“Ali Baş Komandan bir daha birmənalı və qətiyyətli şəkildə dedi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır və biz heç vaxt işğalla barışmayacağıq…”-MİLLƏT VƏKİLİ

“Mən demişəm ki, Azərbaycan Ordusu tam komplektləşdirilib və bu gün əlavə canlı qüvvəyə ehtiyac yoxdur. Ancaq əgər ehtiyac olarsa, bir həftə ərzində qeydiyyata alınmış 50 mindən çox insan Vətən uğrunda, torpaq uğrunda vuruşmağa hazırdır”.

Bu fikirlər ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə məxsusdur.

Dövlət başçısı bu fikirləri iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirakı və geniş çıxışı zamanı deyib.

Bəli, artıq 32 ildən çoxdur ki, işğalçı, təcavüzkar Ermənistanın, onun havadarlarının təhriki ilə başladılan Qarabağ münaqişəsi davam edir. Münaqişə hələ də öz ədalətli və müsbət həllini tapmayıb.

Ötən illər ərzində forpost, vassal ölkədə tez-tez hakimiyyətlər, qanlı, cinayətkar xunta rejimləri dəyişsə də, bir-birini əvəzləsə də, müsbətə doğru heç nə baş verməyib. Bütün iqtidarlar, eləcə də, iki il öncə hakimiyyəti çevriliş və inqilab yolu ilə ələ keçirən bədnam və sərsəm Paşinyan hakimiyyəti, bir-birilərindən fərqlənməyib, eyni-işğalçılıq, təcavüzkarlıq, təxribatçılıq, fintəkarlıq siyasətini daha amansız şəkildə davam etdiriblər.

Paşinyan hakimiyyəti isə əvvəlkilərdən daha da avantürsit, destruktiv bir yol tutub, hər gün təxribatçılıq və fitnəkarlıq addımlarını atmaqdadır.

Elə buna son misal kimi, iyulun 12-də işğalçı qoşunların, təcavüzkar ölkənin Azərbaycan-Ermənistan səhəddinin Tovuz istiqamətində növbəti təxribatçılıq və fitnəkarlıq əməllərini, qanlı döyüşləri göstərmək olar.

Havadarlarının və dəstəkçilərinin təhriki ilə düşmən ölkə bu dəfə daha təhlükəli və daha məkrli addıma əl ataraq, nəinki region, əslində dünya miqyaslı layihələrin keçdiyi Azərbaycanın Qərb, konkret olaraq, Tovuz bölgəsini hədəf aldı.

Bununla həm Ermənistanda, xüsusilə, pandemiya ilə bağlı yaranmış dəhşətli vəziyyətdən, siyasi-sosial partlayışdan diqqətin yayındırılması, həm də Azərbaycanın dünyada enerji təhlükəsizliyinin təmin olunmasındakı aparıcı mövqeyinə, nüfuzuna ciddi zərbə vurulması düşünülürdü.

Ancaq düşmən hər mənada uğursuzluğa düçar edildi, dəstəkçiləri ilə birlikdə bütün məkrli planları alt-üst olundu.

Azərbaycan dövləti və Ordusu hər mənada Ermənistanı itkiyə məruz qoydu, seytnot vəziyyətinə saldı, onun işğalçı mahiyyəti bir daha açıb hər kəsə göstərdi, bir daha ona və havadarlarına öz gücünü və qüdrətini nümayiş etdirdi.

Nümayiş etdirdi ki, Qarabağ, torpaq məsələsində heç bir güzəşt ola bilməz, Ermənistanın və havadarlarının heç bir murdar niyyəti baş tuta biməz, istənilən an cavab daha ağır şəkildə veriləcək.

Ermənistan və havadarları 2016-cı ilin Aprel döyüşlərinin, 2018-ci ilin Cünnüt əməliyyatının daha ağır ağırını, daha betərini, daha sarsıdıcısını yaşaya bilər və yaşayacaq.

Buna Azərbaycan dövlətinin və Ordusunun hər cür imkanı, potensialı, qüdrəti var.

Həmçinin, Azərbaycan xalqının dövlətlə, iqtidarla, onun müzəffər Ordusu ilə qırılmaz, sarsılmaz birliyi, vəhdəti var.

Bunu 12 iyul hadisələrindən sonra yaşananlar,Orduya, hakimiyyətə, Ali Baş Komandana dəstək aksiyaları, yaşlı-cavanlı insanların səfərbərlik xidmətlərində növbəyə dayanmaları, Orduda könüllü xidmət göstərmək üçün yazılmaları, qeydiyyata alınmaları bir daha göstərdi.

Dövlət başçısı cənab İlham Əliyevin çıxışında da deyildiyi kimi, erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır.

Sonra “Ermənistanın indiki baş nazirinin partiyasının adı nədir? Bunu KTMT-də yaxşı bilirlər. Onu əgər Azərbaycan dilinə tərcümə etsən, bunun adı “çıxış”dır. Çünki bu adamlar hakimiyyətə bu şüarla gəliblər. “Çıxış!”, haradan çıxış? İki təşkilatdan – KTMT-dən və Avrasiya İqtisadi Birliyindən. Budur onların məramı, budur onların əsl sifəti! Əlbəttə, indi müxtəlif riyakar addımlarla, bəyanatlarla sübut etməyə çalışırlar ki, onlar bu təşkilatlara sadiqdirlər. Amma bu, yalandır. Onların əsl niyyəti hər kəsə bəllidir. Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz. Bu, birmənalıdır. Ona görə indi Ermənistan elə vəziyyətdədir ki, özünü itirib, səhv addımlar atır. Sərhəddəki təxribat hesab edirəm ki, onlar tərəfindən bir sınama cəhdi idi ki, baxsınlar, görsünlər buna kim nə reaksiya verəcək. Gördülər ki, onların müttəfiq saydıqları bütün ölkələr ya bizi dəstəklədilər, ya da neytral qaldılar. Gördülər ki, Azərbaycanın beynəlxalq dəstəyi nə qədər güclüdür. Ona görə bu, onlar üçün dərs olmalıdır. Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır”-deyən Ali Baş Komandan bir daha birmənalı və qətiyyətli şəkildə dedi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır və biz heç vaxt işğalla barışmayacağıq.

Ölkə Prezidenti həmçinin, erməni xalqının 1998-2018-ci illərdə Ermənistanda cinayətkar, kriminal rejimin, indi isə Soros rejiminin girov olduğunu diqqətə çatdıraraq bildirdi ki, onlar başa düşməlidirlər ki, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmasa, sülh olmayacaq və onlar özləri peşman olacaqlar. Nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır. Bunu beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi tələb edir. Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bunu tarixi həqiqət tələb edir. Çünki Dağlıq Qarabağ bizim tarixi torpağımızdır.

“Ermənistanın baş naziri deyir ki, “Dağlıq Qarabağ Ermənistandır” və ondan sonra hansı danışıqlardan söhbət gedə bilər. Çünki danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar azad olunsun. Biz bunun ətrafında danışıqlar aparmalıyıq. Yoxsa, nəyin ətrafında? Biz dırnaqarası “Dağlıq Qarabağ respublikası”na müstəqilliyin verilməsi haqqında heç vaxt danışıqlar aparmamışıq, heç vaxt! Bu, heç vaxt danışıqlar predmeti olmayıb. Mən bu haqda ümumiyyətlə heç vaxt danışmamışam və danışmaq fikrim də yoxdur. Biz onun ətrafında danışıqlar aparırıq ki, işğal edilmiş torpaqlar nə vaxt, hansı ardıcıllıqla azad edilsin. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Dağlıq Qarabağ Ermənistandır”, əgər deyirsə ki, “biz qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmaq istəyirik”, deməli o, danışıqları məhv edir. Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt – erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır”-deyərək, Ali Baş Komandan onu da bəyan etdi ki, qeyd-şərtsiz Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar!

“Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər”-deyə, dövlət başçısı məsələyə nöqtəni qoydu.

Bəli, bunu dəfələrlə demişik və bu gün də təkrar olaraq deyirik ki, artıq növbə qarşı tərəfindir, düşmən ölkənin və onun cinayətlərinə, təxribatlarına, fitnə-fəsadlarına göz yuman, görməzdən gələn beynəlxalq təşkilatların, həmsədr dövlətlərin, ATƏT və onun Minsk qrupunundur.

Onlar hamısı olanlardan dərs, nəticə çıxarmalı, ibrət götürməlidir. Yenə dərs, nəticə çıxarmayacaqlarsa, yenə ibrət götürməyəcəklərsə, özləri peşman olacaq, Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Ali Baş Komandanının rəhbərliyi ilə öz qəti və birmənalı sözünü deyəcək, münaqişəni özü istədiyi kimi həll edəcək və Qələbəyə, Zəfərə nail olacaq.

Çünki, bu, bizim, Azərbaycanın haqqıdır!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az


Read Previous

“Hamımız çox istəyirik ki, bu karantin rejimi tezliklə başa çatsın, tezliklə öyrəşdiyimiz həyat tərzinə qayıdaq… Ancaq biz görürük ki, bir balaca yumşalma olan kimi, xəstəliyin vüsəti dərhal genişlənir, yayılması sürətlə gedir və insanların həyatı təhlükə altına düşür…”-PREZİDENT

Read Next

“Polad Həşimov namərd, mənfur ermənilər, Ermənistan tərəfindən təşkil edilmiş təxribat nəticəsində Vətən uğrunda döyüşlərdə həlak olub”-Prezidentdən Şəhid generalın xatirəsinin əbədiləşdirilməsi üçün- MÜHÜM TAPŞIRIQ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir