“Alternativ enerji ənənəvi enerjini tam əvəz edə bilməyəcək”- Nazir

Azərbaycanın energetika balansında alternativ və bərpaolunan enerjinin payının artırılması istiqamətdə nailiyyətlərin əldə edilməsi bu sahəyə özəl sektorun cəlbini tələb edir.

Energetika Nazirliyindən Etikxeber.az-a bildirilib ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumunda iştirak etmək məqsədilə Bakıda səfərdə olan Qazaxıstanın energetika nazirinin müavini Maqzum Mirzaqaliyevlə görüşündə danışılıb.

Görüşdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin Azərbaycanın əsas prioritetlərindən olduğu, bu məqsədlə 2004-cü ildə qəbul edilmiş “Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması” üzrə Dövlət Proqramında külək, günəş, hidro, biokütlə və geotermal enerji mənbələrindən geniş və səmərəli istifadə olunması üçün konkret məsələlərin qoyulduğu, külək parkları, günəş stansiyaları, kiçik çaylar üzərində elektrik stansiyalarının inşa olunduğu qeyd edilib.

N.Əliyev deyib ki, görülən işlərə rəğmən ölkənin energetika balansında alternativ və bərpa olunan enerjinin payı o qədər də yüksək deyil və bu istiqamətdə nailiyyətlərin əldə edilməsi bu sahəyə özəl sektorun cəlbini, lazımi şəraitin yaradılmasını, stimullaşdırıcı tədbirlərin görülməsini və qanunvericilik bazasının daha da təkmilləşdirilməsini tələb edir. Bununla yanaşı, nazir hesab edir ki, alternativ və bərpa olunan enerji ənənəvi enerjini tam əvəz edə bilməyəcək.

Qazaxıstanın energetika nazirinin müavini M.Mirzaqaliyev isə gələcəyin enerjisinin müəyyən edilməsi baxımından gələn il ölkəsində keçiriləcək EXPO-2017 “Gələcəyin enerjisi” beynəlxalq sərgisinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, sərgiyə hazırlığın gedişatı barədə məlumat verib.

Nazir müavini həmçinin Natiq Əliyevin EXPO-2017 “Gələcəyin enerjisi” beynəlxalq sərgisi çərçivəsində 2017-ci il iyunun 11-14-də Astanada keçirilməsi nəzərdə tutulan “Dayanıqlı inkişaf üçün enerji” VIII Beynəlxalq Forumu və Nazirlərin Konfransına dəvət edildiyini diqqətə çatdırıb.

Bundan başqa, görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın perspektivləri, “Kaşağan” yatağından hasil edilən neftin ixracı, Qazaxıstan üçün şaxələndirilmiş ixrac sisteminin yaradılmasının vacibliyi və bu məqsədlə Çin istiqamətində planlaşdırılan layihələr, eləcə də Mərkəzi Asiyanın enerji mərkəzi kimi mövcud vəziyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb.

Etikxeber.az

Read Previous

Prezident Qazaxdan Ağstafaya gəldi,“Modern”in açılışında iştirak etdi – FOTOLAR – YENİLƏNİB

Read Next

“Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışı olub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir