“Atam ilk dəfə infarkt keçirdiyi zaman Heydər Əliyev vaxt tapıb xəstə yatdığı dövrdə iki dəfə atama zəng etdi, onun səhhəti ilə maraqlandı…”-GÖVHƏR BAXŞƏLİYEVA

“…Öz taleyini yaşayan insanlar olduğu kimi, bütöv toplumun, xalqın taleyində böyük rol oynayan, hətta bir çox cəhətdən onu müəyyənləşdirən şəxsiyyətlər də olur. Xalqımızın tarixində və taleyində otuz ilə yaxın zaman kəsiyində müstəsna təsirə malik olmuş ümummilli liderimiz Heydər Əliyev, məhz, belə şəxsiyyətlərdəndir. Həmin xeyirxah təsir mənim və ailəmizin həyatında da özünü göstərmişdir və mən xoşbəxtəm ki, bu böyük şəxsiyyəti yaxından tanımaq, müşahidə etmək, onunla ünsiyyətdə olmaq imkanı da qismətimə düşüb…”

Heydər Əliyevin hakimiyyətə ilk gəlişi mənim yeniyetməlik çağlarıma təsadüf etmişdir.

Azərbaycan KP MK-nın birinci katibi seçiləndən dərhal sonra Heydər Əliyev qısa müddətdə respublikada idarəçilik sistemini xeyli möhkəmləndirdi. Kadrlara qarşı tələbkarlıq, tapşırılan iş üçün məsuliyyət artırıldı.

Rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizəyə başlandı. Sovet hakimiyyəti tarixində ilk dəfə sosialist cəmiyyətində vəzifədən sui-istifadə, rüşvət və korrupsiya kimi mənfi halların olduğu və onlara qarşı mübarizənin vacibliyi Azərbaycan KP MK-nın 1969-cu il avqust plenumunda elan edildi. Heydər Əliyev Azərbaycana rəhbərliyə başlayandan az sonra – 1970-ci ildə o vaxtacan maliyyə nazirinin birinci müavini vəzifəsində çalışan atam Baxşəli Həsən oğlu Baxşəliyevi respublikanın maliyyə naziri təyin etdi və o, 1987-ci ilin oktyabr ayınacan bu mühüm vəzifədə çalışmaqla, Azərbaycan tarixində bu postda ən üzün müddətə işləyən dövlət məmuru oldu.

Ümummilli liderimizin o dövrdə ölkəmiz və xalqımız üçün gördüyü nəhəng işlər haqqında ilk məlumatları da mən atamdan almışam, o bənzərsiz şəxsiyyət haqqında təsəvvürlərim onun söhbətləri əsasında formalaşmışdır. Atam daim Heydər Əliyevin əvvəlkilərdən fərqlənən tamamilə yeni tipli bir rəhbər olduğunu vurğulayar, onun respublikanın sosial-iqtisadi və mədəni inkişafı, ittifaq miqyasında nüfuzunun və çəkisinin artması istiqamətində göstərdiyi böyük, titanik fəaliyyətindən ağızdolusu danışardı.

Hər il yayda paytaxt Moskvaya etdiyi işgüzar səfərlər zamanı atam Heydər Əliyevin çoxşaxəli fəaliyyəti sayəsində respublikamızın nüfuzunun ilbəil artmasını əyani şəkildə hiss edir və bununla bağlı təəssüratlarını bizimlə bölüşürdü. Atamın sözlərindən həm də bu qənaət hasil olurdu ki, Heydər Əliyevin Azərbaycanın hərtərəfli tərəqqisi üçün göstərdiyi gərgin fəaliyyətin mərkəzində insan dayanırdı – o, hədsiz məşğulluğuna baxmayaraq, ölkənin strateji inkişafı üçün lazım olan kadrların yetişməsinə böyük əhəmiyyət verir, mövcud kadr potensialından maksimum səmərəli istifadə olunmasına çalışır, bu baxımdan, dəyər verdiyi insanları hər cür diqqət və qayğı ilə əhatə edirdi.

Bir müddət sonra – atam ilk dəfə infarkt keçirdiyi zaman ailəmiz bunun canlı şahidi oldu: Heydər Əliyev vaxt tapıb xəstə yatdığı dövrdə iki dəfə atama zəng etdi, onun səhhəti ilə maraqlandı. 1982-ci ildə SSRİ rəhbərliyinə getdiyi zaman isə Heydər Əliyev respublikanın o vaxtkı baş nazirinə atamın qiymətli kadr olduğunu söyləmiş, ona qayğı ilə yanaşmağı tövsiyə etmişdi. Mixail Qorbaçovun “perestroyka”sı dönəmində atam 1970-ci illərin “durğunluq dövrü” adlandırılması ilə heç cür razılaşmır, “bəlkə də haradasa durğunluq olub, amma Azərbaycanda yox!” – söyləyirdi. O, əksinə, həmin illərdə Azərbaycanda böyük inkişaf yaşandığını bildirir, bu inkişafın sükanı arxasında Azərbaycanın böyük oğlu – Heydər Əliyevin durduğunu ağız dolusu söyləyirdi.

O, haqlı olaraq, deyirdi ki, məhz, Heydər Əliyevin rəhbərliyi dövründə kənd təsərrüfatının, xüsusilə üzümçülük və pambıqçılığın inkişafı nəticəsində ən ucqar kəndlərdə belə, əhalinin maddi rifahı yaxşılaşmış, yeni sənaye sahələrinin təməli qoyulmuş, elm, təhsil və mədəniyyət sahəsində böyük uğurlara imza atılmışdır. Ümumiyyətlə, atam, XX əsrin 70-80-ci illərini Azərbaycanın sosial-iqtisadi və mədəni yüksəliş dövrü kimi səciyyələndirirdi. Bu illərdə respublikamızın sosial-iqtisadi tərəqqisi yolunda əsl dönüş yarandı: 250-dən çox zavod, fabrik istifadəyə verildi, 630 min nəfərlik yeni iş yeri yaradıldı. Heydər Əliyevin təşəbbüsü ilə SSRİ hökuməti respublikada xalq təsərrüfatının inkişafı üçün beş xüsusi qərar qəbul etdi. 1971-85 illərdə iqtisadiyyata sərmayə qoyuluşunun həcmi 32 milyard rubl təşkil edirdi ki, bu da sovet dövrünün əvvəlki 50 ilində istifadə olunan vəsaitdən 2,1 dəfə çox idi. 1985-ci ildə Cənubi Qafqazda ən iri poladəritmə zavodu istifadəyə verildi, Dərin Dəniz Özülləri zavodu tikildi.

Sənayedə struktur dəyişiklikləri aparıldı. Bakı Məişət Kondisionerləri zavodu qısa müddətdə tikilib, 1975-ci ildə istifadəyə verildi. “Ulduz”, “Azon” cihazqayırma zavodları, Sumqayıt kompressorlar zavodu, Bakı elektrik qaynaq avadanlığı zavodu işə düşdü. Onlarca istehlak malları istehsal edən, o cümlədən Abşeron, Siyəzən broyler fabrikləri, Bakı Şampan şərabları zavodu, habelə Bakıda 2 evtikmə kombinatı, Sumqayıt və Mingəçevirdə evtikmə zavodları, Sumqayıt şüşə zavodu, Ələt ağac emalı kombinatı və s. müəssisələr istifadəyə verildi. Araz, Tərtər, Şəmkir su-elektrik stansiyaları, “Azərbaycan” DRES-i işə salındı. Azərbaycanın enerji müstəqilliyi təmin olundu. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-82-ci illərdə kənd təsərrüfatının dinamik inkişafı, respublikanın və bütövlükdə ölkənin iqtisadiyyatında onun rolunun artması ən mühüm iqtisadi nəticələrdən biri idi. Həmin illərdə yaradılmış iqtisadi, elmi-texniki və mədəni potensial gələcəkdə respublikanın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratdı.

XX əsrin 70-80-ci illərində SSRİ-də öz iqtisadiyyatını müstəqil idarə etməyə qadir olan iki respublikadan biri Azərbaycan idi. Respublikada elm, təhsil, ədəbiyyat, incəsənət və memarlığın inkişafına da diqqət artırıldı. Ali, orta ixtisas, ümumtəhsil məktəbləri, teatr, klub, muzey, kitabxanalar şəbəkəsi xeyli genişləndi. 1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə milli hərbi kadrlar yetişdirilməsi üçün C.Naxçıvanski adına respublika orta ixtisaslaşdırılmış internat məktəbi təşkil olundu. Yüksək ixtisaslı mütəxəssis kadrlar hazırlanmasına diqqət artırıldı. 17 mindən çox azərbaycanlı övladları SSRİ-nin 170 aparıcı ali təhsil ocağına göndərildi. Azərbaycanda yeni elmi tədqiqat müəssisələri yaradıldı. 1975-ci ildə EA-nın nəzdində “Xəzər” Elmi Mərkəzi fəaliyyətə başladı. 1978 ildə mərkəzin əsasında Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutu, 1981-ci ildə isə Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyi təşkil edildi. Respublikada kitab çapı və mətbuat xeyli inkişaf etdi. 1969-cu ildə “Qobustan” almanaxı nəşr edilməyə başlandı. 1990 ildə 168 qəzet, 91 jurnal, 1300-dən çox kitab çap olunurdu.

1976-87-ci illərdə Azərbaycanda ilk dəfə böyük informasiya tutumlu 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası” nəşr edildi. Xalqın mədəni və mənəvi dəyərlərinə diqqət artırıldı. Nizami, Əcəmi, Nəsimi, Tusi, Vaqif, Aşıq Ələsgər, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Hüseyn Cavid kimi görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri, Azərbaycan teatrının 100 illiyi təntənə ilə qeyd olundu. Azərbaycan tarixinə və Azərbaycan dilinə aid qiymətli araşdırmalar yüksək dövlət mükafatlarına layiq görüldü. 1974-cü ildən ali məktəblərdə Azərbaycan tarixinin tədrisinə ayrılan saatlar artırıldı. 1977-ci ildə Nizami irsinin yenidən öyrənilməsi haqqında qərar qəbul olundu, bu sahədə səmərəli işlər görüldü. Cənubi Azərbaycanla bağlı mövzuların ədəbiyyatda inikası üçün geniş imkanlar yarandı. 1979-cu ildə Azərbaycan Yazıçılar İttifaqının Cənubi Azərbaycan üzrə katibi seçildi. Vaxtilə “pantürkist” kimi damğalanmış Hüseyn Cavidin cənazəsinin qalıqları 1982-ci ildə İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edildi.

Heydər Əliyevin rəhbərliyi dövründə erməni separatçıları açıq çıxışlardan çəkinirdilər. 1977 – ci ilin noyabrında onların Dağlıq Qarabağ məsələsini növbəti dəfə qaldırmaq cəhdinin qarşısı qətiyyətlə alındı. Qısa müddətdə Azərbaycan SSR-in sürətli sosial-iqtisadi və mədəni inkişafı SSRİ rəhbərliyində Heydər Əliyevə böyük nüfuz qazandırdı. O, 1976-cı ildə Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçildi. 1982- ci ilin dekabrında Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosuna üzv, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edildi və bu imkanlardan da Azərbaycanın inkişafı naminə istifadə etdi. Bütövlükdə, 1969- 87-ci illər Azərbaycanın quruculuq salnaməsinə parlaq səhifələr kimi daxil oldu. Həmin dövrdə müasir müstəqil Azərbaycan Respublikasının təməli qoyuldu. 1987-ci ildə Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdığı zaman atam təzəcə təqaüdə çıxmışdı və ağır xəstə idi. O, bu xəbəri böyük narahatlıqla qarşıladı və demək olar, səhərəcən yata bilmədi. Narahatlığını bizimlə – övladları ilə bölüşərək: “Azərbaycan müdafiəsiz qaldı, indi görərsiniz xalqımızın başına nə bəlalar gələcək, ermənilər hansı oyunlardan çıxacaqlar, axı onların qarşısını alan yeganə qüvvə Heydər Əliyev idi”, – deyirdi. XX əsrin sonlarında xalqımızın milli istiqlala qovuşması üçün növbəti tarixi şərait yarandı.

Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi, xalq hərəkatının içərisindən çıxmış siyasi qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələndi. Lakin müstəqilliyin ilk illərində ölkədəki qeyri-sabit vəziyyət, Azərbaycan dövlətinin və parlamentinin başında duranların siyasi naşılığı, düşünülməmiş hərəkətləri, 25 nəfəri iqtidardan, 25 nəfəri isə müxalifətdən olan deputatların müxtəlif siyasi oyunlara cəlb edilməsi hakimiyyət böhranını günbəgün dərinləşdirirdi. 1992-ci il fevral ayının 26-da Xocalıda faciə baş verdi. Bunun ardınca Şuşa, sonra Laçın, daha sonra Kəlbəcər işğal olundu. Gəncə hadisələri baş verdi. Siyasi didişmələr və silahlı qruplaşmaların mübarizəsi ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxardı. Sonrakı illərdə Azərbaycan davamlı hakimiyyət dəyişiklikləri ilə Qarabağın və ətraf ərazilərin itkisi ilə üzləşdi, iqtisadi tənəzzül, xaos və anarxiya girdabına yuvarlandı. Bütün bu müddətdə xalqımızın əksəriyyəti kimi mən də yalnız Heydər Əliyevin gənc dövlətimizi bu ağır vəziyyətdən qurtara biləcəyini düşünür, onun siyasi hakimiyyətə qayıdışını arzulayırdım.

Hər dəfə ölkədəki vəziyyətdən söhbət düşəndə, 1970-80-ci illəri həyatının ən gözəl illəri kimi xatırlayan rəhmətlik anam Azərbaycana nicat verəcək şəxsiyyətin ancaq Heydər Əliyev olduğunu söyləyirdi. Nəhayət, 1993-cü ilin keşməkeşli yayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıtdı və böyük təcrübəyə malik müdrik dövlət adamı kimi addım-addım ölkəni düşdüyü fəlakətli vəziyyətdən çıxartmaq istiqamətində titanik fəaliyyətə başladı. Milli Məclisin həmin il 15 iyun tarixli iclasında Ali Sovetin Sədri seçildi. Bununla da Azərbaycanın qurtuluş yolu müəyyənləşdirildi. Səsvermədən sonra proqram nitqi ilə çıxış edən Heydər Əliyev respublikanın o vaxtkı ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk etdiyini və bunun aradan qaldırılması üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi. Beləliklə, Heydər Əliyevin parlament sədri vəzifəsində fəaliyyət göstərdiyi qısa zaman kəsiyində ölkənin həm daxili, həm xarici siyasətində böyük işlər görüldü.

Müstəqil Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu. Heydər Əliyev parlamentdəki fəaliyyətində ilk addım olaraq xalqla birbaşa təmasa keçdi. Tədricən problemlərin həlli yolları ilə əlaqədar konstruktiv tədbirlər həyata keçirilməyə başlandı. Xalqın itirilmiş inamı özünə qaytarıldı. Ən başlıcası isə sabitlik yarandı. Heydər Əliyev Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. O, ilk növbədə, əvvəlki hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa başladı, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Beləliklə, xarici siyasət xəttində mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlərlə, türkdilli dövlətlərlə, müsəlman dünyası ilə, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı.

Azərbaycan müstəqillik qazandıqdan sonra İslam Konfransı Təşkilatına üzv oldu. Heydər Əliyev müsəlman ölkələri arasında əməkdaşlığı möhkəmlətməyi, sülh şəraitini təmin etməyi, mənəvi dəyərlərimizi, mədəniyyətimizi, ənənələrimizi qoruyub saxlamaq və inkişaf etdirməyi rəhbər tutan bu beynəlxalq təşkilatla yaxından əməkdaşlıq etmək, onun vasitəsilə müsəlman dünyasının haqq işimizdə bizə dəstəyinə nail olmaq prinsiplərini xarici siyasətimizin vacib istiqaməti hesab etdi. 1993-cü ilin ikinci yarısından başlayaraq bu istiqamətdə görülən işlər sanki yeni nəfəs aldı. İKT ilə ölkəmiz arasındakı əlaqə və təmaslar intensivləşməyə və fəallaşmağa başladı. Nüfuzlu dövlətlərlə pozulmuş münasibətlər bərpa edildi. Ulu öndər özünə xas olan uzaqgörənliklə müharibə şəraitinə baxmayaraq, hərbisiyasi və sosial-iqtisadi problemlərlə yanaşı, Azərbaycan elmi və mədəniyyətinin məsələləri ilə də yaxından məşğul olmağa başladı. O, özünün ilk görüşlərindən birini 21 sentyabr 1993-cü ildə həmin vaxt ciddi böhran yaşayan Azərbaycan Elmlər Akademiyasında keçirdi.

Bu, bir tərəfdən, ölkə rəhbərinin alimlərimizə bəslədiyi böyük ehtiram, Azərbaycan elminin gələcəyinə göstərilən hədsiz qayğı və diqqətlə, digər tərəfdən isə ölkəni 1993-cü ilin iyununadək idarə etmiş səriştəsiz insanların respublikada elm adamlarına münasibətdə yol verdikləri ədalətsizlikdən irəli gələn narahatlıqlarla bağlı idi. Elə həmin görüşdə Heydər Əliyev belə narahatlıqların əsassız olduğunu təsdiqlədi:

“Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq… Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu akademiyanı yaradan alimlər çox böyük şücaət göstərmişlər. Ötən dövrdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir. Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq”.

Şərqşünaslıq İnstitutunun direktor müavini kimi mən də həmin görüşdə iştirak edirdim. Heydər Əliyevin parlaq nitqi görüş iştirakçılarına güclü təsir bağışladı, hər kəs onun ölkənin problemləri və onların həlli yolları barədə necə dəqiq təsəvvürə malik olduğuna heyran qaldı. Görüşdən sonra mən foyedə dayanmış ümummilli liderə yaxınlaşıb özümü təqdim etdim. Çöhrəsinə təbəssüm qondu, atamı xoş sözlərlə xatırladı, ailəmizin vəziyyəti ilə maraqlandı, institutumuzun durumu ilə bağlı suallar verdi. Bu, mənim o nadir şəxsiyyətlə ilk görüşüm, ilk yaxın təmasım idi və mən uzun müddət həmin ünsiyyətin xoş təsirindən ayrıla bilmədim. Hər bir cəmiyyət onun elmə, ziyalıya, alimə münasibəti ilə qiymətləndirilir.

Ona görə akademiyaya olan münasibət məni çox sevindirirdi. İlk növbədə, akademiya işçilərinin maaşlarının iki dəfə artırılması ilə bağlı Prezidentin sərəncamını elm adamları böyük ruh yüksəkliyi ilə qarşıladılar. Məsələ təkcə maddi tərəfdə deyil, eyni zamanda, məsələnin mənəvi tərəfi də var idi. Bütün cəmiyyət bir daha əmin oldu ki, Elmlər Akademiyası bu cəmiyyətə, müstəqil Azərbaycana lazımdır . Sonra ən fərəhləndirici bir hadisə baş verdi. Bu da Azərbaycan Elmlər Akademiyasının Naxçıvan bölməsinin açılması idi. Hesab edirəm ki, bu, təkcə Naxçıvanın yox, bütövlükdə, Azərbaycan Elmlər Akademiyasının həyatında böyük hadisədir. İlk növbədə, o məsələlər ki, bilavasitə Naxçıvanda öyrənilməlidir, arxeologiya, tarix sahələrində orada elmi potensial yaradılmalıdır. Orada 500-ə qədər adam işləyəcək, yüksək məvacib alacaqdı. Bundan başqa, bu, Naxçıvanda elmi potensialın qorunub saxlanılmasına kömək olacaqdı. Bütövlükdə, Elmlər Akademiyası üçün bunun əhəmiyyəti ondan ibarətdir ki, yenə də elmin xalqa lazımlığı bir daha təsdiq olundu.

Çox keçmədi ki, səriştəsiz şəkildə aparılan, reallığı, qüvvələr nisbətini nəzərə almayan və xalqın milli mənafelərinə ziyan vuraraq, nəticədə, yenicə müstəqillik əldə edən və ağır müharibə şəraitində olan Azərbaycanın beynəlxalq aləmdə təklənməsinə gətirib çıxaran yarıtmaz xarici siyasətdən imtina edildi. Böyük səylər nəticəsində qısa bir zamanda ölkədə hakimiyyət boşluğu aradan götürüldü, Azərbaycanın dövlətçiliyinə, ərazi bütövlüyünə qəsd edən separatçı qüvvələr, cinayətkar ünsürlər zərərsizləşdirildi, Gəncədəki gərginlik ocağı söndürüldü, ictimai-siyasi böhran aradan qaldırıldı, orduda təxirəsalınmaz tədbirlər həyata keçirildi, azad vətəndaş cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atıldı. Xalqın geniş təbəqələrinin arzularını ifadə edən və onların qətiyyətli dəstəyinə söykənən Heydər Əliyevin ardıcıl səyləri pozucu qüvvələrin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş fəaliyyətinin qarşını almağa imkan verdi. Respublikamız onun başı üzərini almış qanlı vətəndaş qarşıdurmasından və parçalanıb məhv olmaq təhlükəsindən xilas oldu. Həyatımızda baş verən köklü dəyişikliklərin əsası məhz o vaxt qoyuldu. 1

1997-ci ildə Şərqşünaslıq İnstitutunun direktoru əvəzi təyin olundum. Artıq ulu öndərin gərgin və yorulmaz fəaliyyəti, uğurlu daxili və xarici siyasəti nəticəsində Ermənistanla atəşkəsə nail olunmuş, ölkədə siyasi və iqtisadi sabitlik bərqərar edilmiş, dövlətimizin inkişafı üçün fövqəladə əhəmiyyətə malik “Əsrin müqaviləsi” imzalanmışdı. Ölkədə görkəmli tarixi şəxsiyyətlərin yubileylərinin, əlamətdar hadisələrin ildönümlərinin qeyd olunması ənənəsi bərpa olunmuşdu. Bu işlər şəxsən Heydər Əliyevin rəhbərliyi ilə, onun sərəncamı əsasında yaradılmış komissiyalar tərəfindən həyata keçirilirdi. Mən də öz sahəmə aid olan komissiyaların işində iştirak edir, bununla əlaqədar ölkə başçısının yanında keçirilən iclaslara qatılırdım. Həmin iclaslardan ikisi xüsusilə xatirimdədir: Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illiyinə və “Kitabi-Dədə Qorqud” eposunun 1300 illiyinə həsr olunmuş iclaslar. Bu iclasların birində mən xaricdəki elmi mərkəz və kitabxanalarda Azərbaycanla bağlı məlumat və ədəbiyyatın qıtlığına diqqəti çəkdim.

Heydər Əliyev qarşısındakı kağızda müvafiq qeyd edərək, bunun aradan qaldırılmasının zəruri olduğunu vurğuladı, sonra da təbəssümlə üzünü əyləşənlərə tutub: “Mənim qızımla bir oxuyub”, – dedi. Çıxışıma Heydər Əliyevin bu cür diqqət yetirməsi mənim üçün çox qiymətli oldu, məni yeni elmi axtarışlara, ictimai fəallığımı artırmağa ruhlandırdı. 2000-ci ildə mən, ilk dəfə, Milli Məclisin deputatı seçildim, 2001-ci ildə isə o böyük şəxsiyyətin tövsiyəsi ilə deputat həmkarlarım məni Milli Məclis sədrinin müavini seçdilər. Bu, mənə göstərilən böyük etimad idi. Bu statusum mənə ulu öndərimizlə müxtəlif tədbirlərdə tez-tez görüşmək, onun nəhəng şəxsiyyətinin çeşidli cəhətlərini daha dərindən anlamaq imkanı verdi. Onun daimi qayğısı sayəsində şərqşünas alimlərimiz böyük həvəslə çalışmağa başladılar. Vaxtilə institutumuzu tərk etməyə məcbur olmuş bir çox insanlar sevimli kollektivin sıralarına qayıtdılar, bütövlükdə, Elmlər Akademiyası dirçəliş və inkişaf mərhələsinə qədəm qoydu…

Burada bir məsələni qeyd etməyə bilmərəm. Heydər Əliyevin 33 illik fəaliyyətini müşahidə edəndə, həmişə bir şeyə qibtə etmişəm. Bu adam nə edibsə, günbəgün, ilbəil Azərbaycanın mənafeyi üçün edib. Onun bir amalı olub: Azərbaycanın inkişafı, tərəqqisi, Azərbaycan balalarının sabahı. Ona görə də, onun bütün xidmətləri Azərbaycan naminə olub. Son illərdəki fəaliyyətini xatırlayanda görüsən ki, bütün həyatını Azərbaycanın inkişafına sərf edir. Bəlkə bəzi adamlar müəyyən işlərin xalqımız üçün əhəmiyyətini tam dərk edə bilmirlər. İllər keçəndən sonra o adamlar da etiraf edirlər ki, doğrudan da, Heydər Əliyev Azərbaycanın tarixinə böyük qurucu kimi daxil olub. Bunu başa düşmək lazımdır. Mən bunu cəsarətlə demək istəyirəm, indi kim necə qiymətləndirirsəqiymətləndirsin, mən elmi işçiyəm, haqqa haqq deməyə öyrənmişəm – tarix boyu ən böyük azərbaycanlı Heydər Əliyev olub. İstənilən şəxsin Vətənə, xalqa xidməti onun gördüyü işlərlə, yaratdığı maddi sərvətlərlə, harada olursa-olsun, Vətəninin, xalqının mənafeyini hər şeydən uca tutması ilə ölçülür.

Ulu öndər Heydər Əliyevin həyat yolunu nəzərdən keçirərkən, bir daha əmin oluruq ki, onun çoxşaxəli yorulmaz və zəngin fəaliyyəti Azərbaycana, Azərbaycan xalqına fədakarcasına xidmətin bariz nümunəsidir. Bu, sovet dövründə də belə olub, müstəqillik əldə edəndən sonra da. Heydər Əliyevin həm ötən əsrin 70-80-ci illərində ölkəyə rəhbərlik edərkən, həm də son on ildə müstəqil dövlət qurarkən apardığı ümumi siyasət belə olmuşdur: Azərbaycanın ümummilli mənafelərini istənilən səviyyədə müdafiə etmək, bütün sahələrdə inkişafa nail olmaq, xalqın və ölkənin təhlükəsizliyini təmin etmək. Hesab edirəm ki, ulu öndər bütün hallarda öz istəyinə nail olmuşdur və ona görə də xalqının ümummilli liderinə çevrilmişdir.

Tam əminəm ki, Heydər Əliyev Azərbaycan tarixinə böyük qurucu kimi daxil olub. Bu gün mənə, eləcə də bütün xalqımıza təsəlli və ümid verən odur ki, Heydər Əliyevin qurduğu Azərbaycan dövlətinin sükanı arxasına onun siyasi kursunun ən layiqli davamçısı – Prezident İlham Əliyev keçdi və onun ideyalarını yaşadaraq, çiçəklənən Azərbaycanı daha uca zirvələrə aparmaqdadır.

Bu yolda ulu öndərimiz daim bizimlədir, çünki onun ömrü Vətənə fədakarcasına xidmətin bariz nümunəsi, dövlətimizin tarixinin parlaq səhifəsi, onu tanıyanların, onunla birgə çalışanların həyatının ayrılmaz parçasıdır.

23:30, 14 iyun, 13:45, 15 iyun

Gövhər BAXŞƏLİYEVA,

AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik

Etikxeber.az

Read Previous

“Bank faizləri aşağıya salınmalı, kreditlərin qaytarılma müddəti qaldırılmalı və şərtlər xeyli yumşaldılmalıdır”-JALƏ ƏLİYEVADAN ÖNƏMLİ TƏKLİFLƏR

Read Next

Dağıstanda çətin vəziyyətdə müvəqqəti saxlanc mərkəzində saxlanılan 19 vətəndaşımız Ombudsmanın müraciəti əsasında-VƏTƏNƏ GƏTİRİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir