Ali Sovet və Milli Məclis: SPİKERLƏR, VİTSE-SPİKERLƏR-QAFAROVA, MƏMMƏDOV, QƏMBƏR, ƏLİYEV, QULİYEV, ƏLƏSGƏROV, ƏSƏDOV, ORUCOV, SƏMƏDZADƏ, QARAYEV…

6-cı çağırış Milli Məclisin (MM) ilk iclasının keçiriləcəyi gün heç də uzaqda deyil.

MSK-nın və Konstitusiya Məhkəməsinin yekun qərarından sonra-ən geci bu ayın sonları, gələn ayının əvvəllərində yeni tərkibli parlament öz fəaliiyətinə başlayacaq.

Etikxeber.az-ın xəbərinə görə, ilk iclasa ən yaşlı millət vəkili sədrlik edəcək.

Əgər hansısa bir dəyişiklik baş verməsə, ilk iclasa sədrliyi ən yaşlı-82 yaşlı millət vəkili, 6-cı dəfə deputat olan Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) sədri Fəttah Heydərov edəcək.

İlk iclasda heç şübhəsiz ki, parlamentin yeni rəhbərliyi, eyni zamanda, MM-in komitə sədrləri və sədr müavinləri, komitələrin üzvləri, həmçinin, Hesablayıcı və İntizam komissiyalarının rəhbərliyi və üzvləri seçiləcək.

Budəfəki rəhbərlikdə də ən azı iki yeni simanı görə biləcəyik.

Belə ki, Yeni Azərbaycan Partiyasından (YAP) olan vitse-spker Bahar Muradova və bitərəfləri 3 çağırış dalbadal təmsil edən Valeh Ələsgərov 6-cı çağırış seçkilərə qatılmadıqları üçün onların yerinə yeni şəxslər seçiləcək.

Spiker Oqtay Əsədov və birinci vitse-spiker Ziyafət Əsgərovla bağlı məsələyə gəlincə, bu, ölkənin ali rəhbərliyinin və YAP İdarə Heyətinin verəcəyi qərardan asılı olacaq.

Həmçinin, MM-in iki komitəsinə-B. Muradovanın sədrlik etdiyi İnsan hüquqları və V. Ələsgərovun rəhbəri olduğu Təbii ehtiyatlar, ekologiya və energetika komitəsinə yeni sədr seçiləcək.

Bəs görəsən, 1990-cı ildən bu yana-sonuncu çağırış Ali Sovet və 5-cağırı MM-ə kimlər rəhbərlik ediblər?

1991-ci ildə fəaliyyətə başlayan sonuncu çağırış Ali Sovetin (sonra Milli Şura, daha sonra Milli Məclis oldu) ilk sədri mərhum Elmira Qafarova oldu.

O, bu vəzifəsində cəmi bir işləyə bildi.

E. Qafarova 1992-ci ilin əvvəllərində ölkədə yaranmış vəziyyətlə əlaqədar vəzifəsindən getdi, istefa verdi və onu o zaman Azərbaycan Tibb Universitetinin (ATU) rektoru işləyən professor Yaqub Məmmədov əvəzlədi.

Y. Məmmədov həm də iki ay ölkə Prezidentinin (Ayaz Mütəllibovun istefaya getməsi ilə əlaqədar) səlahiyyətlərini icra etməli oldu…

1991-ci ildə keçmiş Mərkəzi Komitənin katibi, sabiq ADP-çi Telman Orucov birinci vitse-spiker, Müstəqil Azərbaycan Deputat Blokunu (Demokratik Bloku) təmsil edən BDU-nun hüquq fakültəsinin dekan müavini, AXC Ali Məclisinin sədri Tamerlan Qarayev isə vitse-spiker oldu.

Azərbaycan müstəqillik əldə etdikdən bir az sonra, 1991-ci ilin payızında Telman Orucov birinci vitse-spikerlikdən getməli oldu.

Onu tanınmış ziyalı və dövlət xadimi, akademik Ziyad Səmədzadə əvəzlədi.

1992-ci ilin may hadisələrindən, AXC-nin hakimiyyətə gəlməsindən sonra parlamentin rəhbərliyində yenidən dəyişiklik baş verdi.

Y. Məmmədovu AXC İdarə Heyətinin sədr müavini İsa Qəmbər, Ziyad Səmədzadəni T. Qarayev, T.Qarayevi isə Mütəllibovun müşaviri-mərhum Afiyyəddin Cəlilov əvəzlədi.

İ. Qəmbər həm də iki ay ölkə Prezidentinin səlahiyyətlərini icra etdi.

1993-cü ilin 4 iyun hərbi qiyamından sonra istefa verən İ. Qəmbəri Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin sədri, YAP sədri Heydər Əliyev əvəzlədi.

H. Əliyev də ilk dəfə Prezident seçilənə kimi, bir neçə ay ölkə Prezidentinin səlahiyyətlərini icra etdi.

Birinci vitse-spiker T. Qarayev H. Əliyev tərəfindən Çinə səfir göndərildiyi üçün bir müddət onun yeri boş qaldı.

1993-cü ilin payızında-H.Əliyev ilk dəfə Prezident seçildikdən sonra o zaman ARDNŞ-nin vitse-prezidenti olan Rəsul Quliyev Ali Sovetin yeni sədri seçildi.

1994-ci ilin sentyabrında A. Cəlilovun qətli yetirilməsindən sonra onun yerinə ixtisasca həkim olan bitərəf millət vəkili Yaşar Əliyev (sonradan Azərbaycanın Çindəki səfiri oldu) seçildi.

Həmçinin, həmin vaxt dövlət müşaviri işləyən Arif Rəhimzadə 1994-ci ilin oktyabrında birinci vitse-spiker vəzifəsinə seçildi.

1995-ci ildə ilk çağırış MM-in sədri yenə Rəsul Quliyev oldu.

O, bu dəfə YAP-ın təmsilçisi kimi spiker vəzifəsini icra etdi.

A. Rəhimzadə MM sədrinin birinci müavini, Y. Əliyev (bitərəflərin təmsilçisi kimi) müavini oldu.

Ancaq 1996-cı ilin payızında ölkə rəhbərliyi arasında yaranan fikir ayrılığına görə, R. Quliyev spikerlikdən getməli oldu, onu keçmiş siyasi icmalçı, YAP sədrinin müavini, BDU-nun rektoru işləyən hüquq elmləri doktoru Murtuz Ələsgərov əzəvlədi.

Qeyd edək ki, həmin vaxt YAP sədrinin müavini-mərhum Ziya Bünyadov professor-mərhum Səfiyar Musayevin namizədliyini dəstəkləmişdi…

2000-ci ildə, ikinci çağırış MM-də yenə M. Ələsgərov spiker, A. Rəhimzadə birinci vitse-spiker seçildilər.

Bitərəfləri bu dəfə millət vəkili, hüquq elmləri doktoru-mərhum Zakir Zeynalov təmsil etdi.

Bununla yanaşı, ikinci çağırışda müavinlərin sayı artırıldı, hüquqşünas, BDU-nun müəllimi, millət vəkili Ziyafət Əsgərov yeni vitse-spiker oldu.

Ancaq Z. Zeynalovun vitse-spikerliyi uzun çəkmədi.

O, qəflətən dünyasını dəyişdi, Z. Zeynalovu Şərqşünaslıq İnstitutunun direktoru işləyən və ilk dəfə millət vəkili seçilən Gövhər Baxşəliyeva əvəzlədi.

2005-ci ildə, 3 çağırış MM-də isə rəhbərlikdə dəyişkilik baş verdi.

“Azərsu”nun rəhbəri olan Oqtay Əsədov spiker, Z. Əsgərov birinci vitse-spker, YAP İcra katibinin müavini B. Muradova vitse-spiker, SOCAR-ın vitse-prezidenti işləyən V.Ələsgərov bitərəflərin nümayəndəsi kimi, MM sədrinin müavini seçildilər.

2010-cu və 2015-ci illərdə, 4 və 5-ci çağırışlarda isə MM-in rəhbərliyində dəyişiklik baş vermədi, rəyasət olduğu kimi, saxlanıldı…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Əlimdən gələni edəcəyəm ki…” – TURQUT QƏMBƏR

Read Next

“Ermənistan tərəfindən çox məyusedici və bir-birini inkar edən, ziddiyyətli bəyanatlar səslənir…” – Əliyev İtaliyada təkbətək və geniş tərkibli-GÖRÜŞLƏRDƏ – BİRGƏ BƏYANAT VERİLDİ – FOTOLAR – YENİLƏNİB – (8)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir