“Artan iqtisadi, sosial imkanlar… Ərazilərin bərpası, quruculuq işləri, dinc birgəyaşayış…”-ZİYAD SƏMƏDZADƏ YAZIR – (DÖRDÜNCÜ HİSSƏ)

Prezident İlham Əliyevin qələbələr marafonu

(Dördüncü hissə)

Artan iqtisadi, sosial imkanlar… Güclü Ordunun təməlində dayanan güclü istisadiyyat, dayanıqlı sosial müdafiə sistemi

 1993-cü ildə Ulu Öndərin ikinci dəfə hakimiyyəti qayıdışı ilə Azərbaycan dinc, stabil inkişaf, quruculuq mərhələsinə qədəm qoyuldu. Demək olar ki, bütün sahələrdə tənəzzül aradan qaldırılmağa başlandı və aparılan məqsədyönlü addımlar nəticəsində müsbət nəticələrə nail olundu.

Ən əsası Azərbaycan insanında, Azərbaycan vətəndaşında özünə, sabahına, gələcəyinə, dövlətinə güclü inam hissi yaranmağa, formalaşmağa, ümidlər közərməyə, alovlanmaya başladı.

Dövlət vətəndaşından, vətətdaş dövlətindən güc aldı. Təcrübəli dövlət xadimi Heydər Əliyev qəti əmin oldu ki, ağır vəziyyətdə olan res­publika iqtisadiyyatını dirçəltmək, ölkənin dünya inteqrasiyasında iştirakını canlan­dırmaq üçün ən sanballı mənbə neft amili ola bilər. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Respublikaya güclü investisiya axını başlandı.

Azərbaycan iqtisadiyyatı, ilk növbədə, onun neft sektoru beynəlxalq biznes həyatına qoşuldu. Neft strategi­yası müstəqil respublikamızda demok­ratiyanın inkişafı, ictimai-siyasi sabitliyin təmin edilməsi, milli dövlət quruculuğunun möhkəmləndirilməsi, onun dünya iqtisa­diyyatına qovuşması üçün möhkəm baza yaratdı. Artıq 1996-cı ildə iqtisadiyyatda tənəzzül meyillərinin qarşısı alındı. Bütün bunlar yaranmış xaosa, ümidsizliyə sarsı­dıcı zərbə, dinamik iqtisadi həyata, onun dirçəlməsinə aparan qələbə idi.

 Azərbaycan neftinin, qazının dünya bazarlarına çıxarılmasını təmin edən Bakı-Novorossiysk, Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz boru kəmərləri ölkəmizin dünya neft siyasətində özünəməxsus yer tutmasına imkan yaratdı. 2014-cü ildə Səngəçalda Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2015-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdi. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında yeni saziş imzalandı. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin səhərisi günü, may ayının 29-da Səngəçal Terminalında Azərbaycan dövləti və xalqının tarxində daha bir mühüm hadisə baş verdi. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktyorlardan birinə çevrilən ölkəmizdə böyük önəmə malik olan Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu.

Ölkəmizin Qədim İpək Yolu dəhlizində fəal iştirakı, Bakı-Ələt Dəniz Limanının, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Ələtdə xüsusi iqtisadi zonanın yaradılması Azərbaycanın dünyanın mühüm nəqliyyat dəhlizinə çevrilməsi imkanlarını reallaşdırdı. Vətən müharibəsində qələbəmiz, Naxçıvanın nəqliyyat blokadasından azad olunması ölkəmizin nəqliyyat-ticarət əlaqələrinin inkişafında yeni bir mərhələnin başlanğıcından xəbər verir.

Çox yaxın zamanlarda da TAP işə düşəcək və bununla da Azərbaycanın iqtisadi imkanları, bölgədəki və dünyadakı çəkisi, nüfuzu daha da artmış olacaq. Azərbaycan dövlətinin əldə etdiyi uğurlar əhəmiyyətli dərəcədə ölkənin düşünülmüş iqtisadi siyasəti, onun tərkib hissəsi hesab edilən investisiya siyasətidir. Ümumiyyətlə, son 20 ildə Azərbaycan iqtisadiyyatına 260 milyard dollardan çox vəsait qoyulmuşdur.

Azərbaycanda uğurla sənayeləşmə siyasəti həyata keçirilir, sənayenin sahə quruluşunun təkmilləşməsi, müasir texnologiyaya əsaslanan müəssisələrin yaradılması davam etdirilir, yeni iş yerlərinin açılması istiqamətində kompleks tədbirlər həyata keçirilir, regionların inkişafındakı uyğunsuzluqlar aradan qaldırılır, yerlərdə mövcud resurslardan səmərəli istifadə edilməsi üçün tədbirlər görülür.

 Bəli, heç bir addım, heç bir dəyişiklik ağrısız, problemlərsiz başa gəlmir, gerçəkləşmir. Sosial müdafiə sistemi ilə bağlı atılan addımlar zamanı da ilkin mərhələlərdə, dövrlərdə bir sıra problemlər, çatışmazlıqlar özünü göstərdi. Ancaq bütün əyər-əskiklərə baxmayaraq, Azərbaycanda stabil, dayanıqlı, sosial rifaha yönəlik bir sosial müdafiə sisteminə keçid baş tutdu. Xüsusilə, 2018-ci ilin Prezident  seçkilərindən, aparılan kadr və struktur islahatlarından sonra bu sahədə bir düzən yaranmağa, bir qayda-qanun özünü göstərməyə başladı. Uğurlar göz qabağındadır, heç cür danmaq və inkar etmək olmaz. Bu isə nəticədə insanlarımızın maddi-rihah halının, güzəranın  yaxşılaşması ilə müşahidə edilir.

 Bəli, iqtisadiyyatımız yaxşılaşdıqca, iqtisadi imkanlarımız yüksəldikcə, büdcəımiz də artır, onun inkişaf və sosialyönümlülüyü daha geniş vüsət alır.

Dövlət başçısı İlham Əliyevin cəmiyyətimiz üçün müstəsna əhəmiyyət kəsb edən aşağıdakı fikirlərini qeyd etmək istərdim:

 “Bizim büdcəmiz və siyasətimiz sosialyönümlüdür. Azərbaycanda həm bazar iqtisadiyyatı prinsipinə sadiqlik özünü göstərir, eyni za­manda, sosial məsələlərin həllinə də böyük diqqət yetirilir. Əhalinin sosial müdafiəsi məsələləri ön planda olmalıdır. Müxtəlif sosial proqramların həyata keçirilməsi, müxtəlif təşəbbüslərin başlanması bu məqsədi daşıyır.”

Şəhid ailələri, Birinci Qarabağ savaşının iştirakçıları, müharibə veteranları və əlilləri üçün nəzərdə tutulan sosial müavinətlər bir neçə də dəfə qaldırıldı. 2015-ci ildən 2019-cu ilə qədər cəmiyyətin ən ağrılı problemlərindən birinə çevrilən problemli kreditlər məsələsinə birdəfəlik son qoyuldu.

 Ölkə Prezidentinin imzaladığı və özünün də dediyi kimi, analoqu olmayan Fərmanla bu problem öz müsbət həllini tapdı. 800 mindən çox insanın narahatlığı, məhkəmə qapılarındakı süründürməçiliyi aradan qaldırldı, 300 mindən çox məhkəmə işinə xitam verildi.

 Yaradıcı insanların, yaradıcılıq təşkilatlarının maddi-rifah halının yüksəldilməsi, dövlət qayğısı ilə əhatələnməsi istiqamətində önəmli addımlar atıldı, bu istiqamətlərə vəsitlər ayrıldı, bir neçə teatra-sənət məbədinə “akademik” statusu verilkdi, bir çox tanınmış sənətilər, sənət xadimləri evlərlə, mənzillərlə təmin olundular.

İqtisadi və sosial sahədə əldə edilən bu uğurlar ordu quruculuğunun daha da təkmil şəkildə aparılması üçün çox əlverişli mühit yaradıb. Bir daha qeyd edilməlidir ki, güclü, qüdrətli Ordunun təməlində həm də güclü iqtisadiyyat, güvənli sosial müdafiə sistemi, sosial dəstək dayanır.

 Bütün bunların, ilk növbədə, düşünülmüş dövlət siyasətinin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan Ordusu cəmi 44 gün ərzində öz sözünü deyə, qanlı 32 illik Qarabağ ünaqişəsinə son qoya bildi.

Bu Qələbə, bu Zəfər həm də ölkəmizin iqtisadi gücü, qüdrəti hesabına, Azərbaycan insanın həyatının, sosial-iqtisadi durumunun yaxşılaşdırılması, dövlətin hər zaman və hər məqamda vətəndaşının yanında olması, vətəndaşının yanında hiss etdirməsi hesabına əldə edildi.

Müharibədən, tarixi Zəfərdən sonra bütün sahələrdə və məsələlərdə yeni reallıqlar yaranıb.Artıq bu istiqamətdə ilkin, önəmli addımlar özünü göstərməkdədir. Daha konkret demiş olsaq, İkinci Vətən  Müharibəsi zamanı Şəhid olmuş, yaralanmış, Qazi olmuş igidlərimizin, qəhrəmanlarımızın, onların ailələrinin hər mənada dəstəklənməsi, mənəvi və maddi qayğı ilə əhatələnməsi istiqamətində işlərin görülməsinə başlanmışdır.

 Ölkə Prezidentinin Fərmanı ilə YAŞAT Fondunun yaradılması və Himayəcilik Şurasının nüfuzlu, tanınmış ziyalılardan təşkil olunması, Fondun əməkdaşlarının bütün Şəhid və yaralı ailələri ilə görüşlərə, onların problemlərinə dinləməyə başlaması çox mühüm addımlardandır.

 Hesab edirəm ki, dövlət başçısının bu Fərmanı da hər bir kəs tərəfindən dəstəklənərək, ona əməli fəaliyyətlə köməklik göstərilməlidir. Xüsusilə, iş adamları, sahibkarlar, xaricdə yaşayan nüfuzlu insanlarımız bu məsələdə fəallıq gösrtərməli, örnək olmalıdır. Çünki bu, hər birimizin müqəddəs vəzifəsidir.

Bugünkü əmin-amanlığımıza, dinc yaşayışımıza görə, məhz İkinci Vətən Müharibəsinin qəhrəmanlarına, Şəhidlərimizə və Qazilərimizə borcluyuq. Bu məsələdə də hər birimiz dövlətimizin yanında olmalı, onun siyasətinə əməli addımlarımızla kömək olmalıyıq. Şüarçılıqdan, populizmdən uzaq dayanmalyıq.

 Yeri gəlmişkən,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün yeni dəstək aksiyasının həyata keçirilməsinə başlanmışdır.

Aksiya çərçivəsində də dekabrın 18-dən başlayaraq Kəlbəcər rayonu, Xocavənd rayonunun işğaldan azad olunmuş hissəsi və Hadrut qəsəbəsində hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılmasına başlanılmışdır və bu aksiyanın bundan sonra da davam etdirilməsi qərara alınmışdır.

Çox nəcib, insani, xeyirxah addımlardır, alqışlanmalı, təqdir edilməlidir, eyni zamanda, digərlərinə nümunə, örnək olmalıdır.

Ərazilərin bərpası, quruculuq işləri, dinc birgəyaşayış…

 44 günlük İkinci Vətən Müharibəsi, tarixi və möhtəşəm Qələbə, Zəfər bizim qarşımızda yeni hədəflər və vəzifələr qoyur.

   İqtisadiyyatımız yaxşılaşdıqca, iqtisadi imkanlarımız yüksəldikcə, büdcəımiz də artdı, büdcəmiz daha da sosialyönümlü oldu.

 İndi bizi növbəti mübarizə, növbəti və uzun yol, mərhələ gözləyir.

 Biz artıq işğaldan azad olunmuş ərazilərimizin quruculuğuna, bərpasına başlamışıq. Bu, heç də asan və tez başa gələn bir məsələ deyil.

 Çünki məhv edilmiş, dağıdılmış infrastruktur yenidən yaradılmalı və bərpa edilməlidir, yenidən yollar, elektrik, qaz,  kommunikasiya xətləri çəkilməli, körpülər salınmalıdır və sair. Həmçinin, işğaldan azad olunmuş, uzun illər tapdaq altında qalmış ərazilərimiz minalardan təmizlənməlidir.

 Bəli, biz bu münaqişəni öz gücümüzlə 44 gündə həll etdiyimiz kimi, ərazilərimizin bərpası və quruculuğu işlərini də səbrlə, təmkinlə, ardıcıl addımlarımız, ən əsası öz  gücümüzlə həll edə biləcəyik. Bunun üçün də kifayət qədər maddi və mənəvi resurslarımız, əmək ehtiyatlarımız, maliyyəmiz var. Biz bunu da bacaracağıq, biz bunu da edəcəyik.

 Artlq bu istiqamətdə də dövlət başçısının tapşırığı ilə müvafiq dövlət strukturları, aidiyyatı orqanlar ilkin dəyərləndirmələrə, hesablamalara başlayıblar.

  Ölkə Prezidentinin də bəyan etdiyi kimi, indi biz müharibə başa çatandan sonra  ölkəmizə, insanlarımıza vurulmuş ziyanın həcmini qiymətləndiririk.

 Cənab İlham Əliyev demişdir: “…əvvəlcə beynəlxalq ekspertlərin iştirakı ilə biz həm mənzil fonduna, həm tarixi, mədəni abidələrə, həm də ekologiyaya vurulmuş ziyanı qiymətləndirəcəyik. Bununla paralel olaraq infrastruktur layihələri üzrə proseslər artıq başlanıb. Artıq yol tikintisinə dair ilk kontraktlar, digər infrastrukturla bağlı kontraktlar bağlanıb. Mən öz bəyanatlarımın birində demişəm ki, dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik”.

Qeyd etmək lazımdır ki, birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır. Fürsətdən istifadə edib Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik”- deyərək, ölkə Prezidenti digər ölkələrə səmimi əməkdaşlıq niyyəti olanlara bir çağırış, səsləniş etdi, onları bərpa məsələsində də birgə əməkdaşlığa çağırdı.

  “Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin”- deyən ölkə Prezidenti bəyan etdi ki, qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər.

Əlbəttə, işğal edilmiş ərazilərin bərpasına özəl sektor da cəlb ediləcək, onlar üçün heç şübhəsiz ki, əlverişli şərait yaradılacaq. Bu gün Azərbaycan sahibkarlığı dövlətimizin strateji resursu kimi qiymətləndirilir və tam əminliklə demək olar ki, Kiçik və Orta Sahibkarlıq Agentliyi Qarabağ torpağının çiçəklənmiş diyara çevrilməsi üçün sahibkarlarımızı bu nəcib işə cəlb edəcəkdir.

“Bizim erməni xalqı ilə problemimiz yoxdur. Bizim davamız işğalçılarladır, ərazimizi işğal edən cinayətkarlarladır”.

 Eyni zamanda, biz ərazilərimizi bərpa etməklə, yenidən qurmaqla həm də ölkəmizin tarixi multikultural ənənələrini, mühtini,  milli və dini tolerantlığını bir daha qoruyub-saxlamış, inkişaf etdirmiş olacağıq. Ölkəmiz daim burada yaşamış, bir-birinə qaynayıb-qarışmış millətlərin, azsaylı xalqların, etnik qrupların, fərqli dini konfessiyaların əsl birgə, dinc, birgəyaşayış məkanına çevrilib.

 Milli və dini tolerantlıq məsələlərində nəinki yerləşdiyi bölgəyə, bütün dünyaya nümunə olub. Bunu özü də biz demirik, bunu dünyanın ən nüfuzlu, ən reytinqli mərkəzləri, dövlət və hökumət başçıları deyirlər, etiraf edirlər. Bu gün Azərbaycan dünya həm milli və dini tolerantlq mərkəzi, həm də dünyanın siyasi, iqtisadi, hərbi, mədəni, humanitar dialoq məkanıdır. Bu məsələlərdə ölkənin Birinci xanımı, Birinci vitse-Prezident Mehriban Əliyevanın gördüyü işlər, atdığı addımlar da misilsiz və əvəzsizdir.

 Bu baxımdan, biz heç kimə ayrı-seçkilik etmədiyimiz, fərq qoymadığımız kimi, Qarabağda yaşayan və yaşamaq istəyən, Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə qəbul edən, tanıyan, Azərbaycan qanunlarına hörmətlə yanaşan və öz vətəndaşlarımız olan ermənilərlə də birgəyaşayışa razıyıq. Çünki bizim düşmənlərimiz sadə, sıravi ermənilər deyil. Onlar heç zaman bizim hədəfimiz olmayıb, 44 günlük müharibə bir daha bunun əyani sübutu oldu.

 Ölkə Prezidentin Minsk qrupunun həmsədrləri ilə görüşündə də dediyi kimi, bizim erməni xalqı ilə problemimiz yoxdur.

 “Müharibə zamanı beynəlxalq mediaya verdiyim çoxsaylı müsahibələrimdə mən bildirmişdim ki, bizim erməni xalqı ilə problemimiz yoxdur. Bizim davamız işğalçılarladır, ərazimizi işğal edən cinayətkarlarladır. Ermənilər isə hazırda ölkəmizin müxtəlif bölgələrində yaşadığı kimi, təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər”-deyən ölkə Prezidenti bildirdi ki, onların güzəranları da bizim idarəçiliyimiz altında yaxşı olacaq.

 Bəli, biz öz mövqeyimizi, insanpərvərliyimizi, sülpərvərliyimizi, ədalət, birgəyaşayış tərəfdarı olduğumuzu bir daha və bir daha ortaya qoyduq, bütün dünyaya bəyan etdik. Biz öz seçimimizi etdik, indi seçim qarşı tərəfindir, hər şey onların addımlarından və vercəkləri qərarlardan asılı olacaq.

 İnanmaq istəyirik ki, heç olmasa, bu dəfə şovinizm, revanşizm deyil, rasionalizm, praqmatizm üstün, qalib gələcək. Bu, elə bizim də, onların da xeyrinə olacaq.

 Biz bizə düşəni etmişik, etdik, edirik və edəcəyik.  Heç kimsə bizi bu günə qədər öz yolumuzdan döndərə bilməyib, bundan sonra da döndərə bilməyəcək.

Çünki biz tarixən haqq, ədalət tərəfdarıyıq!

(Davamı var)

Ziyad SƏMƏDZADƏ,

Akademik, Millət vəkili

Etikxeber.az

Read Previous

Əmisi də, özü də Şəhid olan Qazi oğlu Kənan…İki övlad atası Elman və Bəhruz…Yenidən, ikinci dəfə təltif olunan Şəhidlərimiz…-KAMİL HƏMZƏOĞLU YAZIR

Read Next

Yeni ilin ilk körpəsi-QIZDIR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir