Atası Birinci Qarabağ Savaşı Qazisi, özü evin-ailənin tək-subay oğlu, həm də İkinci Vətən Müharibəsi iştirakçısı olan və müharibədən 4 ay, 20 yaşının tamamından isə 4 gün sonra-ŞƏHİD OLAN GORANBOYLU, QARADAĞLILI ƏLİ VAQİF OĞLU İSMAYILOV… – FOTOLAR

Əli Vaqif oğlu İsmayılov…

Əslən Gədəbəyli, özü isə Goranboy doğumlu…

İkinci Vətən Müharibəsinin iştirakçısı…

İgid, Qəhrəman, Vətən, Azərbaycan sevdalısı…

Müharibədən, tarixi Zəfərimizdən 4 ay sonra Şəhidlik məqamına ucalan Vətən fədaimiz…

Nur üzlü Şəhidimiz…

Əli İsmayılov əslən Gədəbəy rayonunun Şınıx bölgəsindədir, valideynləri Şınıxlıdır…

1993-cü ildə ailə həyatı quran Vaqif və Arifə İsmayılovlar 1996-cı ildə Goranboy rayonunun Qaradağlı kəndinə köçüb, burada yurd salıblar…

Əli də Qaradağlıda, özü də Azərbaycan xalqının ən gözəl, ən əlamətdar günündə-Novruz bayramında, 2001-ci ilin mart ayının 21-də dünyaya gəlib…

Ailənin üç övladından biri, iki bacının tək qardaşı, evin sonbeşiyi olub…

Hər iki bacısı hazırda ailəli, övlad sahibidirlər…

Əlinin atası da müharibə-Birinci Qarabağ Savaşının iştirakçısı olub, 2-ci qrup müharibə, Qarabağ əlilidir…

Atası-Qazi Vaqif İsmayılov 1993-cü ildə, Birinci Vətən Müharibəsi zamanı Gədəbəy istiqamətində döyüşlər zamanı yaralanıb…

Əli 2007-2018-ci illərdə Goranboy rayon M. Səfərov adına Qaradağlı kənd tam orta məktəbində təhsil alıb…

Orta məktəbi qurtardıqdan sonra, 2018-ci ildə Bakı Biznes və Kooperasiya Kollecinə daxil olub…

Lakin 2019-cu ildə təhsilini dayandıraraq həqiqi hərbi xidmətə yollanıb…

Ağcabədi rayonu istiqamətində “N” saylı hərbi hissədə xidmət edib…

Əsgərliyinin başa çatmasına sayılı günlər qalmış isə İkinci Vətən Müharibəsinin başlaması ilə Azərbaycan Ordusunun Əsgəri kimi döyüşlərə atılıb…

Ağdam Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edib…

Müharibədən sonra Ali Baş Komandan tərəfindən “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub…

Eyni zamanda, müharibədən sonra Ağdam istiqamətində “N” saylı hərbi hissədə xidmətini davam etdirib…

Axırıncı dəfə isə ailəsi ilə 2021-ci ilin fevralın 26-sı-axşam saatlarında əlaqə saxlayıb…

Və 26-dan 27-nə keçən gecə isə Ağdamın Şelli kəndi istiqamətində bir neçə hərbi qulluqçumuzla birlikdə yaralanıb…

Bir aya yaxın Bakı şəhərində yerləşən Hərbi Hospitalda koma vəziyyətində qalıb…

Ancaq Onun həyatını xilas etmək mümkün olmayıb…

Və mart ayının 25-də Şəhidlik məqamına ucalıb…

Nəşi martın 25-də Qaradağlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

O, həm də subay olub…

Hazırda ailəsinin yaşadığı küçə Onun adı daşıyır…

Amma ailəsi övladlarının “Cəsur döyüşü” “Ağdamın azad olunmasına görə” medalları ilə də təltif olunmasını istəyir və həmin günü səbrsizliklə gözləyirlər…

***

Bu gün-4 iyul tarixində, günorta saatlarında Şəhidimizin Qaradağlıdakı ocağını, ailəsini-anası Arifə xanımı ziyarət etdim…

Şəhidimizin ailəsinə, övlad dərdindən saçları vaxtsız ağarmış anası Arifə xanıma Allahdan dözüm arzuladım…

“Şəhidimizin məkanı cənnətlik olsun!”-dedim…

Ruhu qarşısında baş əydiyimi bildirdim…

Şəhidimizin anası ilə söhbətləşdim, dərdləşdim…

Onunla birlikdə Şəhidimizin qısa, lakin şərəfli həyat və döyüş yoluna nəzər saldım…

Şəhimizin ocağında-muzeyində xatirə fotoları çəkdirdim…

Və bir daha Şəhidimizin ailəsinə-Arifə xanıma Böyük Yaradandan səbr dilədim və sağollaşıb, onlardan-Şəhid ocağından ayrıldım…

Məqamı Ucalardan-uca, dərgahı mübarək olsun!

Nur içində uyusun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Zərdabda yol tikintisinə 6,4 milyon manat ayrıldı-SƏRƏNCAM

Read Next

“Balamın nəşinin tapılması üçün qurban demişdim…”-AİLƏNİN ALTI ÖVLADINDAN BİRİ, DSX-NIN GİZİR OLAN GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ŞAHİN TAĞIYEVİN ANASI SƏADƏT TAĞIYEVA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir