Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Kənanla axırıncı görüşümüz müharibədən bir gün əvvəl, sentyabrın 26-da oldu…Həmin gün saat 11:00 radələri olardı, Sumqayıtdaydıq, Kənan evə gəldi…Məni götürüb maşınla Sumqayıtı başdan-ayağa gəzdirdi…Mənim də heç nədən xəbərim yox, ağlıma da gəlməzdi ki, sabah müharibə başlayacaq və bu, Kənanla sonuncu görüşümüz olacaq…Dedi ki, ana, qardaşımın mənim boyunumda haqqı çoxdur, ondan ötrü böyrəyimi belə sataram…Mən də dedim ki, qardaşındır, borc etməyib ki?!…Dedi ki, ana, qardaşım mənə təkcə qardaşlıq yox, həm də atalıq edib, özü əyninə geyinməyib, amma mən universitet tələbəsi olduğum üçün ən yaxşı paltarı mənə alıb…
Qeyd edim ki, övladlarım yoldaşımı-atalarını vaxtsız itirmişdilər, onları minbir çətinliklərlə böyütmüşdüm…Yenə dedim ki, elə demə, qardaşın bunları borcla-xərclə etməyib, bir qardaş kimi borcunu yerini yetirib, narahat olma…Şəhəri gəzib-dolaşdıqdan sonra evə qayıtdıq…Evə gələndən sonra gedib yatdı…Sonra oyandı və qardaşı ilə aşağıya düşdü…Aşağıda da qardaşına deyib ki, gəl, müharibənin olacağını, müharibəyə gedəcəyimizi anama deyək…Anar da razı olmayıb, deyib ki, anama desək, bizi buraxmayacaq, heç nə deməyək… Sonra qayıdıb gəldi, mənimlə yenidən görüşdü, qucaqlaşdı və öz iş yerinə döndü…Səhərisi gün isə hamı kimi mən də müharibənin başladığını eşitdim…Bundan sonra Kənanla heç bir əlaqəmiz olmadı, ondan xəbər çıxmadı…Anardan da Kənanı soruşanda dedi ki, buralardadır…
Bu sözləri Əbədiyyətə uğurlanmasının 6-cı ilində-Anım Günündə Ucarlı İkinci Vətən Müharibəsi Şəhidi, iki hərbçi, iki Xüsusi Təyinatlı qardaşdan biri Kənan Niftalı oğlu Məmmədovun anası Gülnisə Məmmədova Şəhidimizin ocağını ziyarət zamanı dilə gətirdi.
Qeyd edim ki, ziyarətdə mənimlə birgə Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi, tək övlad Elməddin Hüseynzadənin anası Arzu Hüseynova da iştirak edirdi.
Ziyarət zamanı öncə Şəhidimizin anası Gülnisə xanıma və tək qardaşı, 12 ilin Xüsusi Təyinatlısı Anar Məmmədova Allahdan səbr və dözüm arzuladıq…
“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”, dedik…
Şəhidimizin müqəddəs ruhu qarşısında ehtiramla baş əydiyimizi dilə gətirdik…
Şəhidimizin anası ilə dərdləşdik, söhbətləşdik, məzarını ziyarət etdik, həm də Anım Günü ilə bağlı təşkil edilən Anım məclisində iştirak etdik…

Şəhidimizin anası sözlərinə davam edərək qeyd etdi ki, ona Kənanın dizindən yaralandığı bildirilib.
“…Anar dedi ki, Kənan dizindən yaralanıb, Gəncədə xəstaxanadadır, əməliyyat olunub, hazırlaş gedək…Mən də dedim ki, zərər yox, sağalıb keçər, təki başqa heç nə olmasın…Amma yolboyu görürdüm ki, Anar çox narahatdır…Məni də heç nə başa düşmürəm, tez-tez yolda maşını saxlayır, düşür, mağazaya girib çıxırdı…Məni də elə hey məcbur edirdi ki, yat… Deyirdi ki, ana, yat da…Mən də deyirdim ki, yox, yatmıram…Dedim ki, deyəsən, məni aldadırsan, məni Gəncəyə apar Kənanı görüm…Dedi ki, ana, sən narahat olma, Kənan dizindən əməliyyat olunub, amma bir az axsayacaq…Dedim ki, eybi yox, axsayar-axsayar, təki canı sağ olsun…Sonra gəlib çatanda gördüm ki, maşınların sayı-hesabı yox, sanki insan selidir, insan əlindən tərpənmək olmur…Sən demə, balam Şəhid olubmuş, Anarın da Kənanın Şəhidliyindən xəbəri varmış, amma özü mənə heç nə demirmiş (gözləri dolur)…Oktyabrda dünyaya gəldi, oktyabrda da torpağa tapşırıldı…”
Bu yerdə onu da qeyd edim ki, Kənan Məmmədov 1993-cü ilin 22 oktyabr tarixində Ucar rayonunun Alpout kəndində dünyaya gəlib…
Ailənin iki övladından, iki qardaşdan biri olub…
Atalarını vaxtsız itiriblər…
Anaları Gülnisə xanım onlara həm analıq, həm də atalıq edib…
Orta məktəbi bitirdikdən sonra BDU-nun filologiya fakültəsinə daxil olub, ali təhsilə yiyələnib…
Ancaq öz ixtisasının, öz peşəsinin arxasınca getməyib…
Qardaşı Anar kimi hərb sənətini seçib 2017-ci ildən…
Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) fəaliyyət göstərib…
İkinci Vətən Müharibəsinin ilk günündən də Leytenant, Xüsusi Təyinatlı kimi döyüşlərdə olub, Kəlbəcər-Murov istiqamətində döyüşlərdə iştirak edib…
Müharibənin 3-cü günündə, sentyabrın 29-da isə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ancaq nəşi 3 gün sonra, oktyabrın 2-də Alpout kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…
Eyni zamanda, ondan yaşca böyük olan tək qardaşı Anar Məmmədov da 2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyət göstərir, Aprel döyüşlərinin, İkinci Vətən Müharibəsinin və digər hərbi əməliyyatların iştirakçısı olub, medallarla təltif olunub…
Hazırda ailəli, iki övlad atasıdır.
Allah Şəhidimizin-Kənan Məmmədovun məqamını Ali və Uca etsin!
Nur içində yatsın!
***







Kamil HƏMZƏOĞLU (HƏMZƏOĞLU)
Etikxeber.az





