“AŞ-nin fəaliyyətində mütəmadi olaraq ikili standartların mövcudluğunu görürük” – DEPUTAT

Xəbər verildiyi kimi, AŞPA-nın payız sessiyasının üçüncü günü “Avropada birliyi təsdiq etmək və demokratik təhlükəsizliyi qoruyaraq inkişaf etdirmək üçün Avropa Şurası sammitinə çağırış” adlı məruzə müzakirə olunub.

Etikxeber.az-ın xəbərinə görə, Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun yazılı bəyanatı Assambleya üzvlərinə çatdırılıb.

Məruzənin çağırış olduğunu, ancaq həllindən ötrü bir sıra şərtlərə mütləq əməl edilməsini önə çəkən R. Hüseynov bildirib:

“Daha yekdil, daha bütöv Avropa quruculuğu naminə qitə liderlərinin növbəti zirvə toplantısının keçirilməsi üçün çağırışa “hə” deyirik. Bu, ortaq yuvamız olan Avropanı indikindən daha gözəl və yaşamalı etmək üçün nəcib bir cəhd və yeni fürsətdir. Amma müsbət nəticələr vəd edən hər şansa doğru daim keçmişi diqqətlə və ədalətlə təhlil edərək irəliləməliyik. XX əsrin əvvəllərinin görkəmli siyasətçisi və maarifçisi İsmayıl Qaspirinski böyük birliyin çox sadə, amma həm də çox sərrast düsturunu müəyyənləşdirib: dildə, fikirdə, əməldə birlik. Avropanın birliyinə nail olmağı, ortaq Avropa evini bərqərar etməyi arzulayırıq, Avropa Şurasını bu istiqamətdə qovuşdurucu bir element kimi nəzərdə tuturuq. Həqiqətən də birliyə çağırış Avropa Şurasının yarandığı gündən indiyədək bu təşkilatın dilində və fikrindəki başlıca ideyalardan olub. Zahirən fəaliyyətlərini də bu istiqamətdə qurmağa çalışıb. Lakin təəssüf ki, gözlənilən nəticəni əldə etmək mümkün olmayıb və vaxt ötdükcə sanki bu istək bir qədər də əlçatmaz görünür. Səbəbi sadədir. Çünki çağırışlarla, arzulamaqla iş bitmir, gərək həm də əməldə birlik ola”.

Avropa birliyinin təmin edilməsində Avropa Şurasının aparıcı rol oynamasına məruzədə bəslənən ümidinin bir sıra səbəblərdən real olmadığını təsdiqləyən deputat R. Hüseynov bu ehtimalının səbəbini şərh edərək deyib:

“Bizim təşkilatda vəziyyət necədir? Avropa Şurası genişlənərək 47 ölkəni, 900 milyona yaxın insanı əhatə edən ən nəhəng dünya təşkilatlarından birinə çevrilib. Lakin niyə onu əminliklə gələcək Avropa vahidliyinin qarantı, bünövrəsi, dayaq sütunu saymaq olmur? Çünki sözlə əməl arasında ayrılıq var. Sözdə birliyə nail olsaq da, əməldə birlikdən uzağıq. Əgər bu ailənin üzvləri arasında bir-birinə qarşı təcavüz siyasəti aparan dövlətlər varsa və Avropa Şurası bunun qarşısını almaqda acizdirsə, o, Avropa birliyinin bünövrəsi olmaq vəzifəsini yerinə yetirə bilərmi? Əgər 2001-ci ildə Avropa Şurası işğalçı Ermənistanı və əraziləri zəbt edilmiş, 1 milyon insanı qaçqına və köçkünə çevrilmiş Azərbaycanı sıralarına götürərkən onlar qarşısında şərt qoyubsa ki, münaqişə həll edilsin, bu təcavüzə son qoyulsun, bu haqda hələ 2005-ci ildə ayrıca qətnamə də qəbul edibsə və heç bir irəliləyişə nail olunmayıbsa, bütün bunların nəticəsi kimi Avropanın tədricən yaxınlaşmağa, birləşməyə deyil, parçalanmaya, qütbləşməyə daha çox uğrayacağı labüd idi. XXI əsrin əvvəllərində Avropa Şurasına üzv olan ölkələr arasında bu, hələ yeganə belə ağır problem idi. Separatizmin, terrorizmin qarşısı alınmadıqca, onun çox pis yoluxucu mərəzə çevrilməsinin nəticəsi indi göz qabağındadır. Vaxtilə təkcə Azərbaycanın üzləşdiyi bu bəla indi Avropa Şurasının bir neçə başqa üzvünün başına gəlib. Vaxtında müalicə edilməyən bir çat yeni-yeni çatlar yaradıb. Çatlar çoxaldıqca isə nə qədər çağırışlar edilsə də, birlikdən çox parçalanma, dağılma ehtimalları artır”.

Birliyə maneçilik törədən əsas amillərdən birinin Avropa Şurasında kök atmış ikili standartlar olduğuna diqqət yönəldən R. Hüseynov daha sağlam Avropanın və daha mütəşəkkil Avropa Şurasının bərqərar olması üçün ən əvvəl bu qüsurdan qurtulmağa dəvət edib:

“Birlikdən danışırıq, amma Avropa Şurasının fəaliyyətində mütəmadi olaraq ikili standartların mövcudluğunu görürük. Mədəniyyətlərarası, dinlərarası dialoqdan danışırıq, ancaq islamofobiyanın, ksenofobiyanın ən qatı təzahürlərini müşahidə edirik. Bir üzv ölkəyə qarşı sərt sanksiyalar tətbiq edilir, amma ondan qat-qat artıq pozucu olan digər üzv dövlətə qarşı ifrat yumşaqlıq göstərilir. Bu halla birliyə nail olmaq mümkündürmü? Bu cür fəaliyyətlə bütün qitədə birliyin qarantı olmaq kimi missiyanı boynuna götürmək həvəsinə düşmək, əlbəttə, yalnız xam xəyal sayıla bilər. Sammit barədə düşünəndə bu acı həqiqətləri bir an belə unutmayaq”.

Etikxeber.az

Read Previous

Oqtay Əsədov Minskdə Azərbaycan Ticarət Evinin fəaliyyəti ilə tanış oldu – FOTO

Read Next

Rafael Hüseynov: “Susmayın, biganəlik göstərməyin, hərəkətə keçin” dedik…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir