“AŞPA məruzəçilərinin beynində “nifrət virusu” formalaşıb və bu virus hətta koronavirusdan daha təhlükəlidir” – SƏMƏD SEYİDOV AŞPA PREZİDENTİNƏ ŞİKAYƏT ETDİ

Avropa Şurası məruzəçilərinin həqiqəti əks etdirməyən, yalan, böhtan, nifrət dolu, utanc doğuran açıqlaması məndə çox ciddi etiraz və narahatlıq yaratdı. Hesab edirəm ki, bu açıqlama Avropa Şurasının iç üzünü bir daha göstərdi. Bu, həm də Avropa Şurasında gedən proseslərin nə dərəcədə böhran vəziyyətində olmasına dəlalət edir.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov adıçəkilən qurumun məruzəçilərinin Azərbaycanla bağlı verdikləri son açıqlamaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, məruzəçilərin bu açıqlaması Azərbaycan Prezidenti İlham Əliyevin altıncı çağırış MM-in ilk iclasının açılışında söylədiyi müstəqil siyasət aparan, öz müqəddəratını həll etmək iqtidarında olan dövlət və xalq həmişə təzyiq altında olur fikrini bir daha təsdiq etdi:

“Dövlətimizin başçısı bildirdi ki, onun bu nitqindən sonra hansısa beynəlxalq təşkilat yenə də bizə hücum edəcək. Avropa Şurası məruzəçilərinin belə bir açıqlama verməsi cənab Prezidentin dediyi sözləri təsdiqlədi”.

S. Seyidov qeyd edib ki, bu gün Azərbaycanda insan haqları sahəsində çox böyük işlər görülür:

“Ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün atılan addımlar insan həyatını, Azərbaycan vətəndaşının təhlükəsizliyini qorumaq niyyətini və fəlsəfəsini özündə əks etdirir. Bundan başqa, bu günlərdə ölkəmizdə həbsxanalardan yüzlərlə məhbusun buraxılmasını, bundan sonra da insan haqları ilə bağlı addımların atılacağını nəzərə alsaq görərik ki, nə qədər böyük işlər görülüb. Bunların heç birini görməmək, Azərbaycana qarşı bu dərəcədə nifrət hissi ilə çıxış etmək o deməkdir ki, koronavirusdan başqa sanki bu insanların beynində “nifrət virusu” da formalaşıb və bu virus hətta koronavirusdan daha təhlükəlidir. Çünki bəşəriyyət koronavirusun müalicəsini nə vaxtsa tapacaq, ancaq bu insanları “nifrət virusu”ndan təmizləmək çox çətin məsələdir. Belə bəyanatlar Avropa Şurası daxilindəki marginal qruplar tərəfindən verilir. Onlar çalışırlar ki, Azərbaycana qarşı hansısa mənfi addımlar atsınlar. Azərbaycan isə belə təxribatçı addımlara gördüyü işlərlə cavab verir. İnanıram ki, bu gün Azərbaycanın gördüyü bu mühüm işlər Avropa ölkələri üçün nümunəvi xarakter daşıyır”.

S.Seyidov həmməruzəçilərin son açıqlaması ilə əlaqədar AŞPA-nın prezidentinə etiraz məktubu yazdığını da diqqətə çatdırıb.

Etikxeber.az

Read Previous

“Sükunətdən Yer üzü dağılmayacaq, onsuz da planetin özü fırlanır…” – ZAHİD ORUC YAZDI

Read Next

“Qorxulusu budur-peyvəndi, müalicəsi heç vaxt tapılmayacaq bəla budur…”-MİLLƏT VƏKİLİ YAZDI VƏ AŞPA MƏRUZƏÇİLƏRİNİ SƏRT TƏNQİD ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir