Ali təhsil və təhsil kreditləri ilə bağlı qanun layihələrindən-TƏZƏ XƏBƏR VAR – MM-İN KOMİTƏ SƏDRİ AÇIQLADI

Bəxtiyar ƏLİYEV: “Əgər biz bu karantin qaydalarına ciddi riayət etsək, vətəndaş məsuliyyətimizi bir qədər artırsaq, tezliklə bu vəziyyətdən çıxa bilsək, onda düşünürəm ki, payız sessiyasında hər iki qanuna baxıla bilər…”

Etikxeber.az-ın suallarını professor, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev cavablandırır:

-Bəxtiyar müəllim, uzun müddətdir ki, günəmdə olan “Ali təhsil haqqında” qanun layihəsindən təzə nə xəbər var?

– “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı İşçi Qrupu yaradılıb və layihənin üzərində iş gedir. Yəni, baş verən reallıqlar əsas verir ki, o layihə üzərində yenidən bir də işlənilsin. Düşünürəm ki, müvafiq təşkilatların, o cümlədən Təhsil Nazirliyinin mütəxəssisləri – onlar da İşçi Qrupundadı – ali məktəblərin, qeyri-hökumət təşkilatlarının, Milli Məclisin deputatlarının iştirakı ilə həmin sənəd bir daha nəzərdən keçirilməli, təkmilləşdirilməlidir. Onu da deyim ki, qanun layihəsinin hazırlanması ilə məşğul olan İşçi Qrupu 5-ci çağırış MM tərəfindən yaradılıb. Eyni zamanda, Milli Məclis yeni tərkibdə formalaşıb, komitə də yeni tərkibdə formalaşıb və buna uyğun olaraq İşçi Qrupunun tərkibində də yeniliklər baş verir, ora yeni insanlar cəlb olunur və bu səbəbdən də, çox mükəmməl bir qanun layihəsi işlənməli, müzakirələrə təqdim edilməlidir.

Bilirsiniz ki, ölkə başçısının Fərmanı da oldu ali məktəblərlə, distant təhsillə bağlı. Bax bunlar hamısı bir daha bizə belə bir qənaətə gəlməyə əsas verir ki, bu qanunvericilik aktı çox vacib, çox ciddi, təhsil sahəsində yekun bir qanundur. Çünki “Təhsil haqqında” qanun çərçivə qanun idi. “Məktəbəqədər təhsil haqqında” qanun qəbul edilib, qüvvədədir. “Ümumtəhsil məktəbləri haqqında” qanun qüvvədədir. “Peşə təhsili haqqında” qüvvədədir və “Elm haqqında” qanun qüvvədədir. Təhsil pillələrini götürsək bircə “Ali təhsil haqqında” qanun qalır ki, biz də onu ciddi şəkildə işləməliyik…

– Bəs, insanların, övladları ödənişli təhsil alan valideynlərin səbrsizliklə gözlədikləri “Təhsil kreditləri haqqında” qanun layihəsinin hazırlıqları, aqibəti nə yerdə qaldı?

– Təhsil kreditləri ilə də bağlı iş gedir. Bilirsiniz ki, burada da maliyyə məsələləri var ciddi şəkildə. Dünya təcrübəsi də göstərir ki, o iş düzgün təşkil edilmədikdə, təhsil kreditlərinin geri qaytarılması çox ciddi problemlər yaradır. Təbii ki, orada risklər var, amma bugünləri Azərbaycanda çox mükəmməl bir sxem hazırlanır ki, o əsasda da biz “Təhsil kteditləri haqqında” mükəmməl bir qanun qəbul edək. Yəni, təhsilin əlçatanlığını daha da gücləndirmək üçün ehtiyacı olan, ali təhsil almaq istəyən vətəndaşımıza bu kreditlər verilsin. Eyni zamanda, həmin tələbələr təhsilini bitirdikdən sonra onlar işlə təmin edilməlidir ki, kreditləri geri qaytara biləcək durumda olsun.

Müəyyən zaman ərzində onların maliyyə vəziyyətini ağırlaşdırmadan o kreditlərin geriyə qayıtması və geriyə qayıdan kreditlərin hesabına dövlətdən vəsait almadan onu bir fonda çevirmək, yəni, tələbə, təhsil kreditlərinin fondunu yaratmaq nəzərdə tutulur. Bir sözlə, mükəmməl mexanizm üzərində iş gedir və düşünürəm ki, əgər bu pandemiya məsələsi olmasaydı, yəqin ki, bu məsələ tez bir zamanda həllini tapardı. Amma bu barədə iş gedir. Artıq düşünürəm ki, yaxın zamanlarda biz onu görəcəyik.

-Konkret olaraq, bu iki qanun layihəsindən birini bu yaz sessiyasında ən azı birinci oxunuşda və ya onun bütövlükdə qəbulunu görmək mümkün olacaqmı?

– Bilirsiniz, “Ali təhsil haqqında” qanun layihəsi heç birinci oxunuşdan da keçməyib. Çünki böyük bir qanun layihəsidir. İlk növbədə bu qanun layihəsi komitədə müzakirə olunmalıdır və düşünürəm ki, bunun geniş müzakirəsini keçirək. Yəni, maraqlı tərəflərlə – həm vətəndaş cəmiyyəti, həm də ali təhsil müəssisələri tərəfindən ümumi bir müzakirə təşkil etməyi düşünürük. Bu olmasa, o zaman geniş ictimai müzakirəsi təşkil edəcəyik. Məhz ondan sonra biz qanun layihəsini birinci oxunuşa tövsiyə edəcəyik.

Odur ki, adıçəkilən qanun layihəsinin bu yaz sessiyasında qəbul edilməsini real görmürəm. Bununla belə, əgər biz bu karantin qaydalarına ciddi riayət etsək, vətəndaş məsuliyyətimizi bir qədər artırsaq, tezliklə bu vəziyyətdən çıxa bilsək, onda düşünürəm ki, payız sessiyasında hər iki qanuna baxıla bilər. İlk öncə pandemiyanı aradan qaldırmalıyıq. Ona qələbə çalmaq üçün, işimizi yüngülləşdirmək üçün, dövlətin yükünü azaltmaq üçün hər bir vətəndaş gərək məsuliyyətli olsun. Öz əzizlərini, yaxınlarını qorusun, dövlətini qorusun ki, dövlət də ona daha yaxşı münbit şərait yarada bilsin.

12:10

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycanla Ümumdünya Səhiyyə Təşkilatı arasında Donor-SAZİŞİ İMZALANDI…-FOTO

Read Next

Daha 70 yeni yoluxma-QEYDƏ ALINDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir