“Artıq bizdə də, dünənin siyasi rəqibləri Vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin əsgərləri kimi davranmaqdadır…”-MM-İN KOMİTƏ SƏDRİ

İşğalçı Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü – dövlət sərhəddinin Tovuz istiqamətindəki təxribatları və hərbi müdaxilə cəhdi gündəmin əsas mövzusu olaraq qalmaqdadır və bu çox təbiidir.

Tovuz olaylarından, ordumuzun düşmənə layiqli cavabından sonra, Azərbaycanda əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyinin olduğu bir daha öz təsdiqini tapdı.

Bu birlik yeni güc, qüvvət qazandı. Siyasi baxışından, yaşından, təhsilindən, statusundan, sosial-mədəni durumundan, məşğuliyyət növündən, cinsindən, harada doğulmasından və s. asılı olmayaraq, bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə səmimi dəstək ifadə etdi.

Özəlliklə, vətəndaşlarımızın qlobal pandemiyanın törətdiyi çətinlikləri, məhrumiyyətləri unudaraq, səfərbərlik ruhunda toparlanması çox qürurvericidir. Bu toparlanmanın məhz düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi vaxtda təzcalla etməsi o qürurun dərəcəsini, əyaranı daha da yüksəldir.

Respublika ərazisində fəaliyyət göstərən siyasi partiyaların da bu prosesdən kənarda qalmaması, praktiki olaraq, məsələlərə müxtəlif yanaşma tərzini bir qırağa qoyaraq, eyni Bəyanata imza atması, özlüyündə bir hadisədir. Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq, müxtəlif proqramı, fərqli məram-məqsədi olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını qabartmayaq, həmrəylik nümayiş etdirdi, Ali Baş Komandanın yanında olduqlarını aydın şəkildə bildirdi. Etiraf edək ki, çoxdan arzuladığımız, bir çox ölkənin siyasi mədəniyyət gündəmində (və tarixində) qibtə ilə izlədiyimiz an nəhayət, bizim siyasi mühitdə də təcəlla etməkdədir. Artıq bizdə də, dünənin siyasi rəqibləri Vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin əsgərləri kimi davranmaqdadır.

Bu, gerçək təhlükəni dəf etmək imkanının, bir yumruq kimi birləşmək şansının ifadəsidir. Digər tərəfdən, bu hadisə, cəmiyyətimiz üçün sosial-psixoloji baxımdan müsbət ismarıncların verilməsi deməkdir və siyasi istiqrara rəng qatmaqdır. Özəlliklə, dəliqanlı gənclərimiz üçün siyasi ayrılıqdan daha üstün milli keyfiyyətin yaxud xəlqi ehtiyacın mövcudluğunun parlaq göstəricisidir. Siyasi partiyaların möcud durumu düzgün dəyərləndirməsi, sərhəddəki son hücumların təsadüf olmadığını – Ermənistanın (və onun havadarlarının) təcavüzkarlıq planlarının yalnız Dağlıq Qarabağla məhdudlaşmadığını bildirməsi tarix baxımından, bugünün düzgün analizi baxımından və gələcəyə baxışımızın aydınlaşması baxımından önəmlidir.

“Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik”.

Bu, 43 siyasi partiya sədrinin qoşulduğu “Bəyanat”da bildirilir. Üstəlik, bu Bəyanatdan sonra, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov da, ayrıca açıqlamalarla, Vətənin düşmən təcavüzünə məruz qaldığı günlərdə Ali Baş Komandana və ordumuza dəstək olduqlarını bildirdi. Ordumuzun Tovuz istiqamətində düşmən hücumunun qarşısını qətiyyətlə alması, düşmənə canlı qüvvə və texnika itkisi baxımından ağır zərbələr vurması, işğalçının hərbi obyektlərini dağıtması qədirbilən xalqımız tərəfindən coşğunluqla qarşılandı. Xalq-ordu həmrəyliyi çərçivəsində döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər Xiyabanına gəldi.

Bu yüksək qiymətə layiqdir. Dünya gördü ki, Azərbaycan xalqı öz ordusu ilə bir ürək, bir candır; dünya gördü ki, Azərbaycan xalqını yalnız ədalətli sülh təmin edə bilər. O tarixi gecəni bugünümzə, tariximizə qazandıranlar və eyni güclə gələcəyimizə yazanlar çox sağ olsun! Ancaq əfsus ki, onların arasına cəmiyyətin tör-töküntüləri də girərək, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdı. Buna baxmayaraq, heç bir daxili və xarici siyasi güc, dövlətimizi, xalq-dövlət birliyini, Ali Baş Komandan-xalq həmrəyliyini sarsıda, şübhəyə sala bilməzdi.

Xalqımız hər şeyi görür, düzgün qiymət verir. Əlbəttə, dövlətimiz də xalqımızla birlikdədir, hər bir addımını onunla məsləhətləşir, gələcəyini onunla birlikdə planlaşdırır və həyata keçirir. Gərək, siyasi həyatımızın bütün iştirakçıları da bu planlamada özünəxas töhfələrlə görünsün. Siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin və Ali Baş Komandanın yanında olduğunu birmənalı şəkildə ifadə etsə də, bəzi siyasi çevrələr bu təlatümlü günlərdə belə, olaylara ya münasibət bildirmir ya da yanlış münasibət bildirir.

Bu, özünü ölkə taleyindən, birlikdən qıraqda qoymaq, kənar müşahidəçi statusuna üstünlük verməkdir və qəbul ediləsi hal deyil. Onlar sabah-birisigün yenə adətkar şəkildə hansısa neqativ məqamlar axtarmağa, özlərini fərqli göstərmək üçün tənqid etməyə, mənasız xırdalıqları qabartmağa üstünlük verərsə, buna heç təəccüblənmərik. Tənqid etmək bu dünyanın ən sadə, ən bəsit işidir, ancaq məsuliyyət daşımaq, məsuliyyət bölüşmək hər adamın işi deyil, hər qurum-quruluş məsuliyyət daşıya bilməz. Necə deyərlər, hər kəs özünə yaraşanı edir; siyasi hikkəsini yenmək hər adama nəsib olmur…

Əlbəttə, xalqımız bu çətin günlərdə kimin kim olduğunu görür, hansı siyasi çevrələrin, marginal qrupların, radikallaşmışların Vətən və dövlətçiliyi siyasi ambisiyadan üstün tutduğunu görür. Belələrinə ən layiqli cavabın isə növbəti seçkilərdə bir daha veriləcəyinə şübhə yoxdur.

Hər kəs haqq etdiyi müamiləni görməlidir…

Bayrağımız uca, istiqrarımız, həmrəyliyimiz möhkəm olsun!

Qənirə PAŞAYEVA,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Etikxeber.az


Read Previous

Tanınmış jurnalist Müdafiə Nazirliyinə-MÜRACİƏT ETDİ

Read Next

“Əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən, Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcimdə silah-sursat göndərilib”-XƏLƏF XƏLƏFOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir