Böyük Britaniyanın şirkətləri on illərdir ki, Azərbaycanda işləyirlər. Nədənsə o zaman yadlarına düşmürdü ki, Azərbaycan təhlükəli ölkədir.
Etikxeber.az-ın xəbərinə görə, bunu deputat Siyavuş Novruzov parlamentdə çıxışında deyib.
S. Novruzov qeyd edib ki, Azərbaycanda neft çıxaranda ölkə təhlükəli deyildi, amma “Arsenal”ın “üç oyunçusu” gələndə Azərbaycan təhlükəli zona olur: “Özlərinin gəlməsini ilə bağlı fikir söyləyirlər. Nəyə görə Azərbaycan ən təhlükəsiz ölkə olduğu halda onun haqqında belə bir fikir yayırlar? Sonra deyirlər ki, Azərbaycanın hava məkanında problemlər var. Əfqanıstana buradan yük daşıyanda təhlükə yox idi. Amerikaya antiterror əməliyyatı üçün hava bazası verəndə təhlükə yox idi. İndi nə oldu, iki futbol komandası oyunu keçirəndə hava tutulur, hava açılır? Hava şəraiti pisləşir? Sapı özümüzdən olan baltaları töküblər ora, erməni lobbisi tərəfindən 5 manat pul verilir, ölkəmizin haqq işlərinin əleyhinə düzgün olmayan informasiyalar yayırlar”.
Birinci vitse-spiker Ziyafət Əsgərov da həmkarının fikirlərini dəstəkləyib.
Z.Əsgərov bildirib ki, bütün bunlar dünyada beynəlxalq hüququn işləmədiyinə görə baş verir: “Bir gün əvvəl Britaniya XİN xəbərdarlıqla bağlı məlumat yayır. Səhəri gün səfir isə deyir ki, heç bir problem yoxdur, Azərbaycana gələ bilərsiniz. Bu dünayda olan ikili, üçlü, dördlü standartlardır. İstəmirlər ki, bir müsəlman ölkəsi inkişaf etsin. Bu cür yanaşmalar əvvəllər də olub və davam edəcək”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az