“Ali Baş Komandanın qeyd etdiyi kimi, bu gün cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir və…”-KAMİLƏ ƏLİYEVA

Bu gün xalqımızın tarixində, təqvimində 28 may, 18 oktyabr və 15 iyun qədər möhtəşəm və əzəmətli, son dərəcədə əhəmiyyətli və vacib bir gündür. Bu gün Milli Ordumuzun, Silahlı Qüvvələrimizin yaranma Günüdür. Bu günün tarixi 102 il öncəyə gedib çıxır. İlk müstəqil Cümhuriyyətimizin dövründə bu günün əsası qoyulub və düz 80 il sonra varislik ənənələrinə sadiq qalan ikinci müstəqil Azərbaycanın, onun qurucusu və banisi Heydər Əliyevin tarixi Sərəncamı ilə rəsmi bayramlar sırasına salınıb. Düz 22 ildir ki, bu tarixi günü Azərbaycan Ordusunun yaranma Günü, bayram kimi qeyd edirik. Bu, bizim qürumuz və iftixarımızdır.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva deyib.

Qeyd edib ki, Milli Ordu, Silahlı Qüvvələr hər bir dövlətin və xalqının təhlükəsizliyi, təminatıdır.

“Güclü ordu olmadan güclü dövləti, müstəqil dövləti də təsəvvür etmək çox çətindir. Çox əlamətdar və qürurverici haldır ki, 1991-ci ilin payızından, xüsusilə, Ulu Öndərin ikinci hakimiyyəti dövründən və ölkə Prezidenti cənab İlham Əliyevin 17 illik hakimiyyəti dönəmində Azərbaycanda Ordu quruculuğu istiqamətində çox böyük yol keçilib, böyük məsafə qət edilib, böyük irəliləyişlərə nail olunub. Aparılan işlərin, həyata keçirilən siyasətin, dövlətin, dövlət başçısının, Ali Baş Komandanın diqqəti və qayğısı nəticəsində Azərbaycanın güclü, döyüş qabiliyyətli ordusu yaranıb, yaradılıb. Və bu Ordu öz gücünü 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Cünnüt əməliyyatında həm düşmənlərə, həm onların havadarlarına, həm də bütün dünyaya göstərib, nümayiş etdirib. Nümayiş etdirib ki, Azərbaycan Ordusu öz torpaqlarının uzun illər kiminsə işğalında qalmasına dözə bilməz, dözə bilmir və dözməyəcək. Heç zaman işğal faktı ilə barışmayıb və bundan sonra da barışmayacaq. O, istənilən an Ali Baş Komandanın əmrini yerinə yetirməyə, işğal faktına son qoymaya, Qarabağımızı, işğal altındakı yurd yerlərimizi azad etməyə hazır və qadirdir. Buna da kimsə mane və əngəl ola bilməz, bilməyəcək. Sadəcə, sülhsevər dövlət kimi, münaqişənin danışıqlar yolu ilə həllini istəyir və bunun üçün əlindən gələni edir. Əgər bunlar bir nəticə verməsə, düşmən dövlət işğalçılıq siyasətindən əl çəkməsə, o zaman layiqli cavabını alacaq, Azərbaycan Ordusu Aprel döyüşlərindən də qat-qat ağır və ölümcül zərbəni Ermənistana, onun himayəsində olan separatçı, qondarma “DQR” rejiminə endirəcək. O zaman onları kimsə xilas edə və qurtara bilməyəcək. Çünki buna həm Azərbaycan dövləti və dövlət başçısının, həm də Azərbaycan Ordusunun kifayət qədər gücü, iradəsi, qətiyyəti var, çatır.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında da dediyi kimi, “Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir”. Eyni zamanda, həmin çıxışda vurğulandığı kimi, hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, bizim ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun. Həmçinin, bu gün cəbhə bölgəsində yaranmış vəziyyət də bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir. Ona görə ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı bundan sonra da davam etdiriləcək. Eyni zamanda, bizim döyüş təyyarələrimiz modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotumuz var. Bu da bizim böyük potensialımızdır. Pilotsuz uçuş aparatları ən yüksək səviyyəli istehsalçıların istehsalıdır. Eyni zamanda, Azərbaycanda da bu istehsal təmin edilib və sair. Bəli, bunlar bizim gerçəkliyimiz, reallığımız, üstünlüyümüz, inkişafımızın, müstəqil siyasətimizin əyani göstəricidir. Bunlar imkan verir və verəcək ki, biz hər zaman hər şeyə hazır və güclü olacaq. Odur ki, Milli Ordu, Silahlı Qüvvələr Günü münasibəti ilə başda Ali Baş Komandan olmaqla, bütün Azərbaycan Ordusunu, əsgər və zabitlərimizi, bütövlükdə Azərbaycan xalqını ürəkdən təbrik edir və arzu edirəm ki, gün o gün olsun bu günü, bu bayramı işğal olunmuş torpaqlarımızda həm də Qələbə, Zəfər günü kimi qeyd edək”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Azərbaycan Ordusu 102 yaşını-QEYD EDİR

Read Next

“Bir ölkədə iki səhiyyə qurumu ola bilməz: Çox narahatam. TƏBİB bacarmır”-DEPUTATDAN SƏRT SÖZLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir