“Fəxrim haqqında çox danışmayacağam… Çünki övladım Şəhidliyi ilə öz sözünü deyib…”-3 MEDALLI, MAXE, ŞƏHİD FƏXRİ QƏRİBZADƏNİN ANASI MEHPARƏ XANIM… – FOTO-VİDEO – YENİLƏNİB – (2)

Bu gün Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan, anası tərəfindən təkbaşına böyüdülən, evin tək oğlu, 3 medallı-MAXE Fəxri Qəribzadənin Şəhid olduğu, torpağa tapşırıldığı gündür.

Düz bir il keçir Onun Şəhidliyindən və Əbədiyyətə uğurlanmasından.

Bu gün Şəhidin Anım Günüdür.

Etikxeber.az xəbər verir ki, Fəxri Qəribzadə 1994-cü ilin yanvarın 10-da Bərdə rayonunun Güloğlular kəndində anadan olub.

2001-2011-ci illərdə Bakı şəhəri Suraxanı rayonunda Əmi Məmmədov adına məktəbdə təhsil alıb.

Orta məktəbi başa vurduqdan sonra, 2012-2013-cü illərdə, Quru qoşunlarında həqiqi hərbi xidmətdə, əsgərlikdə olub.

O, hərbi xidmətini-əsgərliyini də Fəxri fərmanla başa vurub.

Hərbi xidməti başa vurduqdan sonra yenidən taleyini Ordu ilə, hərblə bağlayıb.

MAXE kimi xidmətini davam etdirməyə başlayıb.

İkinci Vətən Müharibəsinin ilk anından, ilk saniyəsindən də döyüşlərə atılıb.

Belə ki, sentiyabrın 27-dən Murov dağının, Talışın, Suqovuşanın, Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Döyüşüb, vuruşub, İgidliklər, Qəhrəmanlıqlar göstərib…Və oktyabrın 10-da Ağdərə döyüşləri zamanı Şəhid olub, Şəhidlik məqamına ucalıb.

Nəşi Bərdə rayonunun Şəhidlər xiyabanında dəfn olunub.

Ölümündən sonra Ali Baş Komandan tərəfindən 3 medalla-“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü”  medalları təltif edilib.

Fəxrigil ailədə iki uşaq-bir qardaş, bir bacı olublar.

Hazırda da bacısı Türkanə xanım ailəlidir, anası-Şəhid anası Mehparə xanım da qızıgildə olur, yaşayır.

Fəxri həm də nişanlı olub, öz xalası qızı ilə nişanlanıb, 2020-ci ilin payızında toyları olacaqmış…

Fəxrinin eyni zamanda, ad və soyadını daşıyan Fəxri Qəribzadə adlı bacısı oğlu var.

***

Anım Günü ilə bağlı bu gün səhər saat 10:00-dan Fəxri Qəribzadənin Bərdə Şəhidlər Xiyabanındakı məzarının ziyarəti başlayacaq.

Ziyarətdə Şəhidin anası, bacısı və bacısının ailəsi, yaxınları, Bərdə sakinləri, Bərdə və digər bölgələrdən olan Şəhid ailələri, din xadimləri, məktəblilər və başqa şəxslər iştirak edəcəklər.

Şəhidin məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək.

Ziyarətdən sonra, saat 11:00-12:00 radələrindən isə “Səadət” şadlıq sarayında Şəhidin anım mərasimi başlayacaq və ehsan veriləcək.

Anım mərasimi təxminən 4 saat davam edəcək.

Nur içində yatsın, məkanı cənnətlik olsun!

Allah anasına, bacısına və əzizlərinə səbr versin!

00:00

***

Saat 10:10…

Bərdə Şəhidlər Xiyabanı…

Böyük izdiham, insan seli…

İnsanlar axın-axın Şəhidlər Xiyabanına, Şəhidlərin, o cümlədən Fəxri Qəribzadənin məzarına üz tutur…

Məzarı, ruhu qarşısında ehtiramla baş əyir, gül dəstələri düzür, ruhuna dualar oxuyurlar…

Ziyarətdə Şəhidin anası Mehparə xamım, tək bacısının ailəsi, Bərdədən, Goranboydan, Mingəçevirdən, Qubadan, Kürdəmirdən və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, Fəxri Qəribzadənin hərbçi-döyüşçü yoldaşları, məktəblilər, din xadimləri və başqa şəxslər iştirak edirlər…

Ziyarət zamanı Şəhidin ruhuna, xatirəsinə ehtitam əlaməti olaraq, yaylım atəşləri açılır…

Sonra çıxışlar edilir…

Şəhid analarından Sevinc xanım, Nəhayət xanım, Tünzalə xanım, Simuzər xanım və digər Şəhid ailələrinin üzvləri, Şəhidin döyüşçü-hərbçi yoldaşları çıxışlar edirlər…

Onlar Fəxri Qəribzadə də daxil olmaqla, bütün Şəhidlərlə Fəxr etdiklərini, tarixi Qələbə və Zəfərə görə, məhz onlara minnətdar və borclu olduqlarını bildirirlər…

Eyni zamanda, Fəxri Qəribzadənin, Şəhidlərin igidliklərindən, qəhrəmanlıqlarından danışırlar…

Fəxri Qəribzadənin Şəhidliyə doğru yürdüyünü, qəhrəmancasına Şəhid olduğunu, arzusuna çatdığını söyləyirlər…

Həmçinin, məktəblilər Şəhidə və cəmi Şəhidlərə həsr olunmuş şeirlər səsləndirirlər…

Ziyarət təxminən bir saat yarım davam edir…

12:00

***

Daha sonra “Səadət” şadlıq sarayında Anım mərasimi başlayır, Şəhidin adına ehsan verilir…

Bir daha çıxışlar edilir, Şəhidin ailəsinə səbr dilənilir, ruhuna dualar olunur…

Şəhid analarından Mehriban xanım, Simuzər xanım, Məryəm xanım, Tünzalə xanım, Səmilə xanım, Arzu xanım, Zübeydə xanım və digər Şəhid ailələrinin üzvləri Fəxri Qəribzadənin anasına, əzizlərinə bir daha Allahdan səbr diləyirlər…

Şəhidin anası Mehparə xanım övladının Şəhidliyi ilə sözünü dediyini bildirir…

Təkcə Fəxri Qəribzadənin deyil, 3 min Şəhidin anası olduğunu deyir…

Bildirir ki, Şəhidi də daxil olmaqla, bütün Şəhidlərlə Fəxr edir, Qürur duyur…

12:20

***

Anım mərasimi və ehsan süfrəsi 5 saata yaxın davam edir…

Və saat 16:30-da başa çatır.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Buranın xüsusi bir iqlimi var: Buraya gəlirsiniz, heç bir səs də yoxdur…Mən birinci dəfə gələndə baxırdıq, tamaşa edirdik, quşlar oxuyur, güllər, sakitlik…Elə bil ki, cənnət bir yerdir”-PREZİDENT -FOTOLAR

Read Next

Şəhid Fəxri Qəribzadənin-MƏZARININ ZİYARƏTİ VƏ ANIM MƏRASİMİ – FOTOSESSİYA – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir