“Hagibis” fəsadlar törədir – ARTIQ ÖLƏNLƏR VAR – YENİLƏNİB

Çox güclü “Hagibis” tufanının yaxınlaşması ilə əlaqədar Yaponiya aviaşirkətləri 1600-dən çox daxili reysi təxirə salıb.

Etikxeber.az-ın xəbərinə görə, aviaşirkətlər əsasən “Narita” və “Haneda” aeroportlarından olan və bütün ölkə ərazisinə uçan reysləri müvəqqəti dayandırdıqlarını elan ediblər.

Həmin aeroportlardan “All Nippon Airways” 558, “Japan Airlines” 540, “Skymark Airlines” 111, “Jetstar” 102, “Fuji Dream Airlines” 62, “AIRDO” 60, “Peach Aviation” 58, “Star Flyer” 57, “Solaseed Air” 48, “Japan Transocean Air” 17, “Spring Airlines Japan” 10, “AirAsia Japan” 8 və “Japan Air Commuter” isə 6 reysi təxirə saldığını elan edib.

Bundan əlavə, təxirə salmalar “All Nippon Airways” şirkətinin 131, “Japan Airlines” şirkətinin 92 beynəlxalq reysinə də tətbiq edilib.

Sənaye naziri İsşu Suqavara təşkil etdiyi mətbuat konfransında əhalini ehtiyatlı olmağa, ehtiyac yaranmayacağı təqdirdə evdən çıxmamağa çağırıb. Eyni zamanda, xəstəxanaların və su təchizatı idarələrinin rəhbərlərindən ehtiyat generatorları hazır vəziyyətdə saxlamaq tələb olunub.

Tufan bir çox marketlər şəbəkəsinin işinin dayanmasına da səbəb olub. Belə ki, “İto Yokado” marketlər şəbəkəsi Tokioda və digər prefekturalarda yerləşən 124 mağazasının oktyabrın 12-də işləməyəcəyini bəyan edib. Tanınmış “Aeon” və “Seiyu” kimi böyük marketlər şəbəkələri də qapılarını alıcıların üzünə bağlayıblar. Yerli əhalinin əsasən çörək və un məhsullarını, batareyaları, qablaşdırılmış suyu alması nəticəsində marketlərdə satış səviyyəsinin adi günlərlə müqayisədə dörd dəfədən çox artdığı bildirilir.

“Tokyo Disneyland” və “DisneySea” kimi əyləncə mərkəzləri də öz tarixlərində ilk dəfə həmin gün işləməyəcəklərini bildiriblər.

Buna səbəb kimi nəqliyyatın hərəkətində yaranan kollapslar göstərilib…

***

Tufanın Yaponiyanın şərq sahillərinə çatması bir sıra fəsadlar törədib, ölənlər var.

Tufanın artıq çatdığı Çiba prefekturasının İçihara şəhərində güclü küləyin aşırdığı kiçik yük maşınının sürücüsü huşsuz vəziyyətdə tapılıb. Sonradan həkimlər onun öldüyünü təsdiq ediblər.

NHK telekanalının tufanın çatdığı ərazilərdən yaydığı video görüntülərdə su basmış küçələr, damları qopmuş binalar, çevrilmiş avtomobillər aydın görünür. Yerli hakimiyyət orqanları Tokio, Şizuoka, Yamanaşı, Kanaqava, Mia, Çiba və Qunma prefekturalarında 1 milyon 800 minədək insanın təxliyəsi barədə xəbərdarlıq yayıblar.

Tufan bir sıra ərazilərdə elektrik enerjisinin verilində fasilələr yaradıb. Paytaxt Tokionun Maçida şəhərində 10 minədək, Kanaqava prefekturasında 23 min, Çiba prefekturasında isə 27 min evin elektrik enerjisiz qaldığı bildirilir.

Tufan nəqliyyatın hərəkətində ciddi fəsadlar yaradıb, artıq iki minədək aviareysin təxirə salındığı bildirilir. Bir sıra dəmir yolu operatorları qatarların, o cümlədən “Şinkansen” sürətli ekspreslərinin hərəkətini dayandırıb.

Tufanın keçdiyi ərazilərdə sürətli avtomobil yollarının bağlandığı da bildirilir.

Etikxeber.az

Read Previous

“Terrordan əziyyət çəkən bir dövlət və toplum olaraq, daim Türkiyənin yanındayıq” – DEPUTAT – RƏYLƏR

Read Next

“Fələstin” küçəsi bundan sonra – “MACARISTAN” ADLANACAQ – ANKARADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir