Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bərabərlik və qeyri-diskriminasiya üzrə komitəsinin iclası keçirilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova iclasda iştirak edib.
Etikxeber.az xəbər verir ki, komitə iclasında “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” adlı beynəlxalq kampaniya çərçivəsində parlamentarilər ölkələrində bu istiqamətdə həyata keçirilən işlərlə bağlı məlumat veriblər.
MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini S. Qafarova Azərbaycanın həmin kampaniyaya verdiyi dəstək, bu istiqamətdə görülən işlər haqqında ətraflı danışıb.
Bildirib ki, gender əsaslı zorakılığın insan hüquqlarının tərkib hissəsi olmasının təbliği məqsədilə yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmə aparılmalıdır. S.Qafarova bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlərdən də söz açıb. Kampaniya çərçivəsində “Heç kim kənarda qalmasın: qadınlara və qızlara qarşı zorakılığa son!” mövzusunda konfransa start verildiyini vurğulayıb.
Qeyd edib ki, hökumət təmsilçilərinin, MM-n deputatlarının, bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin nümayəndələrinin, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən konfransda gender bərabərliyinin təmin olunması, qadınlara və qızlara münasibətdə zorakılığın aradan qaldırılması ilə bağlı tədbirlərin əhəmiyyəti, bu sahədə vəziyyət, görülməli işlər geniş müzakirə edilib. Kampaniya çərçivəsində Azərbaycanın bir sıra regionlarında təlimlər keçirildiyi, yerli idarəetmə orqanları ilə birgə təşkil olunan “Ailə akademiyası” adlı layihənin icra olunduğu diqqətə çatdırılıb.
AŞPA-dakı nümayəndə heyətimizin üzvü “Azərbaycan ailəsi” film festivalından, “Həyatdan şəkilə” foto müsabiqəsindən də bəhs edib. Vurğulayıb ki, kampaniya çərçivəsində Azərbaycanda təşkil olunan tədbirlər gender əsaslı zorakılıq hallarının aradan qaldırılması, maarifləndirmə işinin daha da genişləndirilməsi, həmçinin gender sahəsində həyata keçirilən dövlət siyasətinin dəstəklənməsi baxımından böyük əhəmiyyət daşıyır.
“Ölkəmizdə yaradılan əlverişli şəraitin nəticəsidir ki, bu gün müstəqil Azərbaycanın qadınları parlamentdə, icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsil, səhiyyə sahələrində, biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, hüquq-mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər vəzifələrdə təmsil olunurlar”, – deyə S.Qafarova əlavə edib.
Qeyd edib ki, məişət zorakılığı, erkən nikah hallarının qarşısının alınması, qadınların sosial və iqtisadi həyatda fəal iştirakının təbliği sahələrində müvafiq dövlət orqanları, vətəndaş cəmiyyəti, bir sıra beynəlxalq təşkilatlarla, eləcə də BMT-nin bir çox qurumları ilə birgə layihələr həyata keçirilib.
Etikxeber.az