Audit Komitəsinin üzvləri də 4 il deyil, 3 il müddətinə təyin olunacaq – DƏYİŞİKLİK

Mülki Məcəlləyə və banklarla bağlı qanuna eyni mahiyyətli dəyişiklik edilir

Bu gün Milli Məclisin (MM) 2018-ci il payız sessiyası çərçivəsində növbəti iclası keçirilir.

Etikxeber.az-ın xəbərinə görə, iclasın gündəliyində 17 məsələ var.

İclasda Mülki Məcəlləyə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsi barədə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

O, qeyd edib ki, Məcəlləyə dəyişiklik “Banklar haqqında” qanuna nəzərdə tutan dəyişiklikləri özündə ehtiva edir.

Yəni, dəyişikliklərə əsasən Azərbaycanda bankların Müşahidə Şurası (MŞ) üzvlərinin səlahiyyət müddəti 3 ilə aşağı salınıb.

Dəyişiklikdə göstərilir ki, MŞ üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və yaxud kənar şəxslərdən 3 ildən çox olmayan müddətə təyin ediləcək.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən bu müddət 4 ildir.

bank-1

Qeyd edək ki, Bankın MŞ Şurası 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı MŞ üzvləri sırasından sədr təyin edir. MŞ üzvlərinin muzdu Bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bilər.

Digər dəyişikliklə isə, bankların İdarə Heyəti (İH) üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən 3 ildən çox olmayan müddətə təyin edilirlər. Hazırda hazırda qüvvədə olan qanuna əsasən bu müddət 4 ildir.

Qeyd edək ki, İH 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Onlar növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı İH üzvlərindən birini sədr təyin edir. İH sədrinin səlahiyyətləri İH-nin əsasnaməsində müəyyən edilir.

Digər dəyişiklikdə isə banklarda MŞ-nın səlahiyyətləri artırılır.

Dəyişikliyə görə, Audit Komitəsinin üzvləri Səhmdarların Ümumi Yığıncağı tərəfindən deyil, MŞ tərəfindən təyin olunacaq.

Qanunun 25.15.1 maddəsinə edilən əlavəyə əsasən MŞ həmçinin Bankın Audit Komitəsinin üzvlərini təyin etmək və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək də imkanı əldə edəcək.

Həmçinin digər dəyişikliyə əsasən Audit Komitəsinin üzvləri də 4 il deyil, 3 il müddətinə təyin olunacaq.

Onu da qeyd edək ki, Bankın Audit Komitəsi üç nəfərdən az olmamaqla tək sayda üzvlərdən ibarətdir.

Komitənin üzvləri növbəti müddətə yenidən seçilə bilər.

Qanun layihəsi müzakirələr açılmadan ikinci oxunuşda qəbul edilib.

Həmçinin, “Banklar haqqında” qanuna eyni mahiyyətli dəyişiklikləri nəzərdə tutan qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Prezidentdən Astara, Lerik və Lənkəranla bağlı SƏRƏNCAM(LAR)

Read Next

4800 şəhid ailəsinə niyə “yox” cavabı verilib? – DEPUTATLARDAN SƏRT TƏPKİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir