Ali təhsilli, peşəkar hərbçi, bir övlad atası, Aprel döyüşlərinin iştirakçısı, bir neçə medal və “Qarabağ” ordenli Həmidağa Hüseynzadə: BU GÜN ŞƏHİDİN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜDÜR, 32 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB

Bu gün Bakının İkinci Vətən Müharibəsi Şəhidlərindən olan peşəkar hərbçi, Xüsusi Təyinatlı Həmidağa Bağı oğlu Hüseynzadənin doğum günüdür.

Həmidağa Hüseynzadənin bu gün 32 yaşı tamam olur.

Bu, Şəhidin Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Həmidağa Hüseynzadə 1990-cı ilin avqust ayının 13-də Bakı şəhərində dünyaya gəlib.

Ailədə 3 uşaq-2 qardaş və bir bacı olublar.

1997-2008-ci illərdə orta məktəbdə oxuyub.

2008-2012-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb.

Ali təhsilini başa vurduqdan sonra, 2012-2013-cü illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində motoatıcı tağım komandiri kursunu bitirib.

Sonra Ağcabədi rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissədə, daha sonra Ağdamın Yusifcanlı kəndi istiqamətində yerləşən hərbi postda fəaliyyət göstərib.

2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) qulluq etməyə başlayıb, həmin ilin noyabrından isə Baş kəşfiyyatçı vəzifəsində calışıb.

2017-ci ilin may ayından “N” saylı hərbi hissədə qrup komandirinin müavini, 2019-cu ildən isə qrup komandiri vəzifəsində işləyib.

2016-ci ilin Aprel döyüşlərində iştirak edib.

Kapitan hərbi rütbəsinəcən yüksəlib.

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də Kəlbəcər-Murovdağ istiqamətində qanlı döyüşlərə qatılıb.

Döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib.

Və müharibənin 2-ci günündə, sentyabrın 28-də, 30 yaşının tamamından düz bir ay yarım sonra Murovdağda qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi İkinci Fəxri Xiyabanda dəfn olunub.

Həm Şəhidliyindən öncə, həm də Şəhidliyindən sonra orden və medallarla təltif olunub.

Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə, “Qarabağ” ordeni, “Vətən uğrunda” “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

30 yaşında ömrü, arzuları yarımçıq qalan Şəhidimiz həm də ailəli, bir qız atası olub.

Həmidə adlı qızı ailəsinə, Vətənə əmanət qalıb.

Torpağı sanı yaşasın, ruhu balaca Həmidəyə kömək olsun!

***

Bu gün səhər saatlarında Cənnətdəki ikinci doğum günü, 32 yaşının tamam olması ilə bağlı Şəhidin İkinci Fəxri Xiyabandakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklilər qoyulub.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, hərbi orkestrin ifasında Dövlət himni səsləndirilib.

Ruhuna dualar oxunub, qısa çıxışlar edilib.

Şəhidin İgidliyi və Qəhrəmanlığından bəhs olunub, ailəsinə səbr və dözüm arzulanıb, Cənnətdəki ikinci doğum günü, 32 yaşı təbrik edilib.

Məzarını ziyarətdə ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, hərbçilər, Nəsimi, Abşeron rayon icra hakimiyyətlərinin başçıları və məsul şəxsləri, millət vəkili Ülvi Quliyev və digər şəxslər iştirak ediblər.

Ziyarətdən sonra Bakıdakı restoranlardan birində Şəhidin Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasim keçirilib.

Məkanı cənnətlik, məqamı Uca, Cənnətdəki ikinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

Nurlu, işıqlı xatirəsi, ruhu daim qəlblərdə, könüllərdə yaşayacaq!

Ruhu daim əzizləri, yaxınları, cəmi Azərbaycanla olacaq!

12:20

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin tək və subay övladı, ali təhsilli, 3 medallı-ŞƏHİD RÜFƏT ZÖHRAB OĞLU MUSTAFAYEV… VƏ YA TƏK ÖVLADLARINI ŞƏHİD VERMİŞ İKİ YARALI, DƏRDLİ ANA-AFƏT ANA VƏ LƏTAFƏT ANA… – FOTOLAR

Read Next

Daha 420 yeni yoluxma-DAHA 5 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir