademik

Etikxeber.az

Read Previous

Xatskeviçi Mixailiçenko əvəzləyir?!

Read Next

Bəxtiyar Vahabzadənin anadan olmasından 94 il ötür…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir