“Artıq beynəlxalq ictimaiyyət ermənilərin yeni terror dalğasının qarşısının alınmasının vacibliyini gizlətmir…Artıq bu vandallıq aktlarına son qoymağın vaxtı çatıb…”-SABİQ MİLLƏT VƏKİLİ

Dünya birliyi indiyədək erməni vandalizminin qarşısının alınması üçün ciddi sanksiyalar tətbiq etmədiyindən, habelə 30 ilə yaxındır beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına biganəlik göstərdiyindən erməniləri daha da quduzlaşdırıb. Azərbaycanlılara qarşı bir-birinin ardınca törətdikləri dəhşətli terror aktlarına, dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsinə, tarixi-mədəni abidələrin yerlə-yeksan edilməsinə, o cümlədən sərhədboyu ərazilərdə təxribatlar törədilməsinə susqunluq işğalçı Ermənistanı getdikcə daha da azğınlaşdırır. Son illər faşizm ideologiyasını dövlət siyasətinə çevirən Ermənistanın törətdiyi təxribatlar artıq beynəlxalq miqyasda da özünü açıq şəkildə büruzə verir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, sabiq deputat Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, son vaxtlar erməni radikallarının Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı təxribatlar törətmələri, irqçilik, aqressiya, nifrət, etnik ayrı–seçkilik, zor tətbiqi bu millətin qəddarlığını yenidən təsdiqlədi, faşizm ideologiyasını dövlət siyasətinə çevirməsini bir daha sübut etdi:

“Özü də bu halların insan hüquq və azadlıqlarına tamamilə zidd, qəbuledilməz olduğunu dünyaya car çəkən ölkələrdə, Avropanın mərkəzində, eləcə də Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində baş verdiyini görəndə dünya birliyinin ikili standartlar xəstəliyindən hələ də əziyyət çəkdiyinin şahidi oluruq. Bununla yanaşı, erməni radikallarının Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, Niderland və Belçikadakı diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq, növbəti təxribatlarına etiraz məqsədilə həyata keçirilən dinc soydaşlarımıza qarşı aqressiv təxribatçı əməllərinə hələ də ciddi münasibət bildirilmir.

Göründüyü kimi, ermənilərin təxribat törətdikləri, insan hüquq və azadlıqlarını kobud surətdə pozduqları ölkələrin hər biri bu gün özlərini Avropada demokratiyanın beşiyi hesab edirlər. Ancaq unudurlar ki, “demokratiyanın beşiyində” irqçilik, etnik ayrı–seçkilik zəminində zor tətbiq olunur, dinc aksiya iştirakçıları ilə vəhşicəsinə hərəkət edirlər. Təəssüf ki, “insan hüquq və azadlıqlarının müdafiəçiləri” hələ də erməni aqressiyasını görməzliyə vururlar. Əslində, bu, “demokratiyanın beşiyi” olan ölkələrin siyasi riyakarlığının bariz nümunəsidir.

Dünya birliyi sanki hələ də dərk etmək istəmir ki, Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, həmçinin dinc azərbaycanlı aksiya iştirakçılarına qarşı törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir və bütün bunlar cinayət məsuliyyəti doğuran əməllərdir. Bu faktlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın yaxın günlərdə Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə müraciətində də əksini tapıb”.

Ç.Qənizadə ABŞ-ın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi, Birinci vitse-prezidenti də dərindən hiddətləndirib:

“Birinci xanım qeyd edib ki, azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib. Müraciətdə bildirilir ki, yaxşı hazırlıq və təlim keçmiş təhrikçilər sayca xeyli üstün olmalarından istifadə edib dinc nümayişçilərə hücum çəkərək, onlara xəsarət yetiriblər. Bir sıra hallarda aqressiv əhval-ruhiyyəli erməni qrupları həmin vaxt azlıqda qaldığına görə, azğınlaşmış kütləyə müqavimət göstərə bilməyən azərbaycanlılara hücum ediblər. Tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər törədilməsi nümunələrinin çox olduğunu bildirən Birinci vitse-prezident 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə məhv edildiyini xatırladıb. Bu faciəli hadisələrin 10-dan çox dövlət tərəfindən soyqırımı kimi tanındığını və beynəlxalq təşkilatlar səviyyəsində pislənildiyni diqqətə çatdıran Mehriban xanım Əliyeva Xocalı faciəsində törədilən insanlığa sığmayan vandalizmi faktlarla əsaslandırıb.

Müraciətdə, həmçinin bildirilib ki, baş verənlər Ermənistanın işğalçı siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər təhlükəli olmasını dünya birliyinə əyani şəkildə nümayiş etdirir. Belə hallarda bizim borcumuz bu həqiqəti dünya birliyinə çatdırmaqdır. Bizim vəzifəmiz birləşmək və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını bütün tribunalardan təkidlə tələb etməkdir. Birinci vitse-prezident, həmçinin insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıb.

Artıq dünya birliyi də ermənilərin ərköyünlüyündən, vandal aktları törətməsindən, həmçinin beynəlxalq hüquq normalarına hörmətsizliyindən cana doyub. Bununla yanaşı, dövlətimizin başçımızın uğurlu xarici siyasəti, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın kəsərli müraciəti dünya birliyini sanki qəflət yuxusundan ayıldıb. Artıq ABŞ-ın Los–Anceles şəhərində radikal erməni qüvvələrinin dinc azərbaycanlı aksiya iştirakçılarına, ölkəmizin diplomatik missiyalarına və diplomatik xidmət əməkdaşlarına qarşı törətdikləri vandalizm aktları ilə bağlı araşdırmalar başlanıb. Həmçinin Belçikada Azərbaycan səfirliyinə hücum zamanı dəyən ziyanla bağlı dəlillər götürülüb. Bununla yanaşı, ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatlarından olan Simon Vizental Mərkəzi və Amerika Yəhudi Komitəsinin Los-Anceles nümayəndəliyi erməni daşnaklarının azərbaycanlı icma üzvlərinə qarşı həyata keçirdikləri vəhşilikləri pisləyib. Yayılan açıqlamalarda azərbaycanlı icma üzvlərinin zorakılığa məruz qalmaları pislənilir və bunun qəbuledilməz olduğu bildirilir. Eyni zamanda, nifrət zəminində törədilmiş hərbi cinayətlərin düzgün şəkildə araşdırılması ilə bağlı Los-Anceles polis idarəsinə çağırış edilib.

Uğurlu xarici siyasətimizin və Birinci vitse-prezidentin müraciətinin daha bir kəsəri də özünü göstərdi. Fransa parlamentinin üzvləri Prezident Emmanuel Makrona Ermənistanın son hərbi təxribatlarına və Azərbaycana qarşı işğalçılıq siyasətinə qarşı müraciət ünvanlayıblar. Bir qrup deputat və senator birgə müraciətlərində Fransa Prezidentindən Ermənistanı işğalçılıq siyasətinə son qoymağa, Azərbaycanın ərazi bütövlüyünə hörmətə təhrik üçün ciddi tədbirlər görülməsini istəyiblər. Müraciətdə, həmçinin Azərbaycana qarşı bu yeni təcavüzün beynəlxalq ictimaiyyətə Ermənistanın hələ də Azərbaycanın ərazisinin beşdə birinin işğal etdiyi xatırlanıb. Bununla yanaşı, Fransanın ATƏT-in Minsk qrupunun üzvü kimi üzərinə götürdüyü öhdəliklər də xatırladılıb.

Göründüyü kimi, artıq beynəlxalq ictimaiyyət ermənilərin yeni terror dalğasının qarşısının alınmasının vacibliyini gizlətmir. Artıq bu vandallıq aktlarına son qoymağın vaxtı çatıb. Dövlətimizin başçısının xarici siyasət kursunda, eləcə də Birinci vitse-prezidentin müraciətində də qəti tələb kimi bildirilir ki, Azərbaycanın diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı törədilən təxribatların, vandallıq aktlarının qarşısı alınmalı və bu cinayəti törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməlidir”.

Etikxeber.az

Read Previous

“Soydaşlarımızı erməni təxribatlarına uymadan soyuqqanlı davranmağa və özlərini mümkün erməni terror hücumlarından qorumağa çağırırıq”-“QARABAĞ İCMASI”

Read Next

Bakıda külək əsəcək, rayonlara yağış yağacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir