Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tarixi, dünyaya səs salan Antiterror əməliyyatından 3 il keçdi…
Antiterror əməliyyatı Şəhidlərinin azı 90-95 faizinin Əbədiyyətə uğurlanmalarından da 3 il ötdü…
Böyük əksəriyyətinin üçüncü ildönümü, Anım günləri artıq geridə qaldı…
Amma və lakin…
3 il keçsə də, 3 il geridə qalsa da, bir çox problemlər yerindəcə sayır…
Hələ də bir çox Antiterror Şəhidi ailəsinin ev, mənzil, iş problemləri həll olunmayıb…
Ev-mənzil problemi hələ də həll olunmayan Antiterror Şəhidi ailələrindən biri də Samuxlu, Qovlarsarılı Antiterror Şəhidi, Ali təhsilli, peşəkar hərbçi, üç müharibənin, üç döyüşün-İkinci Vətən Müharibəsi, “Qisas” və Antiterror əməliyyatlarının iştirakçısı, bir neçə medallı və 3-cü dərəcəli “Rəşadət” ordenli, iki gül, əkiz qız balasını Vətənə əmanət qoyub getmiş Fizuli Bəhruz oğlu Məmmədovun ailəsidir…
Bu yerdə xatırladım ki, bir xeyli müddət, uzun aylar öncə və ilk dəfə Şəhidimizin evində, əgər buna da ev demək mümkündürsə, olarkən də görüyüm mənzərdən, Şəhid ailəsinin ev şəraitindən sarsılmışdım, dəhşətə gəlmişdim və elə o vaxt paylaşım etmişdim…
Amma üstündən bəlkə də iki ilə yaxın vaxt keçir, ancaq dəyişən heç nə yoxdur…
Həmin durumdur və daha bərbaddır…
Qeyd etdiyim kimi, Antiterror əməliyyatından, Şəhidimizin Şəhadətindən də düz 3 il keçdi…
3 il də bir İgidin ömrüdür…
Bu müddətdə Nyu-Yorku Yer üzündən silib…yeni Nyu-York salmaq mümkün idi…
Amma hələ də cavan, həyat yoldaşını Vətən yolunda itirmiş bir Şəhid xanımı və orta məktəb şagirdi olan əkiz qız balası bu bərbadın-bərbadı “ev”də yaşayır…
Bu gün-sabah bu “ev” də təpələrinə, başlarına uçmasa yaxşıdır…
Bu üç ildə bu Şəhid ailəsinə normal, xudmani bir ev tikmək və ya Seyidlər kəndindəki binalardan birində 2-3 otaqlı mənzillə, yaxud da beş addımlıqda olan Gəncədə mənzillə təmin etmək olmazdımı?
Bunu qos-qocaman bu 3 ildə etmək mümkün deyildimi?
Bunu etmək dövlət budcəsinə çoxmu ağır gələrdi?
Bu “ev” özü də kəndin ən ucqar, az qala kimsəsiz bir yerindədir…
Sabah, Allah uzaq etsin, bu evə oğru girsə…nə baş verər, kim çıxıb buna bir cavab verəcək və hansı üzlə?
Ayıb deyilmi, günah deyilmi?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Xidmətlər Agentliyi hara baxırsınız, işiniz-gücünüzün adı nədir?
Niyə vəzifənizi icra etmirsiniz?
Bəhalər gətirməkdən yorulmadınızmı?
Bəsirət gözünüz haçan və nə vaxt açılacaq?
İraq, min iraq, bu “ev” uçulub-dağılanda, hansısa faciə yaşanandamı ayılacaqsınız?
Dövlət başçısının da dedikləri Sizə kar eləmir???
***
FOTOLAR:




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





