“Atası rəhmətə gedəndə cəmi 16 yaşı var idi…Atasından sonra evin bütün yükü, çətinliyi onun çiyinlərinə düşmüşdü…”-LƏNKƏRANLI, ŞİLƏVARLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, SUBAY, DÖRD MEDALLI MİRMƏHƏMMƏDƏLİ RZAZADƏNİN ANASI GÜLBƏNİZ RZAZADƏ – FOTOLAR

Övladım olduğu üçün demirəm, Mirməhəmmədəli çox ailəcanlı, çox diqqətcil, çox mərhəmətli, çox vətənpərvər, çox imanlı bir oğul idi… Rəhmətlik atası kimi “Quran”ı çox gözəl bilirdi, oxuyurdu…Atası rəhmətə gedəndə cəmi 16 yaşı var idi…Atasından sonra evin bütün yükü, çətinliyi onun çiyinlərinə düşmüşdü…

Bu sözləri Lənkəran rayonunun Şiləvar kəndinin iki İkinci Vətən Müharibəsi Şəhidindən biri Mirməhəmmədəli Tərlan oğlu Rzazadənin anası Gülbəniz xanım dilə gətirdi…

Qeyd edim ki, 2 iyun 2024-cü il tarixində Bakı və Sumqayıt şəhərindən olan bir qrup Şəhid ailəsi ilə birlikdə Şiləvarlı İkinci Qarabağ Savaşı Şəhidi Mirməhəmmədəli Rzazadənin ailəsi, ocağı ziyarət olundu.

Təxminən bir saat çəkən ziyarət zamanı Şəhidin ailə üzvləri-2013-cü ildən, həyat yoldaşını çox vaxtsız itirəndən sonra üç övladına həm analıq, həm atalıq edən Gülbəniz xanıma Allahdan səbr və dözüm arzulandı, ona, yerdə qalan övladlarına təsəlli verildi, eyni zamanda, Mirməhəmmədəli ocağına hədiyyələr təqdim olundu.

Onu da qeyd edim ki, Mirməhəmmədəli Rzazadə 1997-ci ilin 13 iyul tarixində sadə bir ailədə dünyaya gəlib.

Ailənin üç övladından, iki qardaşdan biri olub.

Tək bacıları hazırda ailəli, bir qız anasıdır.

Mirməhəmmədəligil bir müddət Sumqayıt şəhərində yaşayıblar.

2003-2014-cü illərdə həm Sumqayıt şəhərində, həm də Lənkəranın ŞiləvarDigah kənd orta məktəblərində təhsil alıb.

Orta məktəbi bitirdikdən bir il sonra, 2015-ci ildə Vətənin keşiyinə, həqiqi hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun Əsgəri kimi 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

Əsgərlikdən sonra yenidən evinə dönüb, anasına, ailəsinə dəstək olmağa çalışıb.

İkinci Vətən Müharibəsi zamanı isə sentyabrın 28-də Vətənin müdafiəsinə atılıb, şərəfli döyüş yolu 18 gün çəkib.

Oktyabrın 15-də Cəbrayıl istiqamətində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.

Nəşi isə iki gün sonra-oktyabrın 17-də Şiləvar kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” “Vətən uğrunda” medallarına layiq görülüb.

Şiləvarda adın daşıyan küçə var.

23 yaşında Şəhidlik məqamına ucalan Mirməhəmmədəli həm də subay idi.

O, həm də Şiləvarın iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Şiləvarın digər İkinci Vətən Müharibəsi Şəhidi İmaməli Şəfəqqət oğlu Əhədzadə ilə möhkəm-can dostu olublar.

İkisi də eyni yaşda Şəhidlik məqamına ucalıb və eyni qəbiristanlıqda Əbədiyyətə uğurlanıblar.

Gülbəniz xanımın dediklərindən:

“Həyat yoldaşımdan sonra övladımı itirdim, Vətən yolunda Şəhid verdim…Mənə çox böyük, ikiqat zərbə oldu…Övlad dərdi, övlad itkisi də heç nə ilə müqayisə oluna bilməz…Çox ağır, çox dözülməz dərddir övlad dərdi…Övladımla Fəxr edirəm…Fəxr edirəm ki, Mirməhəmmədəli kimi İgid, Qəhrəman bir oğlulun anasıyam…”

Allah məkanını cənnətlik etsin, Nur üzlü Şəhidimizin!

Allah səbrini versin, həm cavan həyat yoldaşını itirən, həm də övladını Şəhid verən Gülbəniz xanımın!

Amin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin strateji əhəmiyyətli prioritetlərindəndir”-BAŞ NAZİR

Read Next

Nəşi 8 aydan sonra tapılan Gəncəli İkinci Vətən Müharibəsi Şəhidləri-ELVİN MUSTAFAYEVLƏ ORXAN YUSUBOVUN BU GÜN ANIM GÜNLƏRİDİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir