Antiterror Şəhidləri Əzizbəy Muradov, Asim Camalzadə, Hüseyn Nəsibov VƏ YA ŞƏHİD HÜSEYN NƏSİBOVUN OCAĞINI, AİLƏSİNİ ZİYARƏT… – FOTOLAR – YENİLƏNİB

Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayının polisləri-Antiterror Şəhidləri Əzizbəy Muradov və Asim Camalzadənin valideynləri bu gün-17 iyul 2024-cü il tarixində Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan daha bir Antiterror Şəhidi Hüseyn Əfqan oğlu Nəsibovun ailəsinə və ocağına baş çəkiblər.

Sabirabadlı, Ulacalılı Əzizbəy Muradovun valideynləri-Fatma və Etibar Muradovlar və Sumqayıtlı (əslən Qərbi Azərbaycanlı) Asim Camalzadənin valideynləri-Xədicə və Knyaz Camalzadələr öncə Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanını, Qızılhacılı Şəhidlərini, o cümlədən Hüseyn Nəsibovun məzarını ziyarət ediblər.

Qızılhacılı qəsəbə Şəhidlər Xiyabınını ziyarətdən sonra isə polis-Antiterror Şəhidlərinin valideynləri Şəhid Hüseyn Nəsibovun ailəsində, ocağında olublar.

Təxminən 40 dəqiqə çəkən ziyarət zamanı Şəhid valideynləri Hüseyn Nəsibovun ailəsinə Allahdan səbr və dözüm arzulayıblar.

“Şəhidimizin, cəmi Şəhidlərimizin ruhları şad, məkanları cənnətlik olsun!”-deyiblər.

Dərdləşib, söhbətləşiblər.

Ziyarətin sonunda isə Şəhid valideynləri Hüseyn Nəsibovun ev muzeyində xatirə fotoları çəkdiriblər.

***

Qeyd edək ki, adları çəkilən Şəhidlərimiz (ümumlikdə 8 polsimiz)-Əzizbəy Muradov və Asim Camalzadə 2023-cü ilin sentyabr ayının 19-da, gecə saatlarında Xocavənd istiqamətində erməni cinayətkarlarının növbəti təxribatı zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıblar.

Daha doğrusu, Asim Camalzadə digər altı polisimizlə birlikdə elə həmin Şəhid olub, Əzizbəy Muradov isə 17 gün komada qaldıqdan sonra, oktyabr ayının 6-da Şəhidlik məqamına ucalıb.

Asim Camalzadənin nəşi sentyabrın 20-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında, Əzizbəy Muradovun nəşi isə oktyabrın 6-da doğulub boya-başa çatdığı Ulacalı kəndinin qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

EVİN-AİLƏNİN TƏK OĞLU…BƏYLİYİ AĞ KƏFƏNİ OLAN ŞƏHİDİMİZ…

Onu da qeyd edək ki, 1994-cü il, 5 fevral (ondan yaşca böyük olan bacısı da həmin gündə dünyaya gəlib) təvəllüdlü olan Asim Camalzadə evin-ailənin iki övladından biri, tək bacının tək qardaşı olub.

2000-2011-ci illərdə Sumqayıt şəhərində yerləşən 16 saylı orta məktəbdə təhsil alıb.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra, 2012-ci ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb və 2013-cü ildə Əsgərliyini başa vuraraq, evinə-ailəsinə dönüb.

2015-ci ildən Şəhidliyinə qədər daxili işlər orqanlarında, Çevik Polis Alayında fəaliyyət göstərib.

Şəhidliyindən cəmi aylar öncə, 2023-cü ilin 28 aprel tarixində isə nişanlanıb və toy tarixi noyabr ayına müəyyənləşdirilib…

Amma…

Ömrü kimi arzuları, xəyalları da yarımçıq qalıb, bəyliyi ağ kəfəni olub…

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

YADDAŞLARA “QARABAĞ ŞİKƏSTƏSİ” və “İNCƏ BELLİM”LƏ HƏKK OLUNAN ŞƏHİDİMİZ…

Əzizbəy Muradov isə 1998-ci ilin 3 fevral tarixində Sabirabad rayonunun Ulacalı kəndində dünyaya gəlib.

Ailənin üç oğlan övladından biri və evin sonbeşiyi olub.

Atası Etibar Muradov Birinci Qarabağ Savaşının iştirakçılarından olub, Qazi-müharibə veteranıdır.

Əzizbəy 2005-2015-cü illərdə Ulacalı kənd tam orta məktəbində oxuyub.

Eyni zamanda, 2009-cu ildə daxil olduğu Sabirabad rayon Üzeyir Hacıbəyov adına Uşaq Musiqi Məktəbininin qarmon ixtisasını 2014-cü ildə müvəffəqiyyətlə bitirib və 2018-ci ildə  Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin Xalq çalğı alətləri ifaçılığına (qarmon) qəbul olunub.

Həmçinin, 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə, Əsgərlikdə olub.

3-cü kursda oxuyarkən təhsilini yarımçıq qoyaraq, donduraraq, İkinci Vətən Müharibəsinə qatılıb.

Müharibənin ilk günündən son gününə-tarixi Qələbə və Zəfərimizəcən döyüşlərdə iştirak edib.

Və müharibə zamanı qarmonda ifa etdiyi “Qarabağ şikəstəsi” və pianoda ifa etdiyi “İncə bellim” ilə yaddaşlarda qalıb.

Müharibədən sonra İgidliyinə, Qəhrəmanlığına görə “Qubadlının azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidliyindən sonra isə “Vətən uğrunda” medalına layiq görülüb.

Bir müddət öncə Ulacalıda Şəhidin adını daşıyan “Şəhid bulağı”nın və Xatirə lövhəsinin izdihamlı açılışı olub.

25 yaşında Şəhidlik məqamına ucalan Şəhidimiz subay idi.

Allah hər üç Şəhidimizin ailəsinə səbr və dözüm versin!

Allah hər üç Şəhidimizin məqamını Uca, dərgahını mübarək etsin!

Hər üçü də Nurlar içində yatsınlar!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Əgər seçicilərim də mənə yenidən etimad edərlərsə…”-NAMİZƏDLİYİ ALTINCI DƏFƏ YAP TƏRƏFİNDƏN İRƏLİ SÜRÜLƏN AYDIN MİRZƏZADƏ ONA GÖSTƏRİLƏN ETİMADI YÜKSƏK QİYMƏTLƏNDİRDİYİNİ VƏ ONU DOĞRULTMAĞA ÇALIŞACAĞINI DİLƏ GƏTİRDİ

Read Next

Şəhid Samir Xudiyevin Cənnətdəki ikinci doğum günüdür-21 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir