AŞ-da Gürcüstanın ilk parlamentinin deputatı olmuş azərbaycanlı Pərixanım Sofiyeva xatırlandı…

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) üzvlüyünün 20 ili tamam olan Gürcüstanın Baş naziri Mamuka Baxtadze qurumun yaz sessiyasında çıxış edərək ölkəsinin demokratik inkişafından, nailiyyətlərindən bəhs edib.

Etikxeber.az xəbər verir ki, Baş nazir M.Baxtadzenin AŞPA sessiyasında çıxışından sonra Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov ona sualla müraciət edib. Azərbaycanlı deputat Gürcüstanda müxtəlif xalqların möhkəm dostluq, anlaşma şəraitində yaşadığını qeyd edərək bunun tarixi köklərinin olduğunu, hələ 1918-ci ildə, ilk müstəqillik dönəmində bu ölkənin parlamentində qadın deputatın təmsil olunduğunu, onun mənşəcə azərbaycanlı olduğunu xatırladıb.

“Müxtəlif etnik və dini qrupların təmsilçiləri əsrlər boyunca sülh və anlaşma şəraitində yaşadıqları Gürcüstanı doğma evləri adlandırırlar. Gürcüstanda müxtəlif xalqların belə bir səmimi mühitinin yaranması səbəbsiz deyil. Gürcüstan Avropa Şurası üzvü olan nadir ölkələrdəndir ki, hələ 1918-ci ildə parlamentində qadın deputat olub və həmin qadın Gürcüstan vətəndaşı olan azərbaycanlı Pərixanım Sofiyeva idi. Bu gözəl ənənənin bizim günlərdə də ölkə həyatında daha fəal iştirakının təmin edilməsi sahəsində Nazirlər Kabinetinin nə kimi düşüncələri var?”– deyə, R. Hüseynov soruşub.

R. Hüseynova sualına görə minnətdarlığını bildirən Baş nazir Mamuka Baxtadze bildirib ki, Gürcüstan hələ XX əsrin əvvəlində qurduğu demokratik respublika, ilk milli parlamenti, ilk Konstitusiyası ilə fəxr edir və həmin ali dəyərlərə həmişə sadiqdir. Bu gün də milli azlıqların ölkənin ictimai-siyasi həyatında, dövlət və hökumət şəbəkəsində daha artıq təmsil oluna bilməsi üçün ardıcıl iş aparılır. Bu yolda qarşıya çıxa biləcək bütün maneə və çətinlikləri dəf etmək üçün Gürcüstan hökumətinin qətiyyəti və iradəsi olduğunu bildirən Baş nazir Gürcüstanda vətəndaş cəmiyyətinin daha da mütəşəkkil olması və inkişafı üçün səyləri durmadan davam etdirəcəklərini bildirib.

Etikxeber.az

Read Previous

“İslamofobiyanın artması bizi ciddi narahat etməlidir, yoxsa…” – DEPUTAT

Read Next

İlham Əliyevin 4-cü dəfə prezident seçilməsindən 1 il keçdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir