“Atılan hər bir addımın mərkəzində Azərbaycan vətəndaşının etibarlı sosial təminatı dayanır…”-ZİYAD SƏMƏDZADƏNİN YAZISI – (İKİNCİ HİSSƏ)

İqtisadi tərəqqiyə və hərbi qələbəyə aparan böyük siyasət

(Yazının davamı-İkinci hissə)

***

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin inkişaf və sabitlik yolunu müəyyən edib, gələcək tərəqqinin əsaslarını formalaşdırdıqdan sonra əbədiyyətə qovuşdu.

Ulu öndərin ən layiqli davamçısı, müasir tipli siyasi lider İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərində seçicilərin həlledici hissəsinin etimadını qazanaraq, Azərbaycan Respub­likasının Prezidenti seçildi.

Azərbaycanın yeni rəhbəri andiçmə mərasimində dedi:

“Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək, Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs verib­dir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Azərbaycana hörmət edirlər. Azərbaycanda demokratiya daha da inkişaf edəcəkdir, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm. Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

Azərbaycan dövlətinin başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyasının uğurla reallaş­ması ilə bağlı hələ Dövlət Neft Şirkətinin I vitse-prezidenti vəzifəsində çalışarkən dünyanın ən nüfuzlu şirkətləri ilə fəal və işgüzar danışıqlar aparır, meydana çıxan problemlərə yüksək peşəkarlıqla müdaxilə edir və milli mənafeləri gözləməklə onların həllinə nail olurdu. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində Heydər Əliyev adına Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev demişdir:

“Bakı–Tbilisi–Ceyhan bizim müstəqilliyimizi möhkəmləndirəcək, enerji müstəqilliyimizi təmin edəcəkdir. Belə olan halda, biz müstəqil siyasət apararaq xalqlarımızın rifah halını yaxşı­laşdıracağıq, milli maraqlarımızı daha da inamla müdafiə edəcəyik. Bir sözlə, bu, strateji əhəmiyyət daşıyan, ölkələrimizin müqəddəratını təmin edən, xoşbəxt gələcəyini təmin edən layihədir”.

2007-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri tam gücü ilə işləməyə başladı. 2007-ci ildə Azərbaycan ilk dəfə qaz ixracatçısı oldu. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışından sonra Azərbaycan qazı Gürcüstan və Türkiyə bazarlarına ixrac olunmağa başladı və bu, eyni zaman­da, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi” layihəsi üçün bünövrə yaratdı.

2014-cü ildə Səngəçalda Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2015-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradıl­ması təşəbbüsü ilə çıxış etdi. 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında yeni saziş imzalandı.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin səhərisi günü, may ayının 29-da Səngəçal Terminalında Azərbaycan dövləti və xalqının tarxində daha bir mühüm hadisə baş verdi. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktyorlardan birinə çevrilən ölkəmizdə böyük önəmə malik olan Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu.

Dünyanın nüfuzlu dövlətlərinin, aparıcı beynəlxalq mərkəzlərinin, iri neft şirkətlərinin, OPEK-in rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan prezidenti bu layihənin əhəmiyyəti və dünyaya verəcəyi töhfələri diqqətə çatdıraraq, bəyan etdi ki, “belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik”.

2018-ci iliyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP – Trans- Anadolu qaz kəməri istifadəyə verildi. Dövlət başçısı çıxışında, “TANAP-ın istismara verilməsi Türkiyə–Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə–Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdu”, – deyərək bir daha dünyanın diqqətini Azərbaycanın önəminə çəkdi.

Bu hadisəni Azərbaycan xalqının tarixi nailiyyətlərindən biri kimi qiymətləndirdi. Azərbaycan dövlətinin əldə etdiyi uğurlar əhəmiyyətli dərəcədə ölkənin düşünül­müş iqtisadi siyasəti, onun tərkib hissəsi hesab edilən investisiya siyasətidir. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 260 milyard dollardan çox vəsait qoyulmuş­dur. Müsbət nəticələrdən biri odur ki, ölkə iqtisadiyyatına investisiya qoyan ölkələrin coğrafiyası genişlənir, investisiyaların digər sahələrə, xüsusilə də qeyri-neft sektoruna yönəldilməsi meyli güclənir, daxili investisi­yaların həcmi artır.

Azərbaycanda ildən-ilə təkmilləşən və dinamik inkişafa xidmət edən sənayeləşmə siyasəti həyata keçirilir, texnoparklar, sənaye məhəllələri yaradılır. Real sek­torun inkişafı, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycan bu gün dünyada özünün iqti­sadi enerji, ərzaq, maliyyə təhlükəsizliyini təmin edən bir ölkə kimi tanınır. Qarşıdakı dövrdə qeyri-neft sektorunun inkişafı, emal sənayesinin quruluşunun təkmilləşməsi, səmərəlilik göstəricilərinin yaxşılaşması iqtisadi inkişaf strategiyasının prioritet istiqamətləri kimi daha böyük uğurlarla müşayiət olunacaqdır.

İqtisadiyyatın inkişaf strategiyasının mühüm istiqamətlərindən biri regionların inkişafında mövcud uyğunsuzluqların əhəmiyyətli dərəcədə yumşaldılması, maddi əmək resurslarından səmərəli istifadə edilməsidir. 11 fevral 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” təsdiq edilməsi haq-qında sərəncam imzaladı. Bu barədə dövlət başçısı demişdi:

“Bu, demək olar ki, ümumiyyətlə, bizim iqtisa­di baxımdan görülən işlərimizin yeni bir istiqamətidir. Düzdür, həmişə bu sahəyə diqqət göstərilirdi, amma belə kompleks, sistem şəklində, düşünülmüş bir proqram çərçivəsində, demək olar, bu istiqamətin əsas parametrləri bu il müəyyən olunubdur. Deyə bilərəm ki, bizim bu sahədə gördüyü­müz işlər də təqdirəlayiqdir”.

Son 17 ildə regional inkişaf proqramları çərçivəsində Bakı ilə yanaşı, Naxçıvan, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba, Xaçmaz, Abşeron, Dağlıq Şirvan, Aran iqtisadi rayonlarında dünya standart­larına cavab verən ofislər, binalar, istehsal sahələri tikilmiş, nəqliyyat, energetika, qaz təchizatı sistemində müsbət dəyişikliklər edilmiş, beynəlxalq tələblərə cavab verən rabitə stansiyaları, qovşaqları açılmış, o cümlədən ucqar kəndlərdə əhaliyə xidmətin yaxşılaşdırılması ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilmişdir.

Respublika­mızın bölgələrində beynəlxalq standartlara cavab verən yollar salınır, körpülər, aero­portlar tikilir, müasir diaqnostika mərkəzləri, istirahət ocaqları istifadəyə verilir. Hesabla­malara görə, regionların sosial-iqtisadi in­kişafına dair dördüncü Dövlət Proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur ki, bunun da 4,6 milyard manatı özəl sektorun payına düşür.

2017-ci il oktyabr ayının 30-da Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstan Respublikasının Baş naziri Bakıtyan Saqintayevin, Gür­cüstanın Baş naziri Giorgi Kvirikaşvilinin, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovun, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətlərinin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirildi. Dünyanın 100 layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmiryol xəttinin istifadəyə verilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, iqtisadi-siyasi müstəqilliyimizin möhkəmlənməsinə xidmət edən ən mühüm amillərdən biridir.

2018-ci ilin avqustunda beş Xəzəryanı dövlətin inkişafı, onlar arasında fayda­lı əməkdaşlığın genişləndirilməsi üçün imkanlar yaradan Xəzərin statusu qəbul edildi. Bu gün Azərbaycan dünyanın nəqliyyat mərkəzlərindən biri kimi tanı­nır. Bu, sözün əsl mənasında, ölkəmizin böyük inkişaf imkanlarına malik olduğunu göstərir. Bakı–Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsi ilə yanaşı Şimal- Cənub Dəhlizinin, Bakı–Dəniz Limanının fəaliyyətə başlaması, Ələt İqtisadi Zo­nasının yaradılması ölkəmizin iqtisadi qüdrətinin güclənməsini, beynəlxalq aləmdə nüfuzunun artmasını sübut edən tarixi hadisələrdir.

Son 17 ildə respublikada 16 min kilometrdən çox yollar salınmış, yol infrast­rukturunda ciddi addımlar atılmışdır. Yeri gəlmişkən, onu da qeyd edək ki, dünyanın ən nüfuzlu reytinq agentlikləri respub­likamızda yol infrastrukturunu yüksək qiymətləndirirlər. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə ən son texnoloji yeniliklər tətbiq edilir, internetə simli, simsiz, mobil texnolo­giyalarla çıxış imkanları yaradılır.

Evlərdə, iş yerlərində istifadə edilən kompüterlərin sayı artır. İlk telekommunikasiya peyki “Azerspace-1”, yer səthinin müşahidə peyki “Azersky” və nəhayət, 2018-ci ildə üçüncü peykimiz orbitə çıxarılıb və bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşulub. İKT üzrə yüksəkixtisaslı kadr hazırlığı da genişləndirilib, həmçinin “elektron hökumət” üzrə xidmətlərin sayı və keyfiyyəti artırılır. Qarşıdakı dövrdə bu sahədə görülən işlər daha da genişlənəcək ölkəmizin rəqabətə davamlılığının təmin edilməsi üçün vacib amil rolunu oynaya­caqdır.

Prezident İlham Əliyev fəaliyyətinin ilk günlərindən başlayaraq ölkədə yox­sulluğun minimuma endirilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin su, qaz, elektrik enerjisi ilə bağlı bir neçə vacib sərəncamlar imzaladığı 2009-cu ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Konstitusiyasında ciddi dəyişikliklər edildi. Azərbaycanda sosial yönümlü bazar iqtisadiyyatının qurul­ması dövlətin əsas məqsədlərindən biri kimi müəyyənləşdirildi. Bu, ilk növbədə o deməkdir ki, dövlət sərt bazar iqtisadiyya­tının tələblərini, qanunları, sosial şəraiti nəzərə almalıdır.

Bu fundamental prinsip əsas tutularaq ölkədə irimiqyaslı quruculuq işləri aparılır, bu həm də o deməkdir ki, biz daim əhalinin həyat səviyyəsi, pul gəlirlərinin dinamikası, strukturu, pul xərclərinin strukturu, baş verən meyillər, iqtisadi inkişaf, müdafiə olunan xərclərin dinamikası, əhaliyə pullu və pulsuz xidmətlərin arasında optimal nisbətin təmin edilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlamalıyıq.

Ötən illər ərzində yoxsulluğun azal­dılması istiqamətində, birmənalı şəkildə qeyd etmək istərdim ki, fundamental işlər görüldü, bu da yoxsulluğun dəfələrlə aşağı salınmasını şərtləndirdi. 2019-cu ildə yoxsulluğun səviyyəsi 5,1 faiz olmuşdur. Dövlət başçısı İlham Əliyevin cəmiyyətimiz üçün müstəsna əhəmiyyət kəsb edən aşa­ğıdakı fikirlərini qeyd etmək istərdim:

“Bizim büdcəmiz və siyasətimiz sosialyönümlüdür. Azərbaycanda həm bazar iqtisadiyyatı prinsipinə sadiqlik özünü göstərir, eyni za­manda, sosial məsələlərin həllinə də böyük diqqət yetirilir. Əhalinin sosial müdafiəsi məsələləri ön planda olmalıdır. Müxtəlif sosial proqramların həyata keçirilməsi, müxtəlif təşəbbüslərin başlanması bu məqsədi daşıyır.”

Görülmüş tədbirlər nəticəsində Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə MDB ölkələri ilə müqayisədə alıcılıq qabiliyyəti indeksi üzrə ikinci yerə qalxdı.

2019-cu ildə minimum əməkhaqqı məbləğinin 250 manata çatdırılması isə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq tarif ma­aşları üzrə orta əməkhaqqının artmasını da şərtləndirdi.

2018-ci ildə ölkə üzrə 400 min şəxs 180 manatdan az əməkhaqqı alırdı, onların 67 faizi, yəni 270 mini dövlət sekto­runda çalışırdı.

Prezidentin sərəncamından sonra isə minimum aylıq əməkhaqqı yaşayış minimumuna bərabərləşdi və orta əməkhaqqının 33 faizini təşkil etdi. Mini­mum əməkhaqqı 250 manata çatdırıldı.

Prezidentin imzaladığı və 2 milyon insanı əhatə edən bu sərəncamlar həm də onu göstərir ki, islahatlar kompleks xarakter da­şıyır və atılan hər bir addımın mərkəzində Azərbaycan vətəndaşının etibarlı sosial təminatı dayanır…

(DAVAMI VAR)

Ziyad SƏMƏDZADƏ,

AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı

Etikxeber.az

Read Previous

“Ermənilər işğaldan azad olunmuş ərazilərdə atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törədib”-MN

Read Next

“Bizim olanı geri qaytardıq! Hədəfimiz yalnız və yalnız İrəliyədir!”-ELDƏNİZ SƏLİMOV 44 GÜNLÜK TARİXİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİNDƏN, 10 DEKABR “ZƏFƏR PARAD”INDAN, GƏLƏCƏK HƏDƏFLƏRDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir