“Atam Bakıda “Ağdam bağı” salıb…”-AYBƏNİZ İSMAYILOVA YAZIR

Ağdam köçkünü Teyyub Hüseynov:

“Evimizin pilləkənlərində oturdum, öz acizliyimi hiss elədim…”

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova yazır:

Onilliklər boyu Ağdam şəhəri özünün qaynar, işgüzar həyatı, insanlarının zirəkliyi, zəhmətkeşliyi və bu zəhmətkeşlik sayəsində rifah içində yaşaması ilə seçilib. Şəhərin bağ-bağatlı evləri, abadlığı göz oxşayıb, könül sevindirib.

Ağdamlılar diribaş, işküzar, şux, ünsiyyətcil insanlar olması ilə tanınıb və onların bu xasiyyətləri həyat dolu doğma şəhərləri ilə bir harmoniya təşkil ediblər. Ağdamın gur həyatını yəqin ki, Q.Q.Markesin ədəbiyyata gətirdiyi məşhur şəhər Makondonun yüksəliş illəri ilə müqayisə etmək olar.

Bu gün isə bir vaxtlar həyatı qayır-qayır qaynayan Ağdam xarabalıqlarına, boş evlərinə, səssiz küçələrinə və başından əskik olmayan təhlükəyə görə, “Lonely planet”, Əl-Cəzirə, kimi dünya mətbu orqanları tərəfindən “Xəyalət şəhər” elan edilib. Onu “Qafqazın Xiroşiması” belə adlandırırlar. Həyatın tamamilə yoxa çıxdığı bu şəhər 23 iyul 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindənn işğal edilib.

Qarabağ savaşı yüz minlərlə insanın taleyini dönüşü mümkünsüz bir şəkildə dəyişdi. İnsanlar bir günün içində torpaqlarını, evlərini, ən əsası isə, rahatlıqlarını birdəfəlik itirdilər. Didərginlik, köçkünlük hər nəslin üzərinə öz izini bir cür qoydu. Qocalar doğma yurdlarında ölmək üçün tanrıdan ömür dilədilər, uşaqlar böyüdükcə, kəndləri, evləri barədə xatirələrində ilğım kimi qalmış illərin, günlərin gerçək olub-olmadığını qarışdırmağa başladılar. Amma yaşının orta çağında köçkün düşən nəslin nə ölüm barədə düşünmək, nə xatirələrə dalmaq imkanı vardı.

Müharibənin, köçkünlüyün bütün yükü, əzabları bu nəslin çiyinlərinə düşmüşdü. Qoca ata-analarına təsəlli vermək, ailələrini, balalarını dolandırmaq, başlarını daldalamağa yer tapmaq, bir günün içində “sıfırlanmış” həyatlarını yenidən qurmaq…Necə də ağır oldu, məşəqqətli oldu bu nəslin ömür yolları. Təsəvvür edin, 30-40 yaşlarında, yəni hələ kifayət qədər cavan ikən qaçqın düşən adamların indi 60-70 yaşı var. Ömürlərinin ən gözəl, ən enerjili illəri çaxnaşma, kasıblıq, ağır zəhmət içində keçdi. Bir də gözlərini açdılar ki, qocalıblar. Yurd həsrəti, doğma evinə qayıtmadan dünyadan köçən valideynlərin dərdi, doğma yurddan kənarda böyüyən uşaqlarının qəribçiliyi qocaltdı onları…

Onlardan biri, Agdam sakini Teyyub Hüseynovun 70 yaşı var. Ağdam rayonunun Şıxbabalı kəndində anadan olub. Politexnik Hidrotexniki tikintilər üzrə mühəndisdir. 1973-77-ci illərdə Rusiyadakı Kuybışev vilayətində ixtisası üzrə fərqli vəzifələrdə çalışıb. 1977-93-cü illərdə Beylaqan-Ağdam rayonlarında Azərsu tikinti Birliyinin təşkilatlarında işləyib. 1988-93-cü illəridə Ağdam şəhərindəki 25 saylı mexanikləşdirilmiş səyyar dəstə rəhbəri vəzifəsində işləyib. Köçkünlər üçün ölkədə tikilən 20 qəsəbənin tikintisində baş texniki nəzarətçi işləyib. Mühəndis kimi nailiyyətlərinə, ölkədə apardığı abadlıq işlərinə görə ölkə Prezidentinin Fəxri Fərmanı və Tərəqqi medalı ilə təltif edilib. Hazırda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda baş texniki nəzarətçi vəzifəsində işləyir. Teyyub müəllim 30 ilə yaxındır ki, Qarabağ savaşı nəticəsində itirdiyi doğma şəhəri Ağdama həsrətdir…  

  • Teyyub müəllim, Ağdam, ailənizin ordakı həyatı yadınızda necə qalıb?
  • İcazənizlə, ailəmdən başlayım, atam Nuri Hüseynov Ağdam rayonunun Şıxbabalı kəndində, avtonəqliyyat birliyində sürücü işləyib. Kəndimiz Qarqar çayının sağ sahilində yerləşirdi. Əkin sahələrimiz çayın solunda, bağlarımız isə sağında yerləşirdi. Yazıçı Əli Vəliyev “Samovar tüstülənir” romanında kəndimiz haqqında belə yazmışdır: “Bu tərəfin adamları deyib ki, Şıxbabalının yazda gülünü iyləyirsən, payızda meyvəsini yeyirsən”. Ailəmiz təsərrüfatla məşğul olurdu. Mən yeddi yaşımdan qoyun-quzuya baxırdım. Qarqar çayının kənarlarında çoxlu otlaq sahələri var idi. Yaz gələndə bu yerlərin xüsusi gözəlliyi olurdu, qonşu uşaqlarla orada qoyun-quzu otarır, girədöymə, çiling-ağac oynayırdıq. Kolluqların dibindən quzuqulağı, qulancar yığıb, yeyirdik. Çayda su azalanda, çoxlu balıq olurdu. Qoyun-quzuları qayaların kölgəsində yatızdırıb, balıq tutardıq. Çayda qara və qırmızı xallı balıqlar olurdu. Mən sonralar öyrəndim ki, bu balıqlıarın adı “farel” imiş. İndi düşünürəm ki, o günlər həyatımın ən gözəl günləriymiş, bilməmişəm. O yerlərin gözəlliyini, uşaqlıq dostarımla keçirdiyim günləri tez-tez xatırlayıram. 
  • Sonra böyüdünüz və həyatın gerçəklikləri başladı…
  • 1968-ci ildə orta məktəbi bitirdim, ali məktəbə qəbul oldum. İnstitutu bitirib, mühəndis diplomu aldım. 1978-ci ildə Xalidə xanımla ailə qurduq. Bir-birinin ardınca üç övladımız, iki oğlumuz və bir qızımız doğuldu. Ağdamda yerləşən 25 saylı Səyyar Mexanikləşdirilmiş dəstənin rəisi vəzifəsində işləyirdim. Müəssisəmiz Laçın və Dağlıq Qarabağ ərazilərində tikinti işləri aparırdı. Amma müharibənin başlaması ilə hər şey darmadağın oldu…işimiz, həyatımız…1991-ci ildən ermənilərlə bağlı içtimai-siyasi vəziyyət daha da gərginləşdi. Müharibə bizləri də didərgin saldı…
  • O illəri necə xatırlayırsınız?
  • O vaxt, bizim müəssisəmizin inzibati binasında Dağlıq Qarabağ Komitəsininin qərargahı yerləşirdi. Mən qərargahın işinə hər cür köməklik göstərirdim. 1993-cü ilin may-iyun aylarında ermənilər Ağdam şəhərini və yaşayış məntəqələrini top atəşinə tuturdular. Kəndimiz erməni kəndləri ilə qonşu idi. Gecə-gündüz top səsləri kəsilmirdi. Ailəni kənddə saxlamaq çox təhlükəli idi. Ailəmizi – atam, anam, qardaşlarım, üç övladımızı və həyat yoldaşımı Ağcabədinin Hüsülü kəndinə apardıq. Qardaşım Azay Milli Orduda əsgər idi. Mən kəndimizə qayıdanda kənddə çox az adam qalmışdı, evimə və həyətimə üç top mərmisi düşmüşdü, kəndimiz darmadağın edilmişdi. Bizim evin həyətində iki nəfər silahsız əsgərə rast gəldim. Ağdamda da mülki əhali az idi. Evimizin pilləkənlərində oturdum. O anlarda hiss etdiyim acizliyimi hələ də unuda bilmirəm…
  • Siz hara sığındınız?
  • Həmin il son ümidlərimiz də puç oldu. Bütün ailəmiz Bakıya gəldi. Zabrat qəsəbəsində yaşayan bir qohumumuz  yaşamaq üçün bir otaq və otaq boyda bir torpaq sahəsi verdi, yerləşdik. Birinci yay uşaqlar ağcaqanaddan ağlaşırdılar, axı bizim kənddə ağcaqanad olmurdu. O dövr, bizim ən çətin günlərimizin başlanğıcı idi. Bakıda ən çətini yaşamağa bir ev tapmaq idi. Atamgilə də bir az rahatlıq olardı. Azər adlı qonşumun köməkliyi ilə, xeyli əziyyətdən sonra Günəşli qəsəbəsində bir mənzil aldıq. Qaçqınlıq dövründə ilk dəfə sevindim. İndi yaşamağa yer vardı. Övladlarım məktəbə getməli idi, mən iş tapmalı idim. Ailəmi dolandırmağa pul yox idi. Müxtəlif işlərlə məşğul olmağa başladım, o vaxt iş tapmaq çox çətin idi. Dostum köməyimə gəldi, yeni açılmaqda olan Qaçqın və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda mənə iş təklifi edildi. Başladım ofisdə işləməyə. Az keçmədi ki, məcburi köçkünlərə ev tikməyə başlandı, öz xahişimlə məni tikintiyə göndərdilər. Bu mənim ürəyimcə idi. Orada işlədiyim zaman tez-tez yaxınlıqdakı hündür təpəyə çıxıb kəndimiz istiqamətində baxırdım. Elə bilirdim ki, kəndimizin havasını hiss edirəm.
  • Valideynlərinizin aqibəti necə oldu?
  • Anam Şirmayı 1998-ci ildə, atam isə 2018-ci ildə dünyalarını dəyişdilər. Anamdan bir bağ yadigar qalıb. Bağı görən qohum və yaxın insanlar ona “Ağdam bağı” deyir. Atam o bağda yaşayırdı, o bağla nəfəs alırdı. İndi kiçik qardaşım o bağa atamın yadigarı kimi qulluq edir. Biz ailədə dörd qardaş idik, hamımız ailəmizlə birlikdə Bakı şəhərində yaşayırıq.
  • Teyyub müəllim, ən çox nə üçün darıxırsınız?
  • İndi 70 yaşım var, uşaqlarım böyüyüb, təhsil alıb, ailə qurublar. Yeddi nəvəsi olan babayam. Nəvələrimə kəndimizdən, Ağdamdan danışıram, istəyirəm ki, o yerləri tanısınlar, bilsinlər, ora aid olduqlarını hiss eləsinlər. Azərbaycanın hər bir guşəsi mənim üçün vətəndir, ancaq doğulduğum, boya başa çatdığım torpaq daha əvəzsizdir. Yaşım artıqca, o doğma yurda qayıtmaq arzum daha da artır. O yerlərin hər qarışı üçün, çayı, otlaqları, ağacları, otları üçün, hər şeyi üçün darıxıram. Oralarda keçən uşaqlığım üçün darıxıram…

Teyyub müəllimin söhbəti müharibə və işğalın necə dəhşətli, dağıdıcı proses olduğunu göstərir. Müharibə, təkcə şəhərləri, kəndləri, evləri dağıtmır, təkcə abad yerləri viran qoymur. O, eyni zamanda, insanların, ailələrin, nəsillərin taleyini darmadağın edir. Savaşda təkcə maddi olanlar itmir, həm də mənəvi olanlar itir. Ailə ənənələrinin, yurdla, ocaqla bağlı dəyərlərin başqa nəsillərə ötürülməsi imkanı itir. Xatirələri canlandırmaq imkanı itir.

Teyyub müəllim bu gün nə qədər çalışsa da, öz xatirələrini, bağlı olduğu yerləri öz nəvələri üçün canlandıra bilməz. Çünki bu xatirələri canlandırmaq, Teyyub müəllimin ailəsinin ənənələrini nəvələrinə ötürə bilməsi üçün, onların bir ailə şəklində doğma evlərinə, yurdlarına dönməsi vacibdir. Ümid edirik ki, gün gələcək, Teyyub müəllim doğma yurduna sevgi aşılamaq istədiyi nəvələrinə öz xatirələrini doğma kəndində danışacaq, bir vaxtlar sevdiyi, gəzdiyi yerləri nəvələrinə canlı şəkildə göstərəcək.

Gün gələcək, Teyyub müəllimin nəvələri indiyə qədər görmədikləri vətənlərini görmək, o torpaqlara ayaq basmaq, o yerlərin doğma hərarətini hiss etmək imkanına sahib olacaqlar.

Hazırda isə, Teyyub əminin nəvəsi Xəzər, Ağdamın “Qarabağ” Futbol klubunun azarkeşidir. 2019-cu ildə, UEFA Avropa Liqası çərçivəsində baş tutan “Qarabağ” – “Sevilya” oyunu barədə məşhur İspaniya nəşri AS bunları yazmışdı: “Qarabağ, 26 ildir ki, ev oyunlarını təmsil etdiyi şəhərdən 250 km uzaqda keçirir. Ağdam – Qafqazın Xiroşiması, ruhlar şəhəridir…””.

Bu gün öz doğma Ağdamına futbol vasitəsilə sarılan Xəzər və Teyyub əminin başqa nəvələri, bir gün Ağdama qayıdacaq və onu “Xəyalət şəhər” olmaqdan çıxaracaq. Ağdam yenə öz gur, axar-baxarlı, qaynar, işgüzar həyatına qayıdacaq.

Teyyub əmi isə o günləri mütləq görəcək.

Onun Ağdamı daha Bakıdakı “Ağdam bağı”ndan ibarət olmayacaq…

Etikxeber.az

Read Previous

“Tovuz rayonunun Ağdam kəndində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub”-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana-YOLA SALINDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir