“Azərbaycan öz doğma torpağına, Qarabağına qayıdacaq…O gün heç də uzaqda deyil…”-MİLLƏT VƏKİLİ

Ərazisinin 20 faizinin hələ də işğal altında, bir milyondan artıq insanının hələ də qaçqın-köçkün olmasına baxmayaraq, Azərbaycan ötən 32 il ərzində, xüsusilə də, 1993-ci ilin iyunundan bu yana torqaq, Qarabağ məsələsində güzəştə getməyib, bu gün də getmir, bundan sonra da getməyəcək. Bu, bizim-Azərbaycan xalqının, Azərbaycan dövlətinin, ölkə rəhbərinin, Ali Baş Komandanın birmənalı, qəti, dəyişməz və yekdil mövqeyidir. Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan iqtidarı Qarabağ, torpaq məsələində birdir, monolitdir, həmrəydir, yekdildir. Bu istiqamətdə edilən, güzəştə yönəlik cəhdlər də bu gün qədər alınmadığı, baş tutmadığı kimi, bundan sonra da baş tutan, alınan deyil.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov ölkə Prezidenti İlham Əliyevin avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərə münasibətini bildirərkən deyib.

Millət vəkili Azərbaycan Prezidentinin dünənki müsahibəsində Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsi məsələsində ölkəmizin, dövlətimizin bir daha birmənalı mövqeyini qətiyyətlə ifadə etdiyini vurğulayıb.

E. Səlimovun sözlərinə görə, ölkə Prezidentinin də qeyd etdiyi kimi, çox təəssüflər olsun ki, 1990-cı illərin əvvəllərində torpaqlarımız işğal altına düşmüş, Azərbaycan, – əgər belə analogiya aparmaq mümkündürsə, – Qarabağı tərk etmişdi.

“Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq”-deyən dövlət başçımız bir daha bildirdi ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Bəli, heç kim buna şübhə etməsin və edə də bilməz. Artıq Azərbaycan ötən əsrin 80-ci illərinin sonlarının, 90-cı illərinin əvvəllərinin zəif, gücsüz Azərbaycanı deyil. Bu gün Azərbaycan qüdrətli, güclü, inkişaf, tərəqqi edən lider bir dövlətdir. Azərbaycanın güclü, əsl döyüş qabiliyyətli Ordusu var. Bu Ordu 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Cünnüt əməliyyatında, eləcə də, 12-14 iyul 2020-ci il tarixlərində Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində yaşanan hadisələr zamanı öz sözünü dedi, nələrə qadir olduğunu və ola biləcəyini həm düşmənə, həm də onun arxasında dayanan güclərə göstərdi. Göstərdi ki, torpaq, Qarabağ məsələsində bir addım olsun belə geriyə çəkilmə olmayıb və olmayacaq, Ermənistanın və onun havadarlarının istənilən hücumlarının, təxribatlarının, fitnəkarlıqlarının qarşısı dərhal, anında alnacaq.

Və əgər düşmən, işğalçı ölkə, onun arxasında dayananlar baş verənlərdən, yaşanılan uğursuzluqlardan dərs, ibrət götürməyəcəksə, nəticə çıxarmayacaqsa, sülh danışıqları səmərə verməyəcəksə, o zaman Azərbaycan özü öz gücünə, kimdənsə icazə almadan, qanuni yollarla torpaqlarını, Qarabağı son qarışınacan azad edəcək, üçrəngli bayrağını Şuşada, Laçında, Kəlbəcərdə, digər bölgələrdə dalğalanıracaq. O gün heç də uzaqda deyil”-deyə, millət vəkili sözlərinə əlavə edib.

10:31, 22:32, 11 avqust

Etikxeber.az

Read Previous

“Rusiyanın Ermənistanı silahlandırması onun Azərbaycan torpaqlarını işğal etməsinə dəstək vermək deməkdir…Bu, əsla yolverilməzdir”-DEPUTAT

Read Next

91 yeni yoluxma qeydə alındı-DAHA 3 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir