“Nə qədər yalvarsam da, nə qədər dil töksəm də…”-EVİN-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU MƏHƏMMƏD İSMAYILZADƏNİN ANASI MİRANƏ İSMAYILOVA – FOTOLAR – YENİLƏNİB

Məhəmməd Füzuli oğlu İsmayılzadə…

1996-cı il, 10 iyun doğumlu…

İkinci Vətən Müharibəsi Şəhidi…

Məhəmməd Şərur rayonunun Yengicə kəndində anadan olub…

1997-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb…

Ailənin iki övladından biri, tək bacının tək qardaşı, tək oğul idi…

2014-cü ildə Suraxanı rayonu 317 nömrəli məktəbi bitirdikdən sonra Naxçıvan şəhərində hərbi xidmət keçib…

Vətən keşiyində olan zaman göstərdiyi şücaəti ilə xüsusi təyinatlı dəstənin komandirlərinin diqqətini cəlb edib və baş kəşfiyyatçı kimi hərbi xidmətini davam etdirib…

Göstərdiyi igidliklərə görə, bir neçə dəfə fəxri fərmanla təltif olunub…

Ən böyük arzusu xaricdə təhsil almaq olub və bu məqsədlə 2019-cu ildə Türkiyənin Kütahya Dumlupınar Universitetinə qəbul olunub…

O, həm də gözəl heykəltəraş olub…

2020-ci ilin oktyabrın 2-də təhsilini davam etdirməsi üçün Türkiyəyə getməli olduğu halda, qərarını dəyişib…

İkinci Vətən Müharibəsinin başlaması ilə əlaqədar elə həmin gün, sentyabrın 27-də hərbi komissarlığa müraciət edib, könüllü cəbhəyə yazılıb…

Anası Miranə xanıma deyib ki, “müharibəyə gedəcəyəm və Şəhid olacağam”…

Anası nə qədər yalvarsa da, onu nə qədər dilə tutmağa çalışsa da, Vətən, Qarabağ sevdalısı Məhəmməd inadından, qərarından geri dönməyib…

Sentyabrın 29-da, axşam saatlarında təkidlə cəbhəyə yola düşüb və bir neçə gün Füzulidə kəşfiyyatçı kimi fəaliyyət göstərib…

Daha sonra o, öz arzusunu ön cəbhədə Həmlə taboruna könüllü qoşularaq gerçəkləşdirib…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib…

Sonuncu dəfə isə Şəhid olduğu gün, oktyabrın 25-də, səhər saat 8-də ailəsi, valideynləri ilə danışıb…

Hansı ki, həmin vaxt bir neçə yerindən yaralanmış, əlinin biri isə tamam parçalanmış vəziyyətdə olub…

Ancaq yenə də hər şeyin yaxşı olduğunu deyib, ailəsini, valideynlərini Allaha əmanət edib…

Atası ilə telefonda danışan zaman həm də böyük əminliklə “Ata biz işğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq. Biz tarix yazacağıq”-deyib…

Təxminən bir aya yaxın şərəfli döyüş yolu keçən Məhəmməd valideynləri ilə danışandan cəmi 2-3 saat sonra Füzuli rayonunda qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb…

Şəhidliyi xəbəri isə ailəsinə oktyabrın 26-da, günorta saatlarında verilib və və elə həmin Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib…

Ancaq ailəsi övladlarının eyni zamanda, ali ordenlərimizdən biri və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmasını istəyir…

24 yaşında Şəhidlik məqamına ucalan Məhəmməd həm də subay olub…

Bu yerdə qeyd edək ki, Şəhidin atası Füzuli İsmayılov da müharibə iştirakçısı, Birinci Qarabağ Savaşının Qəhrəmam döyüşçülərindən olub…

1992-93-cü illərdə Ağdərə istiqamətində döyüşlərdə iştirak etsə də, ölümlərdən dönsə də, hələ də veteran vəsiqəsini ala bilməyib…

Məhəmməd həm də Yengicənin üç İkinci Vətən Müharibəsi Şəhidindən biridir…

***

Bu gün axşam saatlarına yaxın Şəhidin Zığda yaşayan ailəsini ziyarət etdim…

Ailəsinə, valideynlərinə başsağlığı verdim, Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Ailəsi, valideynləri ilə söhbətləşdim, dərdləşdim, onlarla birlikdə Məhəmmədin qısa, lakin şərəfli həyat və döyüş yoluna nəzər saldım…

Çox duyğulu, təsirli, kövrək anlar yaşadım…

Və cəmi Şəhidlər, Vətən sevdalıları kimi Şərəfli, Qürurlu bir həyat və döyüş yolu…

Hər kəsə örnək olacaq bir Ömur yolu…

Sonra Şəhidin anası Miranə Yəhya qızı İsmayılovaya “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin (İB) təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsini təqdim etdim…

Şəhid anası da öz növbəsində “Vətən Naminə” təşkilatına və təşkilatın rəhbəri, Qubalı Şəhid anası Tünzalə Abduləlimovaya minnətdarlığını ifadə etdi…

Məqamı Uca, məkanı cənnətlik olsun!

Nur içində uyusun!

18:24

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 72 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Read Next

Britaniya Ukraynaya 14 ədəd “Challenger 2”-VERƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir