“AŞPA-nın antiAzərbaycan addımları heç zaman heç bir məqsədinə çatmayacaq”-ELDAR İBRAHİMOV YAZIR

Qarabağ münaqişəsinin başlamasından 32 il keçir.

32 ildir ki, Azərbaycan xalqı beynəlxalq güclərin təzyiqi ilə 20-ci əsrin əvvələrində məhz Azərbaycan torpaqları hesabına yaradılmış Ermənistan adlı dövlətin işğalçılıq, təcavüzkarlıq, vandalizm siyasəti ilə üz-üzədir.

27 ildən də artıqdır torpaqlarımızın 20 faizi Ermənistanın – onun açıq-gizli havadarlarının dəstəyi ilə – işğal altında, bir milyondan artıq insanımız 1988-1993-cü ildən qaçqın-köçkün vəziyyətindədir.

Ötən illər ərzində də münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində müxtəlif modellər, formatlar, variantlar ortaya qoyulub və qoyulmaqdadır.Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu, ABŞ, Rusiya və Fransadan ibarət həmsədrlər institutu yaradılıb.

Həmçinin, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 məlum qətnaməsi ortadır. Ancaq çox təəssüflər olsun ki, ötən müddət ərzində münaqişənin müsbət və ədalətli həlli istiqamətində bir qarış olsun belə irəliyə doğru gedilməyib.

Nə münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürən Minsk qrupu və həmsədrlər institutu, nə də 4 məlum qətnaməni qəbul edən BMT Təhlükəsizlik Şurası bu müddət ərzində Ermənistanı sülhə və razılığa məcbur edə bilib.

Heç biri Ermənistanın cəzalandırıması üçün hansısa təzyiq mexanizmini işə salmayıb, hansısa sanksiya tətbiq etməyib. Əksinə, sadəcə, quru, mənası olmayan bəyanatlar səsləndirməkdən, turistik səfərlər etməkdən o yana getməyiblər, o cümlədən, işğalçı ilə işğala məruz qalanı eyniləşdirməkdən, ikili, üçlü standarlar tətbiq və nümayiş etməkdən savayı heç nə etməyiblər.

Bunu görən işğalçı və təcavüzkar ölkə isə yenidən və daha da iştahlanıb, həvəslənib, atəşkəs rejiminin pozulması, qan axıdılması üçün dəfələrlə cəhdlər göstərib, təxribatçılıq və fitnəkarlıq əməllərini davam etdirib.

Bəli, düşmənin, təcavüzkarın təxribatları, yeni işğal planları da cavabsız qalmayıb, necə lazımdırsa, layiq olduqları cavablarını alıblar. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Cünnüt əməliyyatı, ötən il Qazax istiqamətində baş verənlər Azərbaycan dövlətinin və Ordusunun Qarabağ, torpaq məsələsində nə qədər əzmli, qətiyyətli və barışmaz olduğunu həm düşmənə, həm onun havadarlarına, həm də bütövlükdə dünyaya göstərdi.

Göstərdi ki, Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan ordusu heç zaman işğal faktı ilə barışmayıb, bu gün də barışmır, sabah da barışmayacaq, torpaq, Qarabağ məsələsində zərrə qədər güzəştə getməyəcək.

Azərbaycan bu mövqeyini, iradəsini həm də hər daim diplomatik müstəvidə ortaya qoyub. Dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyev hər fürsətdə Azərbaycanın Qarabağ məsələsində güzəştə getməyəcəyini, bu yöndə cəhdlərin heç bir nəticə verməyəcəyi halda belə, Ordumuzun gücündən istifadə edərək, ölkəmizin bütün ərazilərində suveren hüquqlarının təmin ediləcəyini bildirib.

Məhz Azərbaycanın, dövlət başçısının qətiyyətli mövqeyi, iradəsi nəticəsində bir il öncə Ermənistanın, onun bədnam, sərsəm baş naziri Nikol Paşinyanın danışıqlar formatının dəyişdirilməsi ilə bağlı təxribatının qarşısı alındı. Eyni zamanda, Valdayda, MDB dövlət başçılarının Aşqabad sammitində, Türk Şurasının Bakı Zirvəsdində. BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatının möhtəşəm Bakı Sammitində, Münxen Təhlükəsizlik Konfransında Ermənistanın, Paşinyanın yalanları bir-bir ifşa edildi, ermənilərin, Ermənistanın əsl mahiyyəti, iç üzü bir daha dünyaya nümayiş etdirildi.

Ermənistanın nəinki Azərbaycan, bölgə, dünya üçün bir daha təhdid olduğu hər kəsə bəyan edildi. Onun faşist, rasist, terrorist bir ölkə olduğu, faşizmi, rasizmi, terrorizmi dövlət siyasətinə çevirdiyi bütün açıqlığı, çılpağlığı ilə ortaya qoyuldu. Dövlət başçımız “Qarabağ Azərbaycandır, Azərbaycanındır-nida işarəsi”-deyə, bəyan edərək, bir daha hər bir kəsə öz qətiyyətini, iradəsini, barışmaz mövqeyini sərgilədi.

Bəli, son 4 ildə yaşanan istər hərbi, istərsə də diplomatik qələbələr Ermənistanın bütün cəbhələrdə mövqelərinə öldürücü və sarsıdıcı zərbələrini vurdu və bu gün də vurmaqdadır. Artlq öz yalanlarına özlərindən və özləri ağlda olanlardan savayı heç kim inanmır, hamı Ermənistanın işğalçı, təcavüzkar, faşist, terrorcu bir ölkə olduğunu qəbul və etiraf edir. Bu ölkənin əsl mahiyyətini, sülhdə, danışıqlarda maraqlı olmadığını, əksinə, bunu hər cür vasitə ilə əngəlləməyə çalışdığını son bir ayda yaşananlar bir daha üzə çıxardı.

Dünyanı cənginə alan koronavirus pandemiyası şəraitində belə təxribatlarından əl çəkməyən işğalçı və təcavüzkar ölkənin təhriki, dəstəyi ilə oyuncaq, qondarma, quldur “DQR” rejimində “seçki şousu” təşkil edildi, bu azmış kimi, hər birimizin həssas nöqtəsi olan Şuşada “andiçmə mərasimi” maskaradı nümayiş etdirildi. Bir daha Azərbaycanı təxribata çəkmək istədi, amma alınmadı, əksinə, özləri pis durumda qaldılar.

Bütün dünya, bütün beynəlxalq təşkilatlar, bütün aparıcı ölkələr birmənalı şəkildə bu “seçki”ni tanımadıqlarını, onu pislədiklərini və qınadıqlarını ifadə etdilər. Ancaq bir təşkilatdan-Avropa Şurası və onun təsisatlarından başqa.

Əslində burada təəccüblü bir məsələ də yoxdur. Çünki Avropa Şurası, onun təsisatları, xüsusilə, Parlament Assambleyası daim Azərbaycana qarşı qərəzi, qısqanclığı, haqsızlığı ilə seçilib. Hər zaman antiAzərbaycan mövqeyində dayanıb, həmişə ermənilərin, ermənipərəst qüvvələrin ruporuna, tribunasına çevrilib.

Ən azı Avropada, üzvü olan ölkələrdə insan hüquqlarının təmin edilməsinə nail olmalı olan bu qurum bir milyondan artıq azərbaycanlı qaçqın-məcburi köçkünün illərdir pozulan, tapdalanan hüquqlarının bərpası yönündə bir addım olsun belə atmayıb, təcavüzkar və işğalçı ölkəyə bununla bağlı sanksiya, digət təzyiq mexanizmləri tətbiq etməyib. Hətta, uzun illər öncə özünün qəbul etdiyi 1416 saylı qətnamınin icrası üçün Ermənistana, onun nümayəndə heyətinə gözün üstə qaşın var deməyib.

Əksinə, cinayətkarların-hərbi cani, Xocalı soyqırımının əsas təşkilatçılarından və icraçılarından olan Serj Sarkisyanın AŞPA tribunasından geninə-boluna istifadə etməsinə şərait yaradılıb. Budurmu, bunların elan etdikləri dəyərlərə hörməti, budurmu, bunların ədaləti?!

Bunlarda heç zaman dəyərlərə hörmət, ədalət, vicdan hissi olmayıb. Olsaydı, Azərbaycanın səmimi, konsrtiktiv əməkdaşlıq niyyətlərini, əməli addımlarını, uğurlarını obyektiv qiymətləndirər, ölkəmizə qarşı haqlı və ədalətli davranardılar. Həmçinin, Ermənistanın, qondarma “DQR” rejiminin təxribatçı, sülhə, təhlükəsizliyə təhdid törədən addımlarına lazlmi, sərt reaksiya göstərərdilər. Amma etmədilər, özlərini yenə karlığa, korluğa, lallığa vurdular.

Çünki ölkə Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında da dediyi kimi, “Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır…”.

Eyni zamanda, dövlət başçısının bəyan etdiyi kimi, “Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir”.

Bununla yanaşı, AŞPA-nı, o cümlədən, ATƏT-i Azərbaycana yönəlik haqsız siyasət yeritməkdə ittiham edən ölkə Prezidentinin vurğuladığı kimi, “AŞPA və ATƏT-in müvafiq strukturları heç cür azərbaycanafobiya halını almış Azərbaycana qarşı antipatiyasını gizlədə bilmir. Bunun əsas səbəblərindən biri yəqin ki, hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır. Görünür AŞPA-da bəziləri bu qurumu sırf “xristian klubu” kimi görmək istəyindədirlər. “Beyin iflici” keçirən Qərbin özünün məhsulu olan Suriya və Liviyadakı vəziyyətdən sonra yaranmış miqrasiya problemi zamanı islamofobiyanı aydın şəkildə sezmək mümkündür…”.

Bəli, birmənalı, geniş şərhə ehtiyacı olmayan bir mövqedir. Hər birimiz də bir azərbaycanlı, Azərbaycan vətəndaşı kimi, bu mövqeni bölüşür və dəstəkləyirik.

AŞPA-dakılar da, ATƏT-dəkilər də, ölkəmizə qarşı düşmən mövqeyində duranlar da bilsinlər və dərk etsinlər ki, Azərbaycan öz mövqeyində, öz yolunda qətiyyətlidir və dönməzdir.

Onun heç nə ilə yolundan döndərmək mümkün olmayıb, bundan sonra da mümkün olmayacaq. Bu, birmənalıdır!

12:36

Eldar İBRAHİMOV,

Milli Məclisin İntizam komissiyasının sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü

Etikxeber.az

 

Read Previous

“Bu, artıq zamanın çağırışıdır: Zaman isə gözləmir”-DEPUTAT

Read Next

Deputat seçicilərini Operativ Qərargahın qoyduğu tələb və qadağalara-ƏMƏL ETMƏYƏ ÇAĞIRDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir