Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Gəncəli İkinci Vətən Müharibəsi Şəhidi Rəşad İlqar oğlu Ələkbərovun doğum günüdür.
Rəşad Ələkbərovun bu gün-15 sentyabr 2026-cı il tarixində 29 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, əslən Gədəbəyli olan Rəşad Ələkbərov 15 sentyabr 1997-ci ildə, anası ilə eyni gündə-Gəncə şəhərində dünyaya göz açıb.
Evin-ailənin tək, yeganə oğlan övladı olub.
Anası, Birinci Qarabağ Savaşının iştirakçısı Nailə xanım tərəfindən yataqxanada və təkbaşına böyüdülüb.
Rəşad 2012-ci ildə Gəncə şəhər 44 nömrəli məktəb-liseyin 9-cu sinfini bitirib.
2016-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib.
Hərbi xidmətdən əvvəl və sonra video-operator işləyib.
2020-ci ilin iyul ayında, Tovuz hadisələrindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsinə gedərək müharibədə iştirak etmək üçün müraciət edib.
27 sentyabr 2020-ci il tarixində İkinci Vətən Müharibəsinin başlaması ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Rəşad Ələkbərov yenidən hərbi xidmətə çağrılıb.

O, Vətən müharibəsi zamanı Xocavənd rayonunun Ağoğlan (Hadrut) qəsəbəsi, Füzuli rayonu, Şuşa şəhərinin Daşaltı kəndi və Xankəndi şəhəri istiqamətindəki döyüşlərdə qəhrəmanlıqla vuruşub, bu ərazilərin işğaldan azad edilməsində fədakarlıq göstərib, Şuşa fatehlərindən olub.
Rəşad Ələkbərov Şuşanın azad edilməsindən bir gün sonra və Qələbənin qazanılmasına cəmi saatlar qalmış, 9 noyabr 2020-ci il tarixində Laçın dəhlizi uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi 3 gün sonra, 12 noyabr 2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Rəşad Ələkbərov Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə, ölkə Prezidenti tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları və 2026-cı ilin iyun ayının 25-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Rəşad eyni zamanda, subay olub.
Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





