Xalq artisti Arif Məlikovun xatirəsinə ucaldılacaq heykəllə bağlı komissiya yaradılacaq.
Etikxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
O bildirib ki, bununla bağlı Prezident İlham Əliyevin xüsusi tapşırığı var:
“Komissiya heykəlin harada qoyulması, hansı üslubda olmasını müəyyənləşdirəcək. Heykəlin qoyulması bir günün işi deyil, buna zaman lazımdır.
Həm heykəltəraşlar, həm memarlarla aparılan müzakirələrdən sonra komissiya tərəfindən iş yekunlaşdırılacaq və rəhbərliyə təqdim olunacaq”.
***
Biz bu məsələni İctimai televiziyanın rəhbərliyi ilə aydınlaşdıracağıq.
Bunu isə mədəniyyət naziri “Eurovision-2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsinə münasibət bildirərkən deyib
Nazir bildirib ki, bununla bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birlikdə araşdırılma aparılacaq.
“Eurovision” müsabiqəsinin bünövrəsində televiziyalar durur. Biz bu məsələni İctimai televiziyanın rəhbərliyi ilə aydınlaşdıracağıq. Bundan sonra təşkilatçılara müvafiq tapşırıqlar verilməlidir. Bu, yolverilməzdir və biz hər zaman bu kimi məsələlərə nəzarət edirik. Azərbaycan xəritəsi bütövlükdə verilməlidir. Hətta bəzən “google maps”da bu kimi hallara yol verilib və biz onun qarşısını almışıq”-deyə, nazir əlavə edib.
***
Mayın 29-da Bakıda keçiriləcək futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə əlaqədar bütün mədəniyyət müəssisələri turistləri qarşılamağa hazırdır.
Bunu da mədəniyyət naziri Ə. Qarayev deyib.
Nazir bildirib ki, bununla bağlı Mədəniyyət Nazirliyində iclas keçirilib.
“Bu gün səhər keçirilən iclasda tapşırıqlar verilib.
Ümumilikdə, respublika üzrə muzey və teatr müəssisələri yayın ortalarınadək fəaliyyət göstərəcək və daha sonra tətilə çıxacaq”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az